İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayramovun bəyanatı, Paşinyanın kadr dəyişiklikləri anonsu - konstitusiya islahatına hazırlıq, yoxsa...

 

Deputat: “Yaxın zamanlarda bir çərçivə sənədini razılaşdıraraq təsdiq etmək mümkündür”

Türkiyədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında mühüm açıqlamalar verib. O deyib ki, Azərbaycan regionda davamlı sülhün təmin edilməsi üçün tarixi şansın olduğunu hesab edir.

O diqqətə çatdırıb ki, məhz bu səbəbdən Azərbaycan tərəfi Ermənistana sülh sazişinin layihəsini, 5 baza prinsipini təqdim edib: “Baxmayaraq ki, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur, saziş layihəsinin əhəmiyyətli hissəsi razılaşdırılıb, amma hələ də Ermənistan Konstitusiyasında və bir sıra digər normativ hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları mövcudluğunu saxlayır. Eyni zamanda bu da sirr deyil ki, Ermənistanın Türkiyə Cümhuriyyətinə qarşı da ərazi iddiaları mövcuddur. Hazırda sülh sazişinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistan konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır”.

Bundan bir gün əvvəl isə Paşinyan konstitusiya dəyişikliklərinin qaçılmaz olması barədə açıqlama vermişdi. Bu zaman onu bəzi erməni siyasətçilər topa tutmuşdu. Sirr deyil ki, Ermənistanda bir çox dairələr sülhün baş tutmasında və bu kontekstdə konstitusiyadakı mürtəce maddələrin ləğvində maraqlı deyil və buna əngəllər törədir.

O da maraqlıdır ki, məlum bəyanatından bir gün sonra Paşinyanın yaxın vaxtlarda hökumətdə kadr dəyişikliklərinə başlayacağı barədə məlumatlar açıqlanıb.

Erməni mediası yazır ki, yeni strategiyaya görə N. Paşinyan nazirlərin bəzilərini istefaya göndərmək qərarında qətiyyətlidir.

Artıq belə düşünmək olarmı ki, Paşinyan konstitusiya dəyişikliklərinə ön hazırlıq görür?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Ermənistan indi bütün dünyaya haray salıb ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir, lakin Azərbaycan bunu əngəlləyir”, - deyə qeyd etdi: “Qərbin aparıcı dövlətləri də ermənilərin bu  "harayına" cavab olaraq Azərbaycanın üzərinə gəlirlər. Bəs 30 il Azərbaycan sülh istəyəndə nədən Qərb belə aktivlik nümayiş etdirmirdi? Biz dəfələrlə yazmışıq və dəfələrlə efirlərdən səsləndirmişik - Ermənistan Konstitusiyasına əlavə etdiyi müstəqillik bəyannaməsindən Azərbaycan və Türkiyə torpaqlarına qarşı iddiaları və yalançı erməni soyqırımı müddəasını çıxarmayınca, onunla sülh müqaviləsi bağlamaq olmaz! Ermənistan Konstitusiyasından bu mürtəce maddələri çıxarmayana qədər onunla sülh müqaviləsi bağlamaq olduqca riskli və təhlükəlidir. Erməni xislətini bilə-bilə Ermənistan hökumətinin indiki vədlərinə inanmaq qədər sadəlövhlük, ermənilərin başımıza gətirdikləri bunca müsibətlərdən sonra böyük yanlış olardı. Ermənistan nə vaxt konstitusiyasından barəsində danışdığımız mürtəce müddəaları çıxararsa, o zaman onunla sülh müqaviləsi bağlana bilər. Bunun alternativi yoxdur".

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov

VI Çağırış Milli Məclisin deputatı Azər Badamov bu səfərlə bağlı bir çox vacib məqamlara diqqət çəkdi: “Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü zamanı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi müzakirə olunub. Sülh müqaviləsini imzalamaq üçün Azərbaycanın konstitusiya ilə bağlı tələbini Ermənistan mütləq şəkildə icra etməlidir və onun alternativi yoxdur. Paşinyan konstitusiya dəyişikliyinin edilməsinin vacibliyini müxtəlif şəkillərdə öz ictimaiyyətinə çatdırıb. Bir neçə ay əvvəl Paşinyan demişdi ki, Ermənistanla bağlı köhnə ideyalar bir keçmiş kimi arxivə qoyulmalıdır. Hətta  Ermənistanın qırmızı libasda hərəkətə davam etməsinin mümkün olmadığını da bildirmişdi. İndi isə Paşinyanın hökumətində dəyişikliklərin ediləcəyi ilə bağlı məlumatlar səslənir. Təbii ki, Ermənistanda konstitusiyanın dəyişdirilməsinin yaxın zamanda baş tutacağına inanmıram. Çünki Paşinyan konstitusiya ilə bağlı məsələni gündəmə gətirəndə radikal müxalifət bu məsələdən öz məqsədləri üçün istifadə edir və çevriliş etmək üçün xalqı ayağa qaldırmağa çalışır. Ermənistanın radikal müxalifəti bir müddət əvvəl hakimiyyətdə çevriliş etmək üçün sərhədlərin delimitasiyası məsələsini bəhanə gətirirdisə, indi də konstitusiyanın dəyişdirilməsinin yolverilməzliyini bəhanə gətirirlər. Onlar xalqı Paşinyana qarşı qaldırmaq üçün fürsət və bəhanə axtarışındadırlar. Biz 2027-ci ildə Ermənistanda seçkilərin keçiriləcəyini nəzərə alsaq deyə bilərik ki, Paşinyanın konstitusiya dəyişiklikləri ilə bağlı prosesə başlayacağı çətin görünür. Çünki Baqratın başçılıq etdiyi etiraz aksiyaları bu yaxınlarda səngiyib və Paşinyan üçün yenidən hökumətdə etirazların baş qaldırması maraqlı deyil. Amma konstitusiya dəyişikliklərinin edilməsi də çox vacib məsələdir.   Azərbaycanla Ermənistan arasında yaxın zamanlarda bir çərçivə sənədini razılaşdıraraq təsdiq etmək mümkündür. Bu çərçivə sənədində Ermənistanın konstitusiyasında dəyişikliklərin edilməsi və kommunikasiyaların açılması ilə bağlı məsələləri sonraya saxlamaqla Ermənistanın bununla bağlı öhdəlik götürəcəyi bir bəndin salınacağı gözləniləndir. Yekun sülh sənəd imzalananda isə Ermənistan mütləq şəkildə konstitusiyasını dəyişməli, qonşu ölkələrə qarşı olan ərazi iddialarından rəsmi şəkildə əl çəkdiyini və qonşuluq münasibətlərində sülh içərisində yaşamağa hazır olduqlarını bəyan etməlidir. Bu təkcə Azərbaycanın deyil, həm də Türkiyənin və Gürcüstanın da tələbidir. Bu tələb beynəlxalq hüquqa əsaslanıb. Çünki suveren ölkələr bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalı və  tərəflər gələcəkdə sülhün pozulmasına imkan verəcək meyllərdən və çağırışlardan rəsmi şəkildə imtina etməlidir”.

Diaspora.tv - Diaspor məsələsində hər şey geridə qalmalıdır - Natiq Miri

 Natiq Miri

Politoloq Natiq Miri Ceyhun Bayramovun Türkiyə səfərini son hadisələrlə əlaqələndirir: “Gözlənilmədən Ukraynanın Rusiyanın Kursk vilayətinə hərbi müdaxiləsi baş verdi və yeni situasiya yarandı. Bu da müharibədə yeni mərhələnin başlanğıcı deməkdir. Putini təcili Bakıya gətirən əsas səbəblərdən biri də məhz bu yeni vəziyyətlə əlaqədardır. Çünki Kursk vilayətindəki bəzi ərazilərin Kiyevin nəzarətinə keçməsi bir neçə Avropa ölkəsinin Rusiya qazı ilə təminatında problem yaratdı. Bunun da arxasında ABŞ dayanır. Bununla Vaşinqton Moskvaya mesaj verdi ki, artıq Rusiyanın istənilən bölgəsinə hərbi müdaxilə imkanı elan olunur. Moskva verilən bu mesajı anlamazsa, Rusiyanın dərinliklərindəki bütün hərbi strateji obyektlərin vurulması məsələsi də gündəmə gələ bilər. Bununla gələn ilin başlanğıcından Rusiyanın öz qazını sata bilməsi imkanı məhdudlaşır. Deməli, Rusiya ilə yeni bir bazarlıq predmetinə gedilir. Belə vəziyyətdə Azərbaycan və Türkiyə kimi qaz mərkəzinə çevrilən ölkələrin geosiyasi əhəmiyyəti artır. Bu isə ABŞ və bəzi Avropa ölkələrini qıcıqlandırır. Ona görə Kursk əməliyyatına dolayısı ilə həm də Azərbaycan və Türkiyəyə təzyiq elementi kimi baxılır. Vaşinqton sürətli qaydada, ABŞ, Avropa Birliyi və Ermənistanın şərtləri əsasında Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını istəyir. Bu isə mümkün olmadığından Bakıya təzyiq edilir. Təzyiq mexanizmlərini neytrallaşdırmaq üçün Türkiyə ilə məsləhətləşmə, birgə davranış və siyasətə ehtiyac var. Həm Rusiya, həm də Azərbaycanla Türkiyə üçün qeyri-müəyyənlik yaradılır. Bu istiqamətdə Azərbaycan, Türkiyə və Rusiyanın müəyyən maraqları uzlaşmaqdadır”.

Yücel Karauz: Cənubi Qafqazda yeni təhdidlər, risklər yaranıb

Yücel Karaüz 

Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karaüz isə “Sherg.az”a açıqlamasında deyib ki, Türkiyə ilə Azərbaycan arasında hər məsələdə olduğu kimi, Cənubi Qafqaza sülh və sabitliyin, əmin-amanlığın gəlməsi, Türk dünyası ailəsində həyata keçirilən siyasətin kordinasiyalı olması üçün davamlı əlaqələr mövcuddur. Generalın sözlərinə görə, iki qardaş ölkə arasında hər mövzuda ortaq müzakirələrin aparılması artıq ənənə halını alıb: “Ötən müddət ərzində ya Azərbaycanın xarici işlər naziri, yaxud Türkiyənin XİN rəhbəri qarşılıqlı ziyarət ediblər. Həmçinin həftədə ən azı bir dəfə əlaqə saxlayır, görüşür və atılacaq birgə addımları koordinasiya edirlər. Rusiya dövlət başçısı Vladimir Putinin Bakıya gəlişi, o cümlədən Prezident İlham Əliyevin Özbəkistana səfəri, Azərbaycanın BRİKS-ə üzv olma məsələsi, Qərbdən Bakıya təzyiqlərin artması və s. prosesləri nəzərə alsaq, müzakirə predmeti olacaq və ortaq qərarlar alınacaq mühüm məsələlərin olduğunu görərik. Belə məqamlarda ortaq siyasətin həyata keçirilməsi istiqamətində məsləhətləşmələr çox önəmlidir. Dolayısı ilə Bakı və Ankaranın Şuşa Bəyannaməsi çərçivəsində atdığı addımlar dosta güvən, düşmənə qorxu verməkdədir. Aramıza nifaq salmağa çalışanlara da çox gözəl bir dərsdir. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədi, əzəli və sarsılmazdır. Heç bir kənar güc və qüvvə bu qardaşlığı test etməyə cəhd göstərməsin”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR