İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden pandemiyanı bitmiş “elan etdi”, ÜST qərarı nə vaxt açıqlayacaq?

Mütəxəssislər hesab edir ki, pandemiyanın bitməsi o demək deyil ki, artıq koronavirusa yoluxmalar yoxdur

Ötən həftə Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Qebreyesus COVİD pandemiyasının bitməsinə az qalması haqda açıqlama vermişdi. Onun sözlərindən aydın olmuşdu ki, yaxın vaxtlarda buna dair rəsmi qərar ola bilər.

Deyəsən, o günə az qalıb. Belə ki, ABŞ grezidenti Co Bayden COVİD-19 pandemiyası səbəbi ilə pozulmuş ənənəni bərpa edib. Yəni o, dekabrın 1-də ölkəsinə rəsmi səfərə gələcək fransalı həmkarı Emmanuel Makronu Ağ Evdə qəbul edəcək.

COVİD səbəbindən 2 ildən çoxdur ki, prezidentin ənənəvi olaraq Ağ Evdə keçirdiyi bir çox şəxsi tədbirləri ləğv olunmuşdu.

Əgər ABŞ COVİD-lə bağlı qadağaları artıq aradan qaldırırsa, deməli, bəşəriyyət üçün bu problem geridə qalmış hesab oluna bilər. Bəs rəsmi qərar niyə gecikir? İlin sonunadək ola bilərmi?

Mövzu ilə bağlı ÜST-in Bakı ofisindən “Yeni Müsavat”a bildirildi ki, yaxın günlərdə məsələ ilə bağlı açıqlama veriləcək. Bununla belə, yaxın günlərdə səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında Azərbaycanda pandemiya ilə bağlı vəziyyəti  açıqlayıb. O deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi artıq pandemiyanın sonuna yaxınlaşması ilə bağlı iş görüldüyünü bildirib: “Azərbaycanda koronavirusdan ölüm halları minimal səviyyədədir. Yoluxanlar hələ də var. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm. Azərbaycanda yetərincə vaksin var. Bu günə qədər peyvənd vurdurmayan şəxsləri vaksinasiyadan keçməyə çağırıram”.

Bununla belə, mütəxəssislər hesab edir ki, pandemiyanın bitməsi o demək deyil ki, artıq koronavirusa yoluxmalar yoxdur. Yoluxmalar var, bəlkə də əvvəlkindən daha çoxdur. Sadəcə olaraq, xəstəliyin şiddəti azalmış, insanlar yoluxduqda simptomlar ortaya çıxmır və ya yüngül keçirirlər.

Bu arada, daha ölümcül koronavirus növünün tapıldığı da deyilir. Belə ki, insanlara ötürülə bilən ölümcül heyvan mənşəli virus növbəti pandemiyaya səbəb ola bilər. Bu barədə “ScienceAlert” jurnalındakı araşdırmada məlumat verilib. Məlumata görə, Khosta-2 adlı yeni virus Rusiyanın Soçi Milli Parkında yaşayan nal burunlu yarasalarda aşkar edilib. Bu yarasa növünün Avropa və Şimali Afrikada da mövcud olduğu bildirilib. Araşdırmalar nəticəsində Khosta-2 virusunda bəzi narahatlıq doğuran cəhətlər aşkar edilib. SARS-CoV-2 kimi, Khosta-2 də tənəffüs yolları virusu olmaqla yoluxma şəkli eynidir. Bu virus tənəffüs yollarından keçərək insan hüceyrələrini yoluxdura bilən zülallarla örtülüb. COVİD-19 peyvəndi bu virusa təsir göstərə bilmir. Başqa sözlə, bu yeni virusun mövcud dərmanlarla müalicəsi mümkün deyil. Tədqiqat müəllifləri bildiriblər ki, buna görə də təcili olaraq yeni və daha təsirli sarbekovirus peyvəndləri hazırlanmalıdır.

Azərbaycanda isə məktəblər açılandan sonra virus xəstəlikləri çoxalıb. Valideynlər dərslərin başladığı ilk günlərdən övladlarının virusa yoluxmasından şikayətlənirlər. Qeyd olunur ki, virus tez bir şəkildə yayılır, böyüklərdə daha ağır şəkildə müşahidə olunur. Xəstəlik bəzən həftələrlə davam edir. Bəs görəsən, bu cür virus infeksiyaları ilə bağlı nə kimi müalicə üsulu seçilməlidir?

Mərdan Əliyev: “Ölkəmizdə də artıq vaksin istehsalına başlanılmalıdır”

Mərdan Əliyev 

Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a bunları şərh etdi: “Təəssüflər olsun ki, kəskin respirator xəstəliklərin mövsümüdür. Kəskin respirator virus infeksiyaları yuxarı tənəffüs yollarının iltihabı xəstəliyidir. Viruslar tərəfindən törədilir. Bu zaman çoxlu miqdarda maye qəbul etmək lazımdır. Antibiotik istifadə etmək olmaz. Antibiotik virusa təsir etmir və xəstənin vəziyyətini ağırlaşdıra bilər. Antibiotiklər, düzdür, iltihab əleyhinədir, amma virusla törədilən iltihaba təsir etmir. Vitamin C istifadə etmək lazımdır. Bir də orqanizmin enerjisi qalsın deyə çalışmaq lazımdır ki, özümüzü çox yormayaq. Ona görə məsləhət görülür ki, ev şəraitində istirahət edəsiniz. Yəni orqanizm öz enerjisini xəstəliyin sağalmasına fokuslasın. Bir də qidalanma ilə bağlı yanlış var. Hətta uşaqlarını belə xəstə olanda məcbur edirlər ki, yemək lazımdır. Xəstə olanda orqanizm yemək tələb etmir. Əgər iştaha yoxdursa, nə özünüzü, nə də uşaqları məcbur edin. Niyə orqanizm xörək yemək istəmir? Çünki yemək yeyərkən mədəmiz həzm prosesinə qoşulur. Bundan əlavə, mədəaltı vəzi, on iki barmaq bağırsaq həzm prosesinə qoşulur və həzm prosesi baş verir. Həzm prosesi xeyli dərəcədə enerji tələb edir. Ona görə xörək yeməyə məcbur etməməliyik. Orqanizm öz enerjisini yalnız xəstəliyin sağaldılmasına, immun sisteminə yönəldir. Amma maye, su, çay, limondan istifadə etmək lazımdır. Limonun tərkibində C vitamini var, həm də orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır. Limonu sıxmaq, ya da dilimləyib suya qataraq içmək lazımdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR