Onlayn ictimai-siyasi qəzet
Belarus liderinin fikrincə, Əliyevin başqa yolu qalmamışdı, ermənilərin ağlı olsaydı, torpaqları verərdilər, savaş başlamazdı
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Qarabağ işğalda olduğu dövrlərdə müəyyən vasitəçilik təşəbbüsləri ilə çıxış etməsi sirr deyildi. O, hələ keçmiş erməni prezident Serjik Sərkisyanın dövründə müəyyən təşəbbüslər göstərmişdi, ancaq Ermənistan onu dinləməmişdi. “Yeni Müsavat” bildirir ki, Lukaşenko bu proseslərlə bağlı maraqlı açıqlamalar verməkdədir.
Noyabrın 1-də Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin baş katibi Stanislav Zasla görüşündə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə suala niyə kəskin reaksiya verdiyini və ölkəsinin mövqeyinin nəyə əsaslanmasının səbəbini açıqlayıb. Sitat: “Vaxtilə biz növbəti dəfə KTMT-yə sədrlik edəndə mən bu məsələni qaldırdım. İlham Əliyevin yanına getdim, onunla danışdım. Dostcasına danışdım. Mən ona zarafatyana belə bir sual verdim: "İlham Heydər oğlu, əgər razılaşsanız, Ermənistana kömək edərdik. Söhbət Ermənistanın işğal etdiyi rayonlardan gedirdi. Ermənilər etiraf etdilər ki, bu, bizim yox, Azərbaycanın torpaqlarıdır. Elədirsə, onda onları qaytarın! Əgər mən bunu deyəndə o rayonları qaytarsaydılar, bu müharibə də olmazdı. Onda nə Serj Sərkisyan, nə də sonra Nikol Paşinyan buna razı olmadılar. Mən iki dəfə bu məsələni qaldırmışam".
Lukaşenko hesab edir ki, “Əliyevin güc tətbiq etməkdən başqa yolu qalmadı”. Belarus lideri faktiki olaraq indi Ermənistana demək istəyir ki, əgər vaxtında ağılları olsaydı, indi belə durumda qalmazdılar. Maraqlıdır, o zaman Lukaşenkonun təklifləri nədən ibarət olub? Niyə indi bunları danışır?
ALDP sədri Fuad Əliyevin sözlərinə görə, Lukaşenko Paşinyana da KTMT iclasında dərs keçdi: “Dedi ki, gedin barışın, anlaşın. Belarus liderinin Azərbaycanla çox gözəl əlaqələri var. KTMT-yə üzv ölkələrdən Ermənistan istisna, hamısı Azərbaycanla yaxşı münasibətlərə malikdir. Onlardan biri də Belarusdur və Lukaşenko həm də Putinin dili ilə danışır. Bu açıqlamaları ilə demək istəyir ki, vaxtında məsələni dinc yolla həll etmək olardı, amma ermənilər yola gəlmədi, nəticədə 44 gün ərzində onminlərlə hərbçisini itirdi, texnikası məhv edildi, erməni xalqı yuxudan ayıldı. Bu sizə lazım idimi?”
Fuad Əliyev
Partiya sədri hesab edir ki, məhz indi bu çıxışları etməsi İrəvana növbəti siqnaldır: “Belarus Prezidenti demək istəyir ki, sülhə məcburetmə əməliyyatını həyata keçirmək Azərbaycanın ixtiyarındadır və nə qədər gec deyil, beş bəndlik tələbi qəbul edin. Sonra peşman olacaqsınız və yenə həşir qoparıb İrandan, Fransadan yardım istəyəcəksiniz ki, Azərbaycan bizə hücum edir. O baxımdan Lukaşenkonun fikirləri İrəvana replikadır, qarşıda dərin proseslərin olacağı gözlənilir. Çünki sülh müqaviləsinin imzalanması uzanacaqsa, Azərbaycan təzyiqləri gücləndirəcək. Hər halda, ilin sonuna qədər Paşinyanın zamanı var, sonra yeni mərhələ başlayacaq. İndi Ermənistan yenə "status" deyir, yenə Zəngəzurun dəhliz olmayacağını bəyan edir, Lukaşenko da xəbərdarlıq edir ki, daha bir zərbə alanda inciməyin, vaxtında deyilənləri eşitmək lazımdır. Görünür ki, Belarus Prezidenti Sərkisyan dövründə cəhdlər göstərib, 7 rayonun qaytarılması barədə danışıqlar aparıb, amma nəticə hasil olmayıb. Üstəlik, Lukaşenko lori dildə açıq söylədi ki, “Oturun İlham Əliyevlə, lazım gələrsə, Rusiya Prezidentindən də xahiş edin, qərar verin. Bu gün bir qərar qəbul etməsəniz, daha pis olacaq axı, bunu özünüz də dərk edirsiniz. Bizə bu münaqişə lazım deyil!” Aydın şəkildə dedi ki, sabah daha pis olacaq, ağlınızı başınıza yığın. İndi nə Rusiya sənə hərbi dəstək verəcək, nə döyüşəcək ordun var, Türkiyəni də bölgədə görmək lazımdır, o səbəbdən çıxış yolu anlaşmaqdır".
İqor Korotçenko
“Milli müdafiə” jurnalının baş redaktoru, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib ki, Lukaşenkonun Nikola cavabı başlanğıcdır: “Növbəti ildən Belarus KTMT-yə sədrliyə başlayacaq və bu, təşkilatın avtoritetini yalnız yüksəldəcək. KTMT-yə sədrlik gələn ildən Belarusa keçəcək. Və Aleksandr Lukaşenkonun KTMT iclasındakı son çıxışını sədrliyə hazırlıq saymaq olar. Fikrimcə, KTMT-ni çox yaxşı günlər gözləyir. Biz çalışacağıq ki, mümkün qədər çox ölkə KTMT-də müşahidəçi statusu ala bilsin. Lukaşenko təşkilata rəhbərlik etdiyi müddətdə bu qurumun hörmətinin artdığını görəcəyik”, - Korotçenko bildirib.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ