Onlayn ictimai-siyasi qəzet
“Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin “Eurohome” tikinti materialları bazarında xüsusi inşa edilən sahəyə köçürülməsi artıq yekunlaşıb.
Satıcılar burada piştaxta arxasına keçib, alıcılarını gözləyirlər. Onlar bildirirlər ki, məhsulların böyük hissəsi “Eurohome”a, bəziləri isə “50 qəpik” deyilən əraziyə daşınıb. Bazarın köhnə ünvanında isə qapılar bağlanıb, söküntü işlərinə başlanılıb. Yeni ünvanda tikilən “Keşlə bazarı”nda hələlik seyrəklikdir. Satıcıların müəyyən hissəsi mallarını daşıyıb burada yerləşə bilsələr də, digər alverçilər yükün çoxluğuna görə çatdıra bilməyiblər. Onların da yaxın zamanlarda bazarda öz yerlərini tutacaqları gözlənilir.
Satıcıların əksəriyyəti Musavat.com-un əməkdaşı ilə söhbətində yeni ünvandan razılıq ediblər. Onlar bildiriblər ki, bazarın köhnə ünvanında soyuq və yağış dammasından əziyyət çəkirdilərsə, indi onlar üçün hər cür şərait yaradılıb. Hazırda əziyyət çəkdikləri məqam maşınlarını saxlamaq üçün yerlərin olmamasıdır:
“Yağış, külək görmürük, yerimiz rahatdır. Köhnə bazarda belə şərait yox idi. Buranın hər şeyi əladır. Bircə maşın saxlamağa yerimiz yoxdur. Maşınları harada parklayacağımızı bilmirik. Bu məsələlərdə çətinliyimiz var. Alıcılarımız da yavaş-yavaş gəlir. Görək necə olacaq”,-deyə satıcılar bildirir.
Digər qisim satıcılar isə müştərilərini itirdiklərini, alıcı qıtlığından əziyyət çəkdiklərini deyirlər. Onların sözlərinə görə, yaxınlıqda yaşayış binaları olmadığı və uzaq məsafədə yerləşdiyi üçün yeni ünvanda alıcılıq qabiliyyəti çox aşağı səviyyədədir. Elə biz özümüz də bazarda olduğumuz bir neçə saat ərzində alıcıya rast gəlmədik.
“Köhnə yerdə başımıza yağış yağırdı, amma pul qazanıb evimizə aparırdıq. İndi isə hər cür şərait var, amma alıcı yoxdur. Bu isti yeri neyniyirəm ki, evdə uşaqlar ac qalacaq. Hələ təzə gəlmişik, görək necə olacaq. Yaxınlıqda yaşayış binaları olsaydı, bəlkə, alıcı da olardı. Xeyli müştəri itirdik”.
Xatırladaq ki, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun tikintisi işləri icra olunur. Layihə çərçivəsində plana düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, o cümlədən “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin də sökülməsi nəzərdə tutulub.
31 Yanvar 2025
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ