Onlayn ictimai-siyasi qəzet
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan icra başçısı İslam Vahid oğlu Rzayev barəsində Səbail Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Musavat.com xəbər verir ki, məhkəmədə istintaq orqanının təqdimatına baxılaraq qərar qəbul edilib. Məlumata görə, İslam Rzayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham irəli sürülüb. Hər iki maddə ağır cinayətlər kateqoriyasına daxildir və uzunmüddətli azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Musavat.com-un əldə etdiyi məlumatlara görə, DTX əməkdaşları əməliyyatı birbaşa Balakən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirib. İslam Rzayev kabinetində olarkən qandallanıb və Bakı şəhərinə – istintaq təcridxanasına aparılıb. Əməliyyat zamanı onun xidməti otağında və mənzilində axtarış aparılıb, sənədlər və elektron daşıyıcılar götürülüb.
Prezident İlham Əliyevin oktyabrın 30-da imzaladığı sərəncamla İslam Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilərkən İ. Rzayev keçmiş icra başçısı idi.
İstintaqın ilkin versiyasına görə, İslam Rzayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rayonun infrastruktur layihələrinə ayrılan dövlət vəsaitlərinin bir hissəsini mənimsəyib. Eyni zamanda, müxtəlif sahibkarlardan icra hakimiyyəti ilə bağlı sənədlərin təsdiqlənməsi, torpaq ayrılması və tenderlərin keçirilməsi üçün rüşvət aldığı iddia olunur.
Mənbələr bildirir ki, ittihamlar bir neçə epizodu əhatə edir və istintaqın gedişində yeni faktların üzə çıxacağı gözlənilir.
Musavat.com-un əldə etdiyi məlumatlara görə, İslam Rzayevin adı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kadr çevrəsi ilə əlaqələndirilir. İddialara əsasən, o, Mehdiyev strukturuna yaxın məmurların “rayon dayaqlarından” biri sayılırdı.
Müşahidəçilər hesab edir ki, bu həbslə Mehdiyev klanının hələ də aktiv olan son təmsilçilərinə qarşı növbəti zərbə endirilib. Qeyd olunur ki, son aylar dövlət idarəçiliyində bu klana bağlı məmurlara qarşı ardıcıl əməliyyatlar və kadr dəyişiklikləri həyata keçirilir.
Hazırda İslam Rzayev barəsində istintaq hərəkətləri davam etdirilir. O, Bakıdakı istintaq təcridxanasında saxlanılır. Vəkilləri qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.
İslam Rzayev Balakənə 2011-ci ildə icra başçısı təyin olunmuşdu. Ondan əvvəl o, müxtəlif strukturlarda məsul vəzifələrdə çalışıb.
Musavat.com
01 Noyabr 2025
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ