İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakıya gəlmək istəməyənlər Ağdama getsin...” - Yolunu azmışlara çağırışımız sonsuz olmayacaq!

Erməni icması ilə görüşün Ağdam Monitorinq Mərkəzində keçirilməsi də təklif edildi; Bakının dialoq mesajları təkcə Xankəndi və İrəvanda yox, Moskvada, Brüsseldə və Vaşinqtonda da düz oxunmalıdır

Prezident Administrasiyasının Qarabağdakı erməni icmasına Bakıda görüşlə bağlı ikinci dialoq təklifinə də Xankəndidən pozitiv reaksiya olmadı. Daha doğrusu, cavab kriminal separatçı ünsürlərdən gəldi. Onlarla isə Azərbaycan dövləti heç bir halda danışmaq fikrində deyil. Bəs davamı nə olacaq, yenə görüş yeri kimi Bakı təklif ediləcəkmi?

“Erməni tərəfi yenə də Azərbaycanla Bakıda görüşməkdən imtina edib, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Xocalıda görüş keçirmək istəyirlər. Təklif edərdim ki, həm Rusiya, həm də Türkiyə nümayəndələrinin olduğu Ağdam Monitorinq Mərkəzində görüşsünlər. Məncə, Xocalıda, RMK-nın qərargahında görüşmək yaxşı fikir deyil”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Minval.az-a deputat Rasim Musabəyov deyib.

Onun fikrincə, ermənilər uzun müddət müqavimət göstərə və qürurlana bilməyəcəklər. “Reallıqlar var və zamanla ayaqlaşmaq lazımdır. İki həftə qazsız, işıqsız, maddi-texniki çətinliklərlə yaşayandan sonra ağıllanacaqlar. Onların konkret problemləri var. Hansıları ki, müzakirə etmək lazımdır. Siyasi problemlər, rabitə, enerji, su ehtiyatlarından istifadə ilə bağlı problemlər də var. Ona görə görüşmək, danışmaq lazımdır”, - deputat qeyd edib.  

Rasim Musabəyov: Bu gün güc Azərbaycanın tərəfindədir - AZƏRTAC

Rasim Musabəyov

Ümumiyyətlə, Bakının bu qəbildən təklifləri daha nə qədər və nə vaxtadək olacaq?

Söz yox ki, Azərbaycan bununla öz sülhpərvərliyini və sülh gündəliyinə sadiqliyini nümayiş etdirir, konstruktivlik sərgiləyir. Bölgədə müharibə riskini azaltmağa çalışır. Lakin bu, heç də Azərbaycan dövlətinin zəifliyinin göstəricisi deyil. Əksinə, Azərbaycan istənilən başqa ssenariyə, müharibəyə də hazırdır. Lakin bölgənin ən güclü dövləti olaraq həm də öz böyüklüyünü göstərir, səbir nümayiş etdirir.

Odur ki, Bakının dialoq mesajları təkcə Xankəndi və İrəvanda yox, Moskvada, Brüsseldə və Vaşinqtonda da düz oxunmalıdır. Hələ vaxt var. Bakının tələsəcəyi bir şey yox. Çünki zaman ona işləyir.

Artıq Qarabağda Azərbaycanla inteqrasiyanın ləngiməsinin ilk ciddi zərbələri etiraf edilməyə başlanıb. Məsələn, “Kremlin desantı” Ruben Vardanyan deyib ki, “blokada” ilə bağlı “Dağlıq Qarabağ” artıq ciddi maliyyə problemləri ilə üzləşib.

“Laçın dəhlizinin blokadası ilə əlaqədar Dağlıq Qarabağ hökuməti investisiya və kreditlərin cəlb edilməsində ciddi məhdudiyyətlərlə üzləşib. İndiki şəraitdə yalnız vergilər, Ermənistandan gələn yardımlar və xeyriyyəçilik maliyyə mənbəyi kimi çıxış edə bilər”, - Vardanyan deyib.

O, vergi daxilolmalarının azaldığını, istehsalın boş qaldığını, işsizlik səviyyəsinin artdığını bildirib. “Bundan başqa, Ermənistan hökumətinin bu il Dağlıq Qarabağa ayırdığı 144 milyard dramdan 60 milyard dram (təxminən 150 milyon dollar - red.) Ermənistan banklarına ödənilməlidir ki, onun da Qarabağ iqtisadiyyatına dəxli yoxdur”, - deyə erməni oliqarx vurğulayıb.

Vardanyan “blokada” şəraitində bazar iqtisadiyyatı qanunlarının işləmədiyini deyib və bu səbəbə “yeni yanaşmalar” axtarmağa çağırıb.

“Yeni yanaşma” isə yalnız Azərbaycanla inteqrasiya prosesi ola bilər. Başqa yol yoxdur, olmayacaq.

Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ

Aydın Mirzəzadə

PA-nın təklifini dəyərləndirən hakim partiyanın deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan növbəti dəfə öz ərazisində erməni sakinlərin bir qisminə xoşməramını nümayiş etdirib. Deputatın sözlərinə görə, Qarabağdakı ermənilərin Bakıya gəlməsində hər hansı problem yoxdur. “Onların təhlükəsizliyinə təminatın verilməsi, avtobusla daşınmasının təşkili, şəhərlə tanış olması, hətta nə vaxtsa paytaxtın hər hansı ünvanında olublarsa, oranı gəzib görməsi çətin deyil. Məncə, bu görüş məhz Bakıda olmalıdır. Söhbət keçmiş vətəndaşların inteqrasiyasından gedir. Qoy gəlib Bakıdakı inkişafla özlərinin vəziyyətini müqayisə etsinlər: bizim insanların geyimini, maşınlarını, marketlərimizi görsünlər, ərzaq bolluğu ilə özlərindəki şəraiti müqayisə edə bilsinlər. Görsünlər ki, daha təhlükəsiz, daha yaxşı yaşayışa reinteqrasiya edəcəklər”, - deyə A.Mirzəzadə vurğuladı.

Deputat hesab edir ki, Azərbaycan iqtidarı bu məsələyə səbirlə, təmkinlə yanaşır və PA-nın təklifini dəstəkləyir: “Bu baxımdan görüşün Bakıda olmasını istəyirəm. Və diqqət edin, təklifə ”yox" cavabını sadə Xankəndi sakini vermir, orada yuva salmış separatçı rejimin üzvləri deyirlər. Yəni Ağdərədə bir kənd sakininin, Əsgəranda kiçik sahibkarın səsini eşitmirik. İndi Ermənistan buna imkan vermir, amma gec-tez onların səsi gələcək. Necə ki ekofəalların aksiyası zamanı bir erməni sakini yaxınlaşıb yardım istəmişdi, həmçinin dövlət nümayəndələrimizə başqa bir erməni iş üçün müraciət etmişdi, bu proses davam edəcək. Separatçı rejim buna axıra qədər əngəl ola bilməyəcək".

KTMT Ermənistanın könlünü almaq işini aparır”

Xəzər Teyyublu

“Siyasi Hüquqların Müdafiə Mərkəzi” İctimai Birliyinin sədri Xəzər Teyyublu Ağdamda, Şuşada görüşlərin olmasını da istisna etmir. “Görüş hər yerdə ola bilər. Yetər ki, ermənilər reinteqrasiya etmək istəsinlər. Bizə separatçı rejim cavab verir, amma onların fikri önəmli deyil. Azərbaycan Qarabağda yaşayan sadə erməniləri öz vətəndaşı sayır, Araik, Beqlaryan kimi separatçıları yox. Ona görə bu proses mərhələli şəkildə getməlidir, Azərbaycanın ”yol xəritəsi" olmalıdır, erməni camaatı inandırılmalıdır ki, onların qanunlarımızla yaşaması daha gözəl həyat vəd edir. Sadəcə, bu təmaslara mane olan güc qondarma rejimdir. Onların ipi isə öz əllərində deyil. Görünür ki, rus hərbi kontingentinin komandanlığı Bakıda müzakirələrin əleyhinədir.

Amma bizim səbrimizin tükəndiyi nöqtə var. Azərbaycan hər gün ermənilərə təklif etməyəcək ki, gəlin görüşək. Bütün hallarda Prezident Administrasiyası düzgün strategiya seçib, yolunu azmış vətəndaşlarını qanunlarımıza tabe olmağa dəvət edir. Qərb də görür ki, Bakı Xankəndi ilə təmas qurur. Bunu Vaşinqton da, Brüssel də dəstəkləyir. Biz işimizi davam etdirməli və sürətləndirməliyik", - hüquq müdafiəçisi bildirdi.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR