İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya düşmən, türk dövlətlərinə “dost” Makron...

Fransa inkişaf etməkdə olan Özbəkistan və Qazaxıstanı öz nəzarəti altına almağa çalışır - 6 milyardlıq müqavilə

Fransa prezidenti Emmanuel Makronun Qazaxıstan və Özbəkistana münasibətləri diqqət çəkib. Bakıya düşmən kəsilən Parisin sözügedən türk dövlətləri ilə əlaqələri haqlı suallar da doğurur. Müsəlman və türk ölkələrin inkişafını gözü götürməyən Makron yenə də elə türk dövlətlərinə minnətçi düşüb.

Qeyd edək ki, martın 10-12-də Özbəkistan prezidenti Şövkət Mirziyoyev Parisdə dövlət səfərində olub, Fransa ilə Özbəkistan arasında strateji tərəfdaşlıq barədə razılıq əldə olunub. Özbəkistan da Fransa ilə əməkdaşlığı genişləndirməkdə maraqlı görünür. Ötən il iki ölkə arasında 6 milyard dollarlıq müqavilələr imzalanmışdı. Bu müqavilələrin əksəriyyəti enerji sektoruna aid idi.

Özbəkistan və Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzvüdür. Bu istiqamətdə ən əsas məsələlərdən biri də Makron Fransasının Mərkəzi Asiyaya nüfuz etməyə çalışmasıdır. Makron türk dövlətlərini öz hegemonluğu altına almağa çalışır.

Fransa xüsusilə Afrikada öz mövqeyini itirəndən sonra uran istehsal edən yeni mənbələr axtarmağa çalışır. Qazaxıstan və Özbəkistan isə böyük uran istehsalçılarıdır. Uranla zəngin olan və Fransanı təmin edən Nigerdə baş vermiş hərbi çevrilişdən sonra Paris üçün Qazaxıstanın önəmi daha da artıb. Bütövlükdə, Qərb və Rusiya dairələrində belə fikir var ki, Fransa Mərkəzi Asiyada əsas hədəfinə - uran tədarükünə nail olmayacaq.

Qeyd edək ki, uranın hava nəqliyyatı ilə daşınması qadağandır. Quru yolların sahibi olan ölkələrlə də Makron hakimiyyəti problemlər yaşayır. Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas marşrut Rusiya ərazisindən keçir. Rusiya öz infrastrukturunu Fransanın üzünə bağlayıb. Digər alternativ marşrut isə Azərbaycandan keçən Orta dəhlizdir. O zaman Fransanın Azərbaycandan asılılığı yaranacaq.

Ancaq unutmaq lazım deyil ki, Mərkəzi Asiyanın iki güclü dövlətinin - Qazaxıstanla Özbəkistanın Rusiya ilə sıx münasibəti mövcuddur. Fransa isə Rusiya ilə rəqabətdə olan NATO kimi bir təşkilatın üzvüdür.

İkincisi, Parisin bu regionla siyasi, tarixi, mədəni bağları heç vaxt olmayıb. Ona görə Makron iqtisadi əlaqələri daha sıx dövlət bağı yaradacağına ümid etməməlidir.

fikret.jpeg (167 KB)

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov hər iki türk dövləti adına təəssüfləndiyini gizlətmədi: “Fransa artıq bir neçə ildir ki, Mərkəzi Asiyada möhkəmlənməyə çalışır. Bu, tək uran məsələsi deyil. Fransa dünyada ən çox atom elektrik stansiyaları olan ölkələrdən biridir. Afrikadan qovulduqdan sonra Fransanın bu stansiyaları uranla təmin etmək kimi bir problemi yaranıb. Afrikadan əli üzülən Fransa üçün uranın ən yaxın mənbəyi Mərkəzi Asiyadır. Lakin ortada uranı Mərkəzi Asiyadan Fransaya daşımağın yol problemi mövcuddur. Fransa Ukrayna-Rusiya müharibəsi fonunda Rusiya ilə öz arasındakı bütün körpüləri yandırıb. Deməli, Mərkəzi Asiyadan uran əldə edə bilsə belə, onu Rusiya üzərindən öz ölkəsinə daşıya bilməyəcək. Azərbaycan üzərindən bunu etmək istəyinə də Azərbaycan hökuməti razılıq verməyəcək. Bütün bunlar məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə türkə düşmən olan Fransa hökumətinin türk dövlətləri ilə bu səviyyədə əlaqə qurmasıdır. Bu necə olur? Məgər Özbəkistan və Qazaxıstan kimi türk dövlətlərinin başında dayanan şəxslər Fransanın illərdir ki, Türkiyə  və Azərbaycanla necə davrandığını görmürlərmi?”

Ekspert dedi ki, Qazaxıstanın da, Özbəkistanın da Fransa ilə iş birliyi, biznes maraqları mümkündür, lakin ortada bir türk təəssübkeşliyi də olmalıdır: “Hər bir türk istənilən əməlinə ilk öncə türk olaraq dəyər verməyi bacarmalıdır. Atdığı hər addımda türk adını qorumağa çalışmalıdır. Bu yolda ən yaxşı nümunəni isə iki türk dövləti olan Azərbaycan və Türkiyədən götürməlidilər. Baxın, otuz ildən artıqdır ki, Türkiyə qapılarını Ermənistanın üzünə bağlayıb və ona açıq şəkildə deyib ki, bizimlə münasibətləri yaxşılaşdırmaq istəyirsinizsə, ilk öncə Azərbaycanla problemləri çözməlisiniz! Bütün Türk dünyası bu nümunədən yararlanmalıdır. Bütün türk dövlətləri Türkiyə və Azərbaycan kimi bir araya gələrlərsə, o halda Türk Birliyi də dünyada ən təsirli söz sahiblərindən birinə çevrilə bilər”.

Azər Badamovun namizədliyi ləğv oluna bilər - FOTOFAKT

Azər Badamovun

Milli Məclisin deputatı Azər Badamovun fikrincə, Makron Fransası ölkəsinin geosiyasi kursunu Afrikadan Mərkəzi Asiyaya dəyişməyə çalışır: “Fransanın Afrika ölkələrindən biabırcasına qovulması Makronun apardığı yarıtmaz siyasətin nəticəsidir. Makron afrikalıların milli sərvətlərini talamaqla ölkəsini gücləndirməyə çalışdı. O cümlədən atom elektrik stansiyalarının yanacağı da Afrikadan talayaraq gətirirdi. Amma bu gün müstəmləkədə saxladığı ölkələrdə yaranmış problemlər Fransanı türk ölkələrinə minnətçi düşməyə məcbur edib. Belə ki, keçən il Qazaxıstan və Özbəkistana səfər edən Makron Mərkəzi Asiyada uranın tədarükü ilə bağlı danışıqlar aparmışdı. İndi isə Özbəkistanın prezidenti Şavkat Mirziyoyevin Fransaya rəsmi səfəri çərçivəsində yenə də ilk növbədə eyni məsələni müzakirə etdiyini hesab edirəm. Bəli, Türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycana qərəzli yanaşan Fransa sonra da Azərbaycanın dostu və qardaşı olan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq qurmağa çalışır. Düzdür, Makron danışıqlarda əməkdaşlıqla bağlı müəyyən razılaşmalar əldə edə bilər. Amma uranın idxalı ilə bağlı böyük çətinliklə qarşılaşacaqdır. Çünki Rusiya öz ərazisini Fransa üçün bağlayıb. Digər bir yol isə Orta dəhlizdir. Azərbaycanın da öz ərazisindən Fransanın uranı daşımasına icazə verəcəyi real görünmür. Çünki son illər Makronun siyasəti Azərbaycana qarşı olub. Makron ermənilərin əsas müdafiəçisidir və ona görə də ədaləti ayaq altına ataraq Qərbdə Azərbaycana qarşı kampaniyaları davam etdirir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR