Onlayn ictimai-siyasi qəzet
Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraanın Azərbaycana 12 iyul səfərinin daha bir məqsədi üzə çıxıb. İsrail mediasının yazdığına görə, Əhməd əş-Şaraa Bakıda İsrail rəsmiləri ilə görüşüb. Prezident əş-Şaraaya yaxın mənbə iki və ya üç belə görüşün planlaşdırıldığını bildirib. Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani və Suriya hökumətinin İsraillə münasibətlərdə təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Əhməd əd-Dalatinin növbəti görüşlərdə iştirakı gözlənilir. İsrail nümayəndə heyətinə baş nazir Benyamin Netanyahunun xüsusi nümayəndəsi, həmçinin təhlükəsizlik və hərbi rəsmilər daxildir.
Müzakirə olunacaq mövzular arasında İsrail və Suriya arasında təhlükəsizlik razılaşması, İran təhlükəsi, "Hizbullah" və Fələstin terrorçularının silahları, Livandakı Fələstin düşərgələri var. Bundan başqa, Dəməşqdə diplomatik statusu olmayan İsrail koordinasiya ofisinin açılması imkanları da müzakirə oluna bilər.
Xatırladaq ki, daha öncə Bakıda Türkiyə-İsrail danışıqları baş tutmuşdu. Şübhəsiz, Bakı bu təmaslara ev sahibliyi eləməklə Yaxın Şərqdə böyük sülhə növbəti töhfə verməklə yanaşı, eyni zamanda özünü yeni, ciddi və vazkeçilməz regional oyunçu kimi təsdiqləməkdədir. Suriya-İsrail anlaşması isə şübhəsiz ki, qardaş Türkiyənin maraqları çərçivəsində həyata keçirilir. Bununla da Azərbaycanın iki strateji müttəfiqi arasında hansısa konfliktin və ya siyasi kolliziyanın yaşanması ehtimalı daha da azalmış olacaq ki, bu da bizim köklü maraqlarımızla tamamilə uzlaşır.
Bəs prosesin yekunu necə görünür?
Deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan həm İsraillə, həm də Suriya ilə əlaqələrdə maraqlı dövlətdir: “Hər iki dövlətin münasibətlərinin yaxşı olması Azərbaycanın marağındadır. Azərbaycan daha öncə də Türkiyə və İsrail arasında baş verən gərginliklərin aradan qaldırılmasında, həmçinin Suriyanın qonşuları ilə əlaqələrinin normallaşmasında mühüm rola malik olub. Rəsmi Bakı bu istiqamətdə "qaynar xətt" mexanizmi yaradıb və bəzi hallarda görüşlərin təşkili üçün təşəbbüskar çıxış edib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Cənubi Qafqazdan kənara çıxaraq Yaxın Şərq kimi mürəkkəb və ziddiyyətli bir regionda diplomatik güc mərkəzinə çevrilməkdədir".
Deputat vurğuladı ki, Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraanın Azərbaycana səfəri Azərbaycan-Suriya münasibətlərində yeni dövrün başlanması ilə yanaşı, Azərbaycanın Yaxın Şərqə çıxış imkanlarının genişlənəcəyi kimi şərh edilə bilər: “Uzun müddət diplomatik səssizlik və qarşılıqlı etimadsızlıq fonunda dayanıqlı münasibətlərin qurulmadığı iki ölkə arasında yeni mərhələnin təməli qoyulub. Bu səfər təkcə iki dövlət arasında diplomatik protokol çərçivəsindəki rəsmi görüş deyil, həm də Azərbaycan diplomatiyasının Yaxın Şərqə istiqamətlənən yeni strateji xəttinin parlaq təzahürüdür. Prezident İlham Əliyev görüş zamanı qeyd edib ki, Suriyanın yeni rəhbərliyi ilə münasibətlərin dərinləşdirilməsi Azərbaycanın dövlət maraqlarına, regional sabitliyə və qarşılıqlı faydalı əməkdaşlığa xidmət edir. Bu baxımdan Suriyanın keçid dövrü prezidentinin Azərbaycana rəsmi səfəri sadəcə bir protokol hadisəsi deyil, həm də Azərbaycanın Yaxın Şərq siyasətində yeni mərhələyə qədəm qoyduğunun bariz nümunəsidir.
Prezident İlham Əliyev Əhməd əş-Şaraa ilə görüş zamanı açıq şəkildə bildirdi ki, uzun illər ərzində Azərbaycanın ünvanına soyuq və qeyri-dost ritorikası ilə çıxış edən əvvəlki Suriya rəhbərliyinin dövründə münasibətlərdə durğunluq hökm sürüb".
A.Hüseynov qeyd etdi ki, lakin Suriyada baş verən siyasi dəyişikliklər fonunda yeni hökumətlə təmaslar artıq strateji çərçivəyə keçib və iki ölkə arasında münasibətlərin keyfiyyətcə fərqli mərhələyə qədəm qoyduğunu nümayiş etdirir: “Tərəflər arasında baş tutan danışıqlarda enerji sahəsində əməkdaşlıq xüsusi yer tutub. Suriyanın hazırda dərin enerji böhranı ilə üzləşdiyi, infrastrukturun dağıldığı, enerji təminatının dayanıqlı olmadığı bir vaxtda Azərbaycanın bu ölkəyə təbii qaz ixrac etməsi məsələsi konkret gündəmdədir. Prezident əş-Şaraa görüş zamanı bildirib ki, yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək. Bu layihə reallaşarsa, Suriyanın enerji təhlükəsizliyi sahəsində atılmış ilk böyük addımlardan biri olacaq. Bu, eyni zamanda Azərbaycanın qaz ixrac coğrafiyasını genişləndirməsi baxımından da strateji əhəmiyyət daşıyır”.
Deputat dedi ki, Azərbaycan bu günə qədər əsasən Avropa ölkələrinə qaz ixrac edir və ixrac etdiyi ölkələrin sayı artıq 12-yə çatıb. Lakin indi yeni bir coğrafiya-Yaxın Şərq-Azərbaycan üçün formalaşmaq üzrədir: “Suriya ilə bağlanacaq bu enerji körpüsü əslində Azərbaycanın regional enerji xəritəsində yeni bir istiqamətin cızılması deməkdir. Qeyd edək ki, artıq Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri bərpa edilib. Suriyanı İordaniya ilə birləşdirən kəmərin dağıdıldığı, lakin onun da yaxın gələcəkdə yenidən bərpasının mümkün olduğu bildirilir. Bu isə Azərbaycan qazının Suriya üzərindən daha da cənuba-Misirə qədər çatdırılması ehtimalını gündəmə gətirir. Azərbaycan qazının Yaxın Şərq bazarına daxil olması üçün həm logistik, həm də diplomatik hazırlıq mərhələsi uğurla tamamlanmaqdadır. Suriya liderinin Bakı səfəri zamanı Azərbaycanın SOCAR şirkəti ilə Suriya hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd Azərbaycan qazının Suriyanın bərpa olunan enerji infrastrukturunda rolu, eləcə də neft və qaz yataqlarının birgə işlənməsi baxımından əhəmiyyətlidir. Xüsusilə qeyd edilməlidir ki, Suriyanın şimal-şərqində-hazırda Suriya Demokratik Qüvvələrinin nəzarətində olan və ABŞ tərəfindən dəstəklənən ərazilərdə yerləşən neft və qaz yataqlarının işlənməsi məsələsində də Suriya tərəfi Azərbaycanın iştirakında maraqlıdır. Bu, enerji sahəsində əməkdaşlığı sadəcə təchizat səviyyəsindən çıxarıb, istehsal və sərmayə qoyuluşuna qədər genişləndirə bilər”.
A.Hüseynov onu da dedi ki, görüş zamanı humanitar və mədəni sahələrdə də əməkdaşlıq məsələlərinin gündəmə gəlməsi və razılaşmaların əldə edilməsi Azərbaycanın yalnız enerji və iqtisadiyyat deyil, eyni zamanda mədəniyyət diplomatiyası sahəsində də Yaxın Şərqdə rol almağa başladığını göstərir: “Prezident İlham Əliyevin şəxsi nüfuzu və Azərbaycan dövlətinin postmüharibə dövründə qazandığı beynəlxalq etimad ölkəmizin bu bölgədə də etibarlı tərəfdaş kimi tanınmasına səbəb olur. Azərbaycanın Yaxın Şərq strategiyası artıq konturları ilə yox, konkret addımları ilə reallaşır. Əlbəttə, bu proses təsadüfi deyil. Azərbaycanın 2020-ci ildən sonra yeni xarici siyasət konsepsiyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə irəli sürülən "postqələbə diplomatiyası" ölkəmizin yalnız regional deyil, eyni zamanda qlobal güc mərkəzləri ilə tərəfdaşlıq münasibətlərini keyfiyyətcə yenidən qurmaq məqsədi daşıyır. Bu diplomatiya Azərbaycanın Avropa və Mərkəzi Asiya istiqamətindəki fəallığına paralel olaraq Yaxın Şərqə də tamhüquqlu daxil olmasına şərait yaradır".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ