İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının iki hədəfi, Əliyev dediyini edəcək! - Paşinyan seçim qarşısında

Ermənistan üçün kritik qərarvermə anı çatdı; kapitulyant ölkə və “böyük bacı” Fransa yeni status-kvonu ya qəbul edəcəklər, ya da... edəcəklər, pislik Parisin özünə qalacaq!

Fransa Ermənistana görə neçə vaxtdır təlaş içindədir. Daha doğrusu, özünə görə həşirdədir. Açıq-aydındır ki, rəsmi Paris ənənəvi “erməni kartı” hesabına bölgəyə soxulub qalmaq planlarından əl çəkmək istəmir. Guya Sünik bölgəsinin (Qərbi Zəngəzur) təhlükəsizliyinin qeydinə qalır, onu Azərbaycandan qorumaq istəyir, əslində isə kapitulyant ölkəni yeni hərbi avantüraya, hətta intihara sövq edir.

Çünki Ermənistanın təhlükəsizliyini təmin edən ən qısa və etibarlı yol uzaq Fransadan deyil, qonşu Azərbaycan və Türkiyədən, Bakı və Ankara ilə sülh anlaşmaları imzalayıb ərazi iddialarından həmişəlik imtina eləməkdən, həyati əhəmiyyətli yolların, sərhədlərin və kommunikasiyaların açılmasından keçir. Fransa isə 44 günlük müharibədən sonra da Azərbaycanla düşmənçiliyindən qalmır, böyük sülh prosesinə badalaq vurmaqla məşğuldur. Parisin Ermənistana özünümüdafiə adı ilə verməyə hazırlaşdığı silahlar məhz bu amala xidmət edir (yazı hazırlanarkən müdafiə naziri Suren Papikyan müvafiq hərbi anlaşma imzalamaq üçün Parisdə səfərdə idi).

Yeri gəlmişkən, mifik “artsax özünü müdafiə ordusu” nümunəsində bunun nə ilə, necə bitdiyini artıq hamı bilir. Çünki silahlı erməni özünümüdafiə haqda yox, həmişə hücum haqda düşünür və “miatsum” planları qurur. Əgər bu dəfə də Fransa bədbəxt ermənilərin “saqqızını” oğurlayacaqsa, onda babalı öz boyunlarına.

Buradaca məxsusi vurğulayaq ki, Fransanın bu yöndə səyləri boşunadır və pisliyi yenə özünə, Ermənistana qalacaq. Azərbaycan heç vaxt Fransaya Ermənistanı silahlandırmağa və neokolonizalizm yolu ilə Cənubi Qafqazda mövqe tutmağa imkan verməyəcək, Afrikadan qovulduğu kimi, Cənubi Qafqazdan da qovulacaq. Eyni zamanda Qərbi və xüsusilə də Fransanı bölgəyə gətirmək cəhdi İrəvana baha başa gələ bilər. Ən azından İran və Rusiya bunu ona bağışlamaz.

Ermənistanı gözləyən SURİYA AQİBƏTİ – Makronun göndərdiyi silahlar  Paşinyanın ÖZÜNÜ VURACAQ

Böyük ehtimalla Ermənistanı Suriya və Ukraynanın aqibəti gözləyir. Ermənistan dövlətçiliyi artıq sual altındadır. Kapitulyant tərəf nəhayət, anlamalıdır ki, Azərbaycan və Türkiyə Ermənistan üçün əsla təhlükə deyil. Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa edib və istəyinə nail olub. Amma Ermənistan yanlış siyasəti ilə, sülh müqaviləsindən yayınmaqla öz dövlətçiliyini itirməyə doğru gedir. Sözsüz ki, Ermənistanın hələ də güclü hərbi-siyasi və iqtisadi asılılığında olduğu, yüz minlərlə miqrant erməninin işlədiyi Rusiyanın məsələdə mövqeyi mühüm önəm kəsb edir... 

“Zəngəzur dəhlizi Rusiyaya Azərbaycan qədər lazımdır”.

“Yeni Müsavat” xəbər verir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan yerli mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiyaya bu dəhliz çox sadə səbəbdən lazımdır: “Ona görə ki, Rusiyanın qərb sərhədi tamamilə bağlıdır və Qərbə yeganə yol Qafqazdan keçir. Bu yolun necə, hansı rejimdə işləyəcəyi isə açıq qalır və burada Bakı ilə Moskvanın maraqları üst-üstə düşməyə bilər”.

İskəndəryanın fikrincə, Rusiya Zəngəzur dəhlizi uğrunda mübarizə aparmağa hazırdır, amma təbii ki, bundan ötrü öz qoşunlarını əraziyə yerləşdirməyəcək. “Azərbaycan isə prinsipcə bu imkanı cibində saxlayır”, - erməni politoloq iddia edib.

Erməni politoloq hesab edir ki, hazırda Azərbaycanın iki əsas hədəfi dəhlizə və əlverişli variantda sülh müqaviləsinə nail olmaqdır. “Bu dəhliz və ya yolun necə olacağı isə Azərbaycanın təzyiqindən asılıdır. Ermənistanda "yol", Azərbaycanda isə “dəhliz” adlandırıla biləcək belə bir variantın ortaya çıxması o qədər də böyük problem deyil. Bütün bunlar texniki məsələdir. Sonra nə baş verəcək, bu, Azərbaycanın həqiqətən nə istədiyindən və nə dərəcədə irəli gedəcəyindən asılıdır", - o əlavə edib.

Zəngəzurun Ermənistana verilməsi: mötəbər mənbələr nə deyir?

Doğrudur, Bakı həqiqətən də Zəngəzur dəhlizinə və əlverişli variantda sülh müqaviləsinə nail olmaq istəyir. Bu bizim Vətən savaşından sonra Ermənistanla bağlı dəyişməz hədəflərimizdir. Mümkünmü? Mümkün. Çünki “ana südü” qədər təbii haqqımız. Üstəgəl, beynəlxalq hüquq, BMT Nizamnaməsi qalib və güclü Azərbaycanın tərəfində.

Necə olur, Qərblə Rusiya “qanlı bıçaq” olduğu indiki vaxtda da Rusiya ilə anklav Kalininqrad vilayəti arasında dəhliz NATO üzvü Litva ərazisindən keçir və bu gün də maneəsiz rejimdə işləyir, eyni məntiqlə Azərbaycanın materik hissəsi ilə Naxçıvanı birləşdirən koridor olmasın?

Sülh müqaviləsinə gəlincə, o da bizim qanuni, legitim haqqımız. Bakı üç ildir onun “skelet”ini də təqdim edib - beynəlxalq hüquqa söykənən 5 baza prinsipi çoxdan danışıq masasında. Sirr deyil ki, sülh sənədi daha çox “izqoy” və yoxsul Ermənistana lazımdır ki, nəhayət, blokadadan çıxıb inkişafa üz tuta bilsin. Əlbəttə ki, Fransa kimi avantürist xarici güclər imkan verərsə.

Bütün hallarda, rəsmi Bakı, Prezident İlham Əliyev öz hədəflərinə mütləq çatacaq. Gec ya tez. Səbəbi yazdıq: Azərbaycan həm güclü, həm də haqlı. Türkiyə kimi qüdrətli hərbi-siyasi müttəfiqimiz də yanımızda. Dünən Naxçıvanda və Qarabağda iki qardaş ölkə arasında başlanan birgə hərbi təlim bu xüsusda düşmən çevrələrə növbəti ciddi mesaj sayıla bilər.

Yeni status-kvonu etiraf və xəbərdarlıq edən az-çox ağıllı erməni də var. 

“Mən bunu hələ 10 il əvvəl, müharibədən qabaq söyləmişdim - İlham Əliyevin dediklərini ciddi qəbul edin. O, ya sülh yolu ilə, ya da güclə mütləq dediyini edəcək”.

Bu sözləri erməni politoloq Vladimir Poqosyan “Noyan Tapan” adlı yutub kanalına müsahibəsində söyləyib.

Necə deyərlər, əlavə şərhə lüzum qalmır...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR