İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının daxili borclanma siyasətində yenilik: tənzimlənmələr gözlənilir

İqtisadçının fikrincə, xarici və daxili dövlət borcu ilə bağlı balansın tapılması vacibdir\\

2025-ci il 1 yanvar tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 27 milyard 380,2 milyon manat olub. Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, bu, 2024-cü il üzrə 126 milyard 337,0 milyon manat məbləğində olan Ümumi Daxili Məhsulun (ÜDM) 21,7 faizi deməkdir.

Rəsmi məlumata görə, ümumi dövlət borcunun 8 milyard 720,5 milyon manatı (5 milyard 129,7 milyon ABŞ dolları) və ya 31,8 faizi xarici dövlət borcunun, 18 milyard 659,7 milyon manatı və ya 68,2 faizi daxili dövlət borcunun payına düşür. Daxili dövlət borcunda artım 2023-cü ildə Azərbaycan Beynəlxalq Bankının toksik aktivlərinə görə “Aqrarkredit” QSC BOKT-un Mərkəzi Bank qarşısında olan dövlət zəmanətli öhdəliyinin yerinə yetirilməsi məqsədilə vekselin buraxılması olub.

Nazirliyin məlumatına əsasən daxili dövlət borcu 2024-cü ilin əvvəli ilə müqayisədə 2 milyard 793,3 milyon manat artıb. Daxili dövlət borcunun artmasının əsas səbəbi strategiyaya uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsidir. Əsas səbəblər habelə daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsi hesabına dövlət büdcəsi kəsirinin bağlanmasına vəsaitin yönəldilməsi olub.

01 yanvar 2025-ci il tarixinə daxili dövlət borcunun 9 milyard 506,0 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9 milyard 153,7 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşür.

Qeyd edək ki, xarici borcların daxili borclanma hesabına azaldılması, həmçinin dövlət büdcəsi kəsirinin bağlanması üçün daxili borclanmaya gedilməsi Hesablama Palatası tərəfindən dəfələrlə dövlət büdcəsinin maliyyə yükünü artıran amil kimi dəyərləndirilib.

Hesablama Palatasına görə, daxili borclanma ilə qiymətli kağızlar bazarının inkişaf etdirilməsi heç də uğurlu yol deyil. Palatanın 2023-cü ilin dövlət büdcəsinin icrasına verdiyi rəydə qeyd olunur ki, həmin il dövlət qiymətli kağızlarında böyük həcmdə artımın müşahidə edilməsi fonunda investor şəbəkəsində müvafiq artım olmayıb: “Emissiya edilmiş dövlət qiymətli kağızlarının böyük qismi mövcud investorlar tərəfindən alınmış, investor şəbəkəsinin hüquqi şəxslər üzrə bölgüsündə dövriyyədə olan istiqrazların əhəmiyyətli hissəsi dövlət büdcəsindən birbaşa və ya müvafiq məqsədlər üçün vəsait almış hüquqi şəxslər olmuş, qeyd edilənlər fonunda dövlət istiqrazları üzrə orta ödəmə müddətinin aşağı, daxili borclanmaya isə tələbatın böyük həcmli olması növbəti dövrlərdə dövlət istiqrazlarının yenidən maliyyələşdirilməsi üçün əhəmiyyətli risklər yaratdığı qənaətinə gəlinmişdir.

Dövlət qiymətli kağızlarının həcmi ötən il(2022-ci il - red.) ilə müqayisədə 2 milyard 327,2 milyon manat artmışdır. Artımın səbəbi əvvəlki və yeni təsdiq edilmiş Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiyada müəyyən olunan daxili borcalmanın artırılmasına üstünlük verilməklə, xarici borcalmanın tədricən azaldılması istiqamətində həyata keçiriləcək tədbirlərin icrası məqsədilə xarici dövlət borcuna görə vaxtı çatan əsas borc ödənişlərinin daxili maliyyə bazarlarında yerləşdirilən dövlət istiqrazları hesabına təkrar maliyyələşdirilməsi, həmçinin əvvəlki dövrlərdə emissiya edilmiş dövlət istiqrazlarının yenidən maliyyələşdirilməsi, dövlət büdcəsi kəsirinin bağlanılması üçün daxili borclanmadan istifadə edilməsi və sairdir".

Palatanın 2025-ci ilin dövlət büdcəsi layihəsinə rəyindən aydın olur ki, cari ildə daxili dövlət borcu üzrə ödənişlər dövlət büdcəsinin tərkibində 958,0 milyon manat (136,8 milyon manat əsas borc və 821,2 milyon manat faiz borcu) proqnozlaşdırılır ki, bu da dövlət borcuna xidmətlə bağlı xərclərin ümumi məbləğinin 39,9 faizinə, habelə dövlət büdcəsi gəlirlərinin 2,5 faizinə, dövlət büdcəsi xərclərinin isə 2,3 faizinə bərabərdir. Bu məbləğ, 2024-cü ilin ilkin proqnozundan 458,0 milyon manat, yenidən baxılmış məbləğdən isə 787,7 milyon manat çoxdur: “Xərclərin artımının əsas səbəbi iki istiqamətdə özünü göstərir. Birincisi hökumətin zəmanətli öhdəliklərinin vaxtında icra edilməsi məqsədilə "Aqrarkredit" BOKT-un öhdəliklərinin daxili dövlət borcu kimi təsnifləşdirilməsi və bu öhdəliklər üzrə növbəti il ödənilməli olan 136,0 milyon manat əsas borc və 13,2 milyon manat faiz borcu ödənişlərinin daxili dövlət borcuna xidmət xərclərində nəzərə alınması, ikincisi isə emissiya edilmiş dövlət istiqrazlarının faiz dərəcələrinin yüksəlməsi ilə əlaqədardır".

2024-cü ilin ilkin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2025-ci il üzrə xarici dövlət borcunun faiz xərcləri 22,9 faiz azalsa da, daxili dövlət borcunun faiz xərcləri 64,2 faiz artıb. Yenidən baxılmış göstərici ilə müqayisədə artım 4,8 dəfədir. Hesablama Palatasına görə, bu artım daxili dövlət borcunun faiz yükünün artımı ilə bağlı etdiyi çağırışların reallaşdığını deməyə əsas verir: “Eyni zamanda qeyd edilməlidir ki, daxili borcun həcminin artması bazarın kifayət qədər inkişafına səbəb olmamış, lakin büdcə xərclərinin artmasına gətirib çıxarmışdır. Bundan əlavə, hesab edirik ki, cari dövrə qədər dövlət istiqrazlarının emissiyasından əldə edilən vəsaitlərin xarici borc portfelindəki dəyişkən faiz dərəcəsi ilə cəlb edilmiş kreditlərin vaxtından əvvəl geri ödənilməsinə yönləndirilməsi və yalnız sabit faizli kreditlərin saxlanılmasının təmin edilməsi faiz dərəcələrinin dəyişkənliyindən irəli gələn maliyyə təzyiqlərinin qismən azaldılmasına və nəticədə dövlət borcuna xidmət xərclərində əlavə maliyyə xərclərinin yaranmasının qarşısını almağa kömək edərdi”.

Maraqlıdır ki, bu ilin əvvəlindən Maliyyə Nazirliyi tərəfindən dövlət istiqrazlarının yerləşdirilməsi həyata keçirilməyib. Halbuki 2024-cü ilin yanvar-fevralında 7 dəfə istiqrazlar üzrə hərraclar elan edilib. Yanvarda bir, fevralda bir hərrac emitentləri gəlirlilik səviyyəsi qane etmədiyinə görə baş tutmayıb. Hər iki hərrac 3 illik istiqrazlar üzrə keçirilməli idi. İki ayda 5 hərracda Maliyyə Nazirliyi tərəfindən ümumi həcmi 519 milyon manat olan istiqrazlar yerləşdirilib. Onların böyük əksəriyyəti bir illik istiqrazlar olub. Hərrac yekunlarına dair məlumatlardan aydın olur ki, 1 illik istiqrazlar üçün müraciətlərin məbləği təklifdən 3-4 dəfə yüksək olub. 1 illik istiqrazların gəlirlilik səviyyəsi 7 faiz, 3 illik istiqrazlarınkı isə 8 faizdən yüksək müəyyən olunub.

Bu il isə Maliyyə Nazirliyi nəinki borclanmaya getməyib, əksinə, 2023-2024-cü illərdə yerləşdirilmiş 4 istiqrazın vaxtından əvvəl geri alınması qərara alınıb. Nazirliyin yaydığı məlumatdan aydın olur ki, Bakı Fond Birjasının ticarət platforması vasitəsilə yerləşdirilmiş AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının Buraxılış Şərtlərinin 3.2-ci bəndinə əsasən 2025-ci il 25 fevral tarixində vaxtından əvvəl geri alınması üzrə Bakı Fond Birjasında hərracın keçirilməsi nəzərdə tutulur.

Bakı Fond Birjasının elanından aydın olur ki, geri alınacaq istiqrazların ümumi məbləği 490 milyon manat təşkil edir. Həmin istiqrazların bəzilərinin ödəniş müddəti bu ilin sonunda tamam olurdu. Onların vaxtından əvvəl geri alınmasını həm də Maliyyə Nazirliyinin timsalında hökumətin daxili borclanmanı artırmaq siyasətindən çəkilməsi kimi də qiymətləndirmək olar. Bu, həmçinin Hesablama Palatasının son illərdə təkidlə irəli sürdüyü təkliflərin nəzərə alınmasının göstəricisi ola bilər.

Manatın dövretmə sürətinə hansı amillər təsir edib? – ekspert şərh edir -  26.07.2021, Sputnik Azərbaycan

 Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, xarici və daxili dövlət borcu ilə bağlı balansın tapılması çox vacibdir: “2015-ci ildən sonra Azərbaycan hökuməti xarici borcun azaldılması siyasəti yürütməyə başlayıb. Buna daha çox daxili borclanma yolu ilə nail olunub. Lakin 2023-2024-cü illərdə daxili borclanma prosesində müəyyən arzuolunmayan məqamlar formalaşmağa başlayıb. Bura ilk növbədə daxili bazarda borclanma faizlərinin kəskin artımı aiddir. Nəinki Maliyyə Nazirliyinin buraxdığı istiqrazların, həmçinin Mərkəzi Bankın notlarının da faizi 4-5 faizdən 8-9 faizə yüksəldi. Nəticədə bu kağızların əsas alıcısı olan bank sektoru bazardan maliyyəni daha yüksək faizlərlə cəlb etməyə başladı. Beləliklə, əmanət faizləri yüksəldi, onun həcmi sürətlə artdı. Əmanət faizləri kredit faizlərini də arxasınca çəkməkdədir. Bundan əlavə, banklar vəsaitlərini daha çox qısamüddətli dövlət qiymətli kağızlarına yönəltməyə başladılar, real iqtisadiyyatın maliyyələşməsi arxa plana keçdi. Digər tərəfdən, faizlərin artması dövlətin maliyyə yükünü də artırdı. Son iki ildə dövlət büdcəsinin daxili borclara xidmət xərcləri 1 milyard manatdan 2 milyard manatdan yuxarıya artdı. Bu, çox ciddi bir göstəricidir. Eyni zamanda borclanma ilə əlaqədar ödənişlərin yaxınmüddətli dövrdə konsentrasiyası qeydə alındı. Təsəvvür edin ki, ümumi daxili borcların 73 faizinin yaxın 2-3 ildə qaytarılması lazımdır. Bu, 7 milyard manata yaxın vəsait deməkdir. Belə yüksək məbləğ həm dövlət büdcəsi üzərində ağır yük yaradır, həm də bazarda likvidlik problemini formalaşdırır. Buna görə də bu sahədə ciddi siyasət dəyişikliyi zərurəti var. Düşünürəm ki, bu ilin ötən dövründə yeni yerləşdirilmənin olmaması, bir sıra istiqrazların vaxtından əvvəl geri alınması bu dəyişikliyin başlanmasından xəbər verə bilər”.

Ekspertə görə, yaxınmüddətli dövrdə daxil borc faizlərinin yaratdığı risklərin təsirinin azaldılması üçün daxili borclanma səviyyəsinin tənzimlənməsi ilə bağlı qərarlar alına bilər.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR