İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının dalana dirənən avtobus problemi - çıxış yolu yoxdurmu...

Məqsəd gedişhaqqını artırmaqdır, yoxsa...; ekspert: “Nəqliyyat sahəsində idarəetmənin qənaətbəxş olmaması vəziyyəti kritik həddə çatdırıb”

Paytaxt Bakıda ictimai nəqliyyatın fəaliyyəti aylardır ki, iflic vəziyyətindədir. Bakı Nəqliyyat Agentliyinin Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi də vəziyyəti dəyişmədi. Əksinə, durum günbəgün gərginləşir, avtobuslar bəzən 40-45 dəqiqə gecikmə ilə gəlir, gələndə də yer olmur, habelə sürücülərin davranışları da düzəlmir.

Bir neçə həftə öncə daşıyıcı şirkətlər hökumətə qiymət artımı ilə bağlı müraciət etmişdilər. Həmin vaxt belə iddia yayılmışdı ki, daşıyıcı şirkətlər qəsdən ictimai nəqliyyatda xaos yaradır. Məqsəd odur ki, indiki qiymətlərlə keyfiyyətli işləməyin mümkünsüzlüyü görüntüsünü yaratmaqla, qiymət artımına nail olsunlar. Deyəsən, hökumət bunu başa düşdü və qiymət hələlik artırılmayıb. Ancaq avtobusların fəaliyyətində də heç bir nizam yaradılmır, hər gün yüz minlərlə Bakı sakini küçələrdə qalır, işə gecikir, əsəb sarsıntısı yaşayır.

Bakı Nəqliyyat Agentliyinin avtobus çatışmazlığı ilə barədə açıqlamalarında daşıyıcı şirkətlərlə bağlı problem olduğu bildirilir. Qeyd etmək yerinə düşər ki, bugünlərdə yayılan məlumatda qeyd olunub ki, Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən “Çinar-Trans” MMC Türkiyə Respublikasının “Anadolu İsuzu” şirkətindən 25 ədəd 12 metrlik “İsuzu Citiport” markalı avtobus alıb. AVRO-6 standartlarına cavab verən “İsuzu Citiport CNG” markalı avtobusların 15 ədədi gətirilib: “Daha 10 ədəd avtobus isə yaxın vaxtlarda paytaxta çatdırılacaq. 15 ədəd avtobus 202 nömrəli müntəzəm marşrut xətti üzrə istismara buraxılacaq. Gündəlik 13 min nəfərdən artıq sərnişinin istifadə etdiyi 202 nömrəli marşrut xətti üzrə hazırda istismarda olan avtobusların texniki vəziyyəti qənaətbəxş deyil. Bu xətt üzrə xidmət keyfiyyətinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. Yeni avtobusların istismara verilməsi Biləcəri qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada təşkilinə imkan verəcək. Gətiriləcək digər 10 ədəd avtobus isə "Çinar-Trans" MMC-nin istismarında olan 133 nömrəli xətt (Binəqədi qəsəbəsi-Gənclik m/st-sı) üzrə daşımalara cəlb olunacaq", - deyə açıqlamada qeyd olunub.

Ərşad Hüseynov: “Bir azdan hamı gürcü avtomobili sürəcək” - 25.04.2019,  Sputnik Azərbaycan

 Ərşad Hüseynov

Hüquqşünas Ərşad Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hökumət zamanında mümkün olan tədbirləri görmüşdü, lakin nəqliyyat sahəsində idarəetmənin qənaətbəxş olmaması vəziyyəti kritik həddə çatdırıb: “Yüz minlərlə Bakı sakininin ictimai nəqliyyata normal əlçatımlığı yoxdur. Digər tərəfdən də rəqəmlər açıqlanır ki, qarajda xəttə buraxılmayan avtobuslar var. Yaxud həmin avtobuslar baha qiymətə alınsa da, sonradan yaranmış texniki problemlər aradan qaldırılmayıb. Bu, dövlət biznesinin idarə olunmasındakı yanlışlıqlardan biri deməkdir. Şəffaflığı təmin etmək üçün dövlətin qurduğu biznesi özəl sahibkarlara vermək lazımdır. Əslində dövlət vəsaitlərini səmərəli istifadə etmək üçün daha uyğun, əlverişli qiymətə, müasir standartlara cavab verən başqa avtobuslar alına bilərdi. O zaman vəsaitlər daha səmərəli xərclənmiş olardı. Bakıya indi mövcud olandan daha çox avtobus lazımdır. Onları özəl sahibkarlara müəyyən şərtlərlə vermək lazımdır. Dövlət bundan heç nə itirmir, sahibkar isə qoyduğu sərmayəni tədricən geri qaytarır. Eyni zamanda özəl sahibkar öz riskləri hesabına daha səmərəli idarəetmə həyata keçirir. Məsələn, şişirdilmiş qiymətə ehtiyat hissələri almır, bahalı servis xidmətləri həyata keçirmir. Sərnişindaşıma şirkətlərinin haqlı iradları nəzərə alınmalıdır. Amma çıxış yolu qiymətləri artırmaq deyil. İctimai nəqliyyat  Azərbaycanda dövlət tərəfindən tənzimlənən xidmətlərdən biridir. Qiymət artımı insanların gündəlik həyat tərzinə və mənafeyinə ciddi təsir edən bir nüansdır. Bu qiymətləri necə gəldi dəyişdirmək olmaz. Əks təqdirdə, insanların rifah halına çox pis təsir edəcək. Qiymətlərin qaldırılması insanların sosial vəziyyətlərinin pisləşməsi ilə yanaşı, yol hərəkəti təhlükəsizliyində də problemlər yaradacaq. Belə ki, insanlar avtobus əvəzinə taksidən istifadə etməyə, bir qisim insanlar isə kredit yolu ilə də olsa, özünə avtomobil almağa başlayacaq. Yollardakı tıxacı təsəvvür edə bilirsinizmi? Onsuz da günümüzdə ictimai nəqliyyata maraq azdır. Bir sözlə, avtobusda gediş haqqını artırmaq olmaz”.

Ekspert daşıyıcı şirkətlərin tıxacları əsas gətirməsi ilə bağlı məqama da toxundu: “Səbəblərdən bəzilərinin bilavasitə nəqliyyatla bağlılığı ilk baxışdan görünmür (amma əslində onlar da sözün geniş mənasında yol-nəqliyyat infrastrukturuna bağlıdır). Bunlardan bir qrupu məskunlaşmadan, şəhərsalmadan irəli gələn səbəblərdir. Şəhərin daxili hissələrinin son illər ciddi sıxlaşdırıldığı, bəzi məhəllələrin beton cəngəlliyə çevrildiyi göz qabağındadır. Şəhər ətrafında, təxminən 20-25 il əvvələdək boş olan ərazilərdə isə cəngəlliksayağı, plansız məskunlaşma göz qabağındadır. Heç bir mobillik planı, yol-nəqliyyat infrastrukturunun indiki və perspektiv vəziyyəti nəzərə alınmadan aparılan belə məskunlaşma səbəbindən insanlar elementar gündəlik ehtiyacları (işləmək, uşağı bağçaya və məktəbə aparmaq, normal alış-veriş etmək və s.) üçün kifayət qədər uzaq məsafəyə getməyə məcburdurlar. Üstəlik, həmin məskunlaşma zonalarında normal küçə-yol şəbəkəsi də saxlanılmayıb. Daşıyıcı şirkətlər yeni avtobusların alınmasında həm də buna görə maraqlı deyillər. Nəticədə ictimai nəqliyyata əlçatımlıq bugünkü kimi bərbad vəziyyətə düşüb. Tıxac problemi avtobuslarda sıxlığın daha da artmasına səbəb olur. MM-in iclasında deputat Rauf Əliyev bu məsələyə toxunmuşdu. Onun dediklərinə əsasən, məsələn, Binə qəsəbəsində 149 saylı məktəb 1350 şagird yerlik olsa da, orada 4483 şagird var, Buzovnadakı 26 saylı məktəb isə 2300 şagird yerlik olsa da, faktiki şagird sayı 4230-dur. Yəni məktəb çatışmazlığı var. Oxşar, bəlkə də daha betər vəziyyət Abşeron aqlomerasiyasının bütün yeni məskunlaşma ərazilərində - Xırdalanda, Masazırda, Hövsanda, Binəqədidə və s.-də də var. Bunun nəticəsində on minlərlə şagird həmin yaşayış məntəqələrindən şəhər daxilindəki məktəblərə gətirilir. Yeni məskunlaşma ərazilərində mövcud olan az sayda məktəblərin təlim-tədris prosesinin bəyənilməməsi səbəbindən xeyli valideynin şəhər məktəblərinə üstünlük verməsi bu işi bir az da ağırlaşdırır. Nəticədə şəhər girişlərində və xeyli küçələrdə tixac yaranır. Tətil vaxtı həmin yerlərdə tıxacın olmaması, yaxud daha dözülən olması bunu aşkar təsdiq edir. Məsələnin həlli üçün ən azı bundan sonra belə cəngəlliksayağı məskunlaşma və sıxlaşmanın qarşısı alınmalıdır. Həmin ərazilərdə normal məktəblər tikilməli, müasir mobilliyə hesablanan infrastruktur yaradılmasına başlanmalıdır...”

Qeyd edək ki, Bakıda son 7 ildə 1500 ədədə yaxın sərnişindaşıma tələblərinə cavab verən orta və iritutumlu avtobuslar gətirilərək istismara verilib. Ümumilikdə müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobusların 70%-i yenilənib. Avtobusların böyük əksəriyyəti dövlət investisiyası hesabına alınıb.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR