İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının Baş planında nələr var - 2040-cı ilədək paytaxt necə dəyişəcək...

Ekspertlərə görə, daha çox nəqliyyat infrastrukturunun qurulmasına diqqət ayrılıb

Bakı şəhərinin izahlı Baş planı təqdim olunub. “Yeni Müsavat” xəbər verir ki, Baş plan Arxitektura Komitəsinin saytına yerləşdrilib  və burada paytaxtımızda 2040-cı ilədək görüləcək işlər öz əksini tapıb. 

Qeyd edək ki, neçə müddət idi ki, Bakının Baş planının yubanması ilə bağlı narazılıqlar var idi. Xüsusilə də bəzi nəqliyyat ekspertləri bildirirdilər ki, bundan sonra baş plan hətta hazır olsa belə, bunu reallaşdırmaq mümkün olmayacaq, çünki nəzərdə tutulan ərazilərdə çoxmərtəbəli binalar tikilib, bəzi yollar, səkilər tamamilə ləğv edilib, infrastruktur dəyişdirilib.   

Nəqliyyat üzrə ekspert Ramil Osmanlı izahlı baş planı şərh edərkən deyib ki, 25 yeni metro stansiyasının tikilməsi, “28 May” metrostansiyasının yenidən qurulması, velosiped, tramvay yollarının çəkilməsi çox gözəldir: “Təki reallaşsın. Baş plan Bakı şəhərinin 2040-cı ilə qədər inkişafını nəzərdə tutan 2020-2027-ci və 2028-2040-cı illəri əhatə edəcək 2 mərhələni nəzərdə tutur. Qeyd olunacaq müddət ərzində ümumilikdə paytaxtın müxtəlif istiqamətli inkişaf-şəhərsalma konsepsiyası üçün nəzərdə tutulan maliyyə vəsaitinin məbləği 93,5 milyard manatdan bir qədər artıqdır. Həmin məbləğin 33 milyard manatdan çoxu bilavasitə özəl investisiya mənbələri hesabına, qalan 60,5 milyard manatı isə dövlət (büdcə və s.) və dövlət və özəl maliyyə mənbələri hesabına qarşılanacaq.

Bələdiyyələr tariflərin 7 dəfə artırılmasından narazıdır — Ekspert isə  ədalətli sayır

 Ramil Osman

Layihənin icrasına iki qurumun nəzarət edəcəyi sənəddə öz əksini tapır ki, burada da əsas arbitr Şəhərsalma və Arxitektura Komitəsidir. Diqqəti çəkən ikinci - İnvestisiya Holdinqinin nəzdində yaradılması nəzərdə tutulan Azərbaycan İnkişaf Korporasiyası adlı yeni qurumdur. Mənə tam aydın olmayan Bakının Baş planının icrası ilə bağlı nəzərdə tutulan ikinci dərəcəli qurumun bütün ölkə coğrafiyasına hesablanması ilə bağlı olan məqamdır. Nəhayət, burada bir istiqamət də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunmalı olan vacib bir sənəd var ki, CİS (Coğrafi İnformasiya Sistemi) adlanır və hələ ki hazır deyil. Ümid edək ki, xidmət bu sənədi tez bir zamanda ortaya qoysun və bu, layihənin ərazi fəaliyyət planlaması və rayonlar, fərdi torpaq sahələrinin müəyyən olunması üçün çox vacibdir. 

Layihədə ən diqqət çəkən məqamlardan biri də DÖƏ-nin (dövlət-özəl əməkdaşlığı) qurulması məqsədilə köməkçi korporasiyaların yaradılması məsələsidir. Açığı, bu layihəni əvvəlki kimi Asiya ölkələrindən birində fəaliyyət göstərən bir şirkət hazırlamış olsaydı, bu məsələnin üzərindən sakit keçmək olardı. Amma Almaniyada fəaliyyət göstərən bir şirkətin hər fürsətdə əlini dövlətə tərəf, büdcə vəsaitlərinə uzatması maraqlı görünür və adam burada bir azərbaycanlı barmağının olmasından şübhələnir. Təki şübhələrimizdə yanılaq". 

Ekspert əlavə edib ki, baş planda infrastrukturla bağlı geniş proqramların nəzərdə tutulması, ictimai nəqliyyatın inkişafı, avtomobilləşmənin təşviqi, alternativ enerjiyə diqqətin artırılması, yaşıl və sağlam ətraf mühitin inkişaf etdirilməsi təqdirəlayiqdir: “Qeyd olunan rəqəmlər reallaşarsa, ümid edirəm ki, 2040-cı ilin Bakısı tamamilə fərqli olacaq. Amma ekosistemin əsas sahələrindən biri olan tikinti sektoru, xüsusilə mənzil tikintisi, deyəsən, prioritetlərdən uzaqlaşıb, ya da başqa şəhərlərə doğru uzanıb. Belə olmasaydı, 2027-ci ildə adambaşına düşən mənzil sahəsi 23,6 kv.m-dən cəmi 1,2 kv.m artımla 2040-cı ildə 24,8-də dayanmazdı. 

Ən maraqlı və layihənin ilkin mərhələsi üçün nəzərdə tutulan “Ulduz” metrostansiyası ətrafındakı 100 hektarlıq sənaye ərazisinin yenidən qurulması və H.Əliyev Beynəlxalq Hava Limanı yaxınlığında yeni xidmət sahələrinin inkişafı ilə bağlı prioritetlərdir.  “Ulduz” tərəfdəki sənaye istiqamətinin içərisində ölkənin inşaat materialları idxalının azaldılması sənəddə xüsusi olaraq qabardılır, amma bunun təqribən 3-4 kilometr ərazidə yaradılacaq 60 hektarlıq Böyükşor ekoloji parkına uyğun olub-olmaması yaddan çıxarılır". 

Bayramla bağlı nəqliyyat ekspertindən təklif:

Aslan Əsədov 

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Bakının Baş planında görünür ki, nəqliyyat infrastrukturunun qurulmasına və nəqliyyatın daha çox tənzimlənməsinə xüsusi diqqət ayrılıb. Düzdür, burada məskunlaşma ilə bağlı xüsusi qrafik var, 200 min mənzilin yaradılması ilə bağlı plan var. Amma bu məsələnin öz həllini tapması üçün digər nəqliyyat infrastrukturunun yaradılmasına, tramvay, trolleybus və digər alternativlərin yaradılması çox vacibdir. Tramvay və trolleybus xətləri Bakı şəhərində əvvəllər də var idi. Burada hər hansı bir küçənin genişləndirilməsi, sırf tramvay və trolleybuslar üçün sonradan yenidənqurma işləri görülməyib. Bu səbəbdən də əvvəl küçələr necə idisə, yenə də olduğu kimi qalır. Orada artıq nəyisə əlavə etməyə ehtiyac da yoxdur. Ümumilikdə isə baş planın qəbul edilməsi daha vacib elementlərdən sayılır. Necə ki, konstitusiya dövlətin necə ana qanunudur, baş plan da şəhərsalma və şəhər üçün qanuni bir prosesdir”.

2027-ci ilin sonunadək Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası da planlaşdırılıb.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında bildirilib.

Qeyd edilib ki, “Bakı-Sumqayıt şosesi”ndə, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyat sıxlığının qarşısının alınması, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə M-1 və M-4 avtomobil yollarını Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində “Xarici Dairəvi Yolu” ilə birləşdirən paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılıb.

Habelə, Qaraçuxur və Xırdalana metro tikintisi də planda var. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR