İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının avtobus problemini həll etmək niyə mümkün olmur? - təklif

Nəqliyyat eksperti: “Əsas infrastrukturu qurub sonra tələb formalaşdırmaq olar”

Ta sovetlər dövründən indiyədək Bakının həllini tapmayan problemlərindən biri də avtobuslarla bağlıdır. Uzun illərdir bu məsələnin həlli üçün təkliflər verilir, müəyyən addımlar atılır, keyfiyyətin yüksəldilməsi vədi ilə qiymətlər artırılır, ayrıca avtobus zolaqları çəkilir, ancaq arzuolunan səviyyəyə gəlib çatmaq mümkün olmur. Vətəndaşlar sosial şəbəkələrdə avtobuslarda basabasdan, qrafik gecikmələrindən, saatlarla yollarda qalmalarından gileylənirlər. Habelə, xüsusilə Bakıətrafı qəsəbələrə işləyən avtobusların əksərinin standartlara cavab verməməsi, köhnə olması da ayrı bir mövzudur. 

Paytaxtın avtobus problemini niyə həll etmək mümkün olmur? Bu artıq xroniki “xəstəlik”dirmi, çarəsi yoxdurmu?

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, şəhər nəqliyyatının çeşidli olması vacib elementlərdən biridir. Ekspert hesab edir ki, subsidiyalaşma, stabil maliyyələşmə də önəmli faktordur: “Pandemiya dövründə bir çox daşıyıcının vəziyyəti pisləşdi. Dünyada istehlak zənciri pozuldu. Bəzi məhsulların, ehtiyat hissələrinin gətirilməsi ilə bağlı problemlər yaşandı, eyni zamanda qiymət artımı baş verdi. Yekun nəticə özünü daşıyıcıların vəziyyətində göstərdi. Hazırda fərqli islahatlar aparılır. Şəhər yollarında marşrutların tıxacda dayanmaması üçün onların üstünlüyü təmin olunmalıdır, ayrılmış avtobus zolaqları şəbəkəsi yaradılmalıdır. Azərbaycanda bu təcrübə olub. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları zamanı biz bunu müşahidə etdik. Son yaddaqalan tədbirlərdən biri Xırdalan dairəsindən Avtovağzal kompleksi istiqamətində olan hissədə xüsusi avtobus zolağı yaradılmasıdır. Avtobus zolaqlarının təşkil olunması rahat, komfortlu hərəkəti təmin edir.  İşləkliyin təmin olunması üçün isə sərt nəzarət olmalıdır. Əgər ehtiyac varsa, cərimələrə yenidən baxılmalıdır. O cümlədən müasir tətbiq vasitələrindən istifadə etməklə, məsələn, kamera quraşdırmaqla avtobus zolağına daxil olan digər nəqliyyat vasitələrini müəyyən etmək olar. Hətta təkrar qayda qozuntusu törədən sürücülərin sürücülük hüququndan məhrum edilməsi də çıxış yolu ola bilər. Bu barədə statistikanın cəmiyyətə çatdırılması da önəmlidir. Brutto-xərc müqaviləsinə keçid təmin olunmalıdır. Düşünürəm ki, AYNA bu istiqamətdə müvafiq işləri görür. Son islahatların nəticəsində həm sərnişin, həm də yükdaşıyanlarla bağlanmış müqavilələrin müddəti uzadıldı. Bu da müsbət haldır.  Buna qədər əgər bir illik müqavilələr bağlanırdısa, bu ildən etibarən daşıyıcılarla 7 illik müqavilələr bağlanır. Bu da daşıyıcıların gələcəkdə kredit əldə edə bilməsi üçün önəmli qərardır. Amma bunun ardı gəlməlidir. Hər bir sərnişinə görə subsidiya olunmalıdır. 0,40 AZN daşıyıcıların xərcini ödəmir. Böyük şəhərlərdə sərnişindaşıma hər zaman subsidiya olunub. Lakin gediş haqqını artırmaqla məsələ həll olunmur. Xərclərin qarşılanması üçün mənbə olmalıdır. Şəhər bələdiyyəsi olduqda xərcləri bələdiyyə qarşılayır, digər şəhərlərdə isə müvafiq icraedici orqanlar”.

Rauf Aghamirzayev on LinkedIn: Taksilərlə bağlı yeni qaydalar: dəyişən  nədir? | Sabaha saxlamayaq |…

“Avtobus zolaqlarının çəkilməsi yetərli deyil, sərt nəzarət olmalıdır”

R.Ağamirzəyev şəhər əhalisinin sayının artması ilə əlaqədar nəqliyyatda yaranan çətinlikləri də şərh etdi: “Sərnişin axını bölünməlidir. Bunun üçün ən effektiv yol ilk növbədə sərnişindaşımada çeşidliliyi artırmaqdır. Bundan başqa, qısa məsafələrdə hərəkət üçün piyada infrastrukturu və veloinfrastruktur qurulmalıdır. Piyadaların hərəkəti üçün nəzərdə tutulan hissələrdə dirəklər, köşklər, müəyyən tikililərin olması ilə əlaqədar avtomobil yoluna çıxma məcburiyyəti varsa, zamanla bu, vərdiş yaradır. Piyada küçəboyu düz hərəkət edə bilmirsə, sərnişin məsuliyyətindən danışmağa ehtiyac qalmır. Əsas infrastrukturu qurub ondan sonra tələb formalaşdırmaq olar. Xüsusilə nəzərə almaq laızmdır ki, şəhər əhalisinin 30 faizi az mobillidir - yaşlılar, əlillər, uşaqlılar. Bu kateqoriyalardan olan vətəndaşlar üçün rahat keçidlər təmin olunmalıdır. Artıq yeraltı, yerüstü keçidlərin təşkil edilməsi gündəmdə deyil, çünki hamısı əlavə xərc tələb edir. Yeraltı və yerüstü keçidlər əvəzinə xüsusi işıqforlar qoymaq daha ucuz, daha tez başa gəlir. Ən əsası, insanlar üçün daha komfortludur”. 

Xatırladaq ki, bu yaxınlarda Baş Dövlət Yol Polisi İdarəsi sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib. Müraciətdə avtobus və mikroavtobus sürücüləri tərəfindən tez-tez yol-nəqliyyat hadisələrinin törədildiyinə diqqət çəkilib: “Təsadüfi deyil ki, təkcə cari ilin 9 ayı ərzində respublika ərazisində avtobus və mikroavtobusların iştirakı ilə 1806 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə avtobus sürücülərinin təqsiri ucbatından 17 nəfər həyatını itirib, 25 nəfər isə xəsarət alıb. Bu statistikanın yekun hüquqi qiymətini almış yol-nəqliyyat hadisələrini ifadə etdiyini və hələ onlarla icraatın ibtidai araşdırma mərhələsində olduğunu nəzərə alsaq, görərik ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Təhlillər göstərir ki, ölkəmizdə avtobus və mikroavtobusların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərən başlıca amillərdən biri də qəzada iştirak edən ictimai nəqliyyat vasitələrinin köhnəlmiş, texniki-təhlükəsizlik baxımından yararsız olmasıdır. Araşdırmalar zamanı qeyri-qanuni yollarla texniki baxışdan yayındırılan, nasaz halda istismar edilən avtobusların əsasən mərkəzdən kənarda, Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərdiyi müəyyən edilib. Həmin sürücülərin, eləcə də avtobusların məxsus olduğu şirkətlərin müəyyən edilməsi, bu sahədə nizam-intizamın yaradılması məqsədilə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Lakin dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də dövlət qeydiyyat nişanını müxtəlif üsullarla gizlədərək inzibati məsuliyyətdən yayınmağa çalışan, nasaz vəziyyətdə olan avtobus və mikroavtobuslarla sərnişin daşıyan, alkoqoldan, narkotik vasitələrdən istifadə edərək sərxoş vəziyyətdə sərnişinlə dolu avtobus idarə edən sürücülərə rast gəlinir ki, bu da sonda böyük faciələrin yaşanmasına gətirib çıxarır. Bir daha texniki standartlara cavab verməyən, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan avtomobillərlə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırırıq ki, bu kimi hallar aşkarlandığı təqdirdə həmin şəxslər barəsində ciddi tənbeh tədbirləri görüləcək”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR