İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının “Ağ şəhər”dən “Qara qitə”yə uzanan siyasəti

Azərbaycan Yaxın Şərqdən uzaq Afrikaya qədər siyasi-iqtisadi, humanitar proseslərdə iştirak edir; bunun səbəbləri odur ki...

Bakının Afrika ölkələri ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirməsi siyasi konyukturanın yox, ardıcıl və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir. Şərq və Qərb arasında yerləşməsinə baxmayaraq, Azərbaycan Afrika qitəsindəki ölkələrlə əlaqələrin inkişafına maraq göstərir, gələcək əməkdaşlıq üçün qarşılıqlı faydalı imkanlara yol açır.

Uzun illər Qərbin amansız istismarına məruz qalan “Qara qitə” ölkələrinin “soyuq müharibə”nin başa çatmasından sonra geosiyasi arenada çəkisinin artması Bakının kontinentlə siyasi-iqtisadi əlaqələrinin yaradılmasına və inkişaf etdirilməsinə təkan verir. Azərbaycanın Afrika siyasəti iki istiqamət üzrə həyata keçirilir. Bu siyasətin bir istiqamətini Afrikanın müsəlman dövlətləri ilə hərtərəfli münasibətlər yaratmaq, iqtisadi, siyasi, mədəni əlaqələr qurmaq, bu ölkələrin imkanlarından ölkəmizin daxili və xarici problemlərinin həllində, milli maraqlarımızın qorunmasında istifadə etmək təşkil edir.

Digər istiqamət isə qitənin digər ölkələri ilə münasibətlər üzərində qurulub. Xüsusən BMT çərçivəsində, beynəlxalq qurumlarda Afrikanın böyük, nüfuzlu dövlətlərinin dəstəyini qazanmaq, Azərbaycanın beynəlxalq hüquqlarının təmin olunmasında onların səsindən, mövqeyindən istifadə etmək müstəqil dövlətimizin xarici siyasət vəzifələrinə daxildir. Çünki Afrika ölkələri BMT üzvlərinin 13 faizini təşkil edir və istənilən səsvermədə ciddi faktor rolunu oynayırlar. Bundan başqa, “bitərəf dövlətlər” Beynəlxalq Frankofon Təşkilatının (BFT) yarıdan çoxunu, İslam Konfransı Təşkilatının (İKT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) üçdən birinə qədərini təşkil edir. Azərbaycanın Afrika dövlətləri ilə münasibətlərini yaxşılaşdırması beynəlxalq platformalarda ölkəmizin mövqeyinə uyğun məsələlərdə dəstək almaq üçün vacibdir. Azərbaycan Fransa və digər ölkələrin müstəmləkə siyasətinə qarşı mübarizə aparan və Afrika dövlətlərinə dəstək verən azsaylı ölkələrdən biridir.

Azərbaycanın beynəlxalq platformalarda müstəmləkəçilik siyasətinə qarşı açıq mövqe nümayiş etdirməsi Afrikada müsbət qarşılanır. Azərbaycan Afrika dövlətlərinin siyasi və iqtisadi müstəqillik yolunda apardığı mübarizəyə həm diplomatik, həm də humanitar dəstək göstərir. Somali prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana ikigünlük rəsmi səfəri zamanı imzalanan sənədlər bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq Afrika qitəsi ilə əlaqələrini daha da gücləndirmək niyyətindədir. Bu münasibətlər həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həm də Afrikanın inkişafına töhfə verəcək. Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı fayda gətirəcək və uzunmüddətli strateji tərəfdaşlığa zəmin yaradacaq.

Azərbaycanın Afrika, Şərqi Asiya və Cənubi Amerikanın geniş ərazilərinə daxil olması böyük proqnoz potensialına malikdir. Birincisi, Bakı əslində planetin “resurs anbarı” olan ölkələrdə öz mövqeyini möhkəmləndirir. Böyük qloballaşma dünyasına yenicə qədəm qoyan bu regionlara və ölkələrə təsir etmək üçün çox sərt rəqabət artıq baş verir.

Bir qayda olaraq, “birinci dərəcəli dövlətlər” - ABŞ, Fransa, Böyük Britaniya artıq çoxdan oradadır. Çin də eyni paradiqmada fəaliyyət göstərir, o cümlədən Rusiya da “sovet beynəlmiləlçiliyi” ənənələrinin qalıqlarından istifadə edərək bu regionlara qayıtmağı hədəfləyib.

Azərbaycan bu kimi nəhəng dövlətlərlə Afrikada iqtisadi mövqelərini gücləndirməkdən çəkinmir. Bakının Afrika ölkələri ilə uğurlu əməkdaşlığının əsasları Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə qoyulub.

Azərbaycan Avrasiya regionunun bir sıra ölkələri kimi Afrika ölkələri ilə də bir sıra iqtisadi sektorlar üzrə əməkdaşlığı dərinləşdirə bilər. Eyni zamanda xüsusən də Bakının əsas iqtisadi tərəfdaşları - Rusiya, Türkiyə, Çin və Fars körfəzinin ərəb ölkələri artıq Afrikada kifayət qədər fəal olduqları üçün Azərbaycan şirkətləri karbohidrogen yataqlarının işlənməsində və mədən layihələrində iştirak edə bilərlər.

Qabil Hüseynli: Britaniya hökuməti öhdəliklərini yerinə yetirməli idi

 Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanın Afrika ölkələri ilə əlaqələri Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı platformalarında daha effektivdir. Onun fikrincə, COP29 konfransında iştirak edən Afrika dövlətlərinin hər biri ilə ayrılıqda münasibətlər inkişaf etməkdədir: “Azərbaycanın xarici siyasəti çoxşaxəlidir. Biz enerji məhsullarını Avropa qitəsinə ixrac edirik, Afrika qitəsinə isə neft-qaz satmasaq da, başqa sahələrdə əməkdaşlıqlar mövcuddur. Bizim Cənub-Şərqi Asiyadan Afrikaya qədər uzanan bir siyasət həyata keçiririk. Azərbaycan xüsusən son illərdə "qara qitə"yə açılmağa başladı. Bunun da daha çox siyasi səbəbləri var. Rəsmi Bakı BMT-də onların ciddi dəstəyini qazanıb. Qarabağ məsələsində Afrika ölkələri Azərbaycanla həmrəy olublar. Eynilə biz də Fransanın bu qitədəki müstəmləkəçilik siyasətinə qarşı həmin ölkələrlə həmrəylik nümayiş etdirmişik".

Q.Hüseynli hesab edir ki, Afrika qitəsi ilə kənd təsərrüfatı, balıqçılıq, yaşıl enerji, humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün potensial mövcuddur: “Artıq ərazi ilə siyasət ölçülmür. Təkcə Avropaya baxmırıq, daha uzaqlara açılmaq hədəflərimiz var. Bu məsələdə Türkiyənin və Türk Dövlətləri Təşkilatının da mühüm rolunu qeyd etmək lazımdır. Azərbaycan Yaxın Şərqdən uzaq Afrikaya qədər siyasi-iqtisadi, humanitar proseslərdə iştirak edir. Onu da deməliyəm ki, 2011-ci ildən Azərbaycan Afrika İttifaqı yanında müşahidəçi statusu qazanıb. O dövrdə qeyri-üzv dövlət olan Azərbaycanın Somaliyə maliyyə töhfəsi olub. Həmçinin ASAN Xidmət modelinin Afrikada tətbiqi üçün təcrübəmizdən istifadə olunub. Bundan əlavə, hələ SSRİ dövründə Afrika ölkələrindən tələbələr Azərbaycanın ali məktəblərində təhsil alırdılar. Onlar bu gün də ölkəmizlə əlaqələrini kəsmirlər. Dövlət bu əlaqələri daha da inkişaf etdirərək özünü Afrika qitəsi ölkələrinin yaxın dostu kimi tanıda bilib. Bakı koronavirus pandemiyası zamanı vaksin ala bilməyən ölkələrə yardım göstərib. Bu gün Azərbaycan neokolonializmə qarşı mübarizədə Afrika ölkələrinin yanındadır, Bakı Təşəbbüs Qrupunun yaradılması Afrika qitəsində müsbət qarşılanır və dəstəklənir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR