Onlayn ictimai-siyasi qəzet
Ekspertlər hesab edir ki, baş plana uyğun olaraq paytaxt nə qədər yenilənsə də, Bakı rayonlardan birinə köçürülməlidir
Nazirlər Kabineti “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Baş planı komitənin sifarişi ilə beynəlxalq tenderin qalibi olan Almaniyanın “AS+P Albert Speer + Partner Gmbh” şirkəti hazırlayıb. Onun layihəsinin hazırlanmasına yerli layihə təşkilatı qismində Bakı Dövlət Layihə İnstitutu, həmçinin mühəndis-kommunikasiya sistemləri, nəqliyyat və iqtisadi aspektlərin işlənməsi məqsədilə “Ramboll UK” (Böyük Britaniya) və “EY Advisory” (Fransa) şirkətləri cəlb edilib.
Baş plan paytaxtın bütün inzibati ərazisini əhatə etməklə hesabat dövrü ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir, o cümlədən güclü və davamlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, şəhər infrastrukturunun genişləndirilməsi, ekoloji sağlamlaşdırma və ərazilərin abadlaşdırılması tədbirləri, habelə postsənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.
2020-2040-cı illərdə Bakı şəhərinin inkişafı üçün 93,6 milyard manat məbləğində vəsait tələb olunur. Şəhər ərazisinin inkişafı üçün 47,6 milyard manat, nəqliyyat infrastruktunun inkişafı üçün 16,9 milyard manat, mühəndis-kommunikasiya sistemlərinin inkişafı üçün 15,32 milyard manat, bərpa olunan enerji mənbələrinin inkişafı üçün 4,3 milyard manat və ətraf mühitin qorunması tədbirləri üçün 9,5 milyard manat məbləğində vəsait tələb olunur. Baş planda hamının gözlədiyi Xəzər üzərində körpü idi. Bu, şəhərin tıxac yükünü azalda biləcək bəlkə də yeganə çıxış yolu hesab olunurdu. Bayraq meydanı ətrafından Zığ yolunu birləşdirən asma körpü haqda çox danışılırdı, amma o yoxdur!
Fikrət Yusifov
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Bakının son illərdəki durumu, onun həddindən ziyadə yüklənməsi və bu prosesin getdikcə daha da dərinləşməsi hökuməti və Bakı şəhər rəhbərliyini bu gün narahat edən ən ciddi məsələlərdən biridir: “İnsanlarımız yaxşı xatırlayırlar, 10-12 il bundan öncə Bakıda yaranan nəqliyyat tıxacları az qala bütün şəhərin həyatını iflic edirdi. O dövrdə hökumət mövcud vəziyyətdən çıxışın ən düzgün yolunu, şəhər yollarındakı yol ayrıclarında asma körpülər tikməklə tapa bildi. Lakin o vaxtdan ötən müddət ərzində şəhərdə nəqliyyat vasitələrinin sayı yetərincə artmış və eyni zamanda ölkənin regionlarından insanların Bakıya və Bakı ətrafındakı yaşayış məntəqələrinə axını sürətlənmişdi. Qeyd edək ki, hər iki proses - yəni həm nəqliyyatın sayı və həm də yerlərdən insanların mərkəzə axını ildən-ilə daha da artır. Bu gün artıq Bakı az qala 10-12 il bundan öncə nəqliyyat tıxaclarının yaratdığı duruma qayıdır.
Mövcud vəziyyətin nizamlanması yalnız kardinal tədbirlər hesabına mümkün ola bilərdi. Bugünlərdə Nazirlər Kabinetinin 2040-cı ilə qədər Bakı şəhərinin Baş planını təsdiq etməsi, qarşıdakı 20 il ərzində Bakıda on illər boyu yığılmış problemlərin həllini özündə ehtiva edir. Bu planın reallaşdırılmasına az qala Azərbaycanın 3 illik dövlət büdcəsinin xərcləri qədər vəsait ayrılması nəzərdə tutulur. Bu kifayət qədər böyük vəsaitdir və hesab edirəm ki, onun səmərəli istifadəsi Bakı şəhərinin bütövlükdə yenilənməsi və onun bu gün mövcud olan bütün problemlərinin maksimum çözülməsi üçün yetərli olacaq. Bir peşəkar maliyyəçi kimi hökumətə və Bakı şəhər İcra hakimiyyətinə bu vəsaitlərdən istifadənin üzərində ilkin və cari maliyyə nəzarətinin daha dəqiq mexanizmlərinin müəyyənləşdirilməsini təklif edərdim. Çünki vəsaitlər səmərəli istifadə edilmədikdə və ya onlar müxtəlif yollarla mənimsənildikdə, bundan yalnız reallaşdırılan layihə itirir. Yəni layihə başa çatdıqdan sonra ondan gözlənilən səmərəni almaq mümkün olmur".
Ekspert əlavə edib ki, Bakı şəhərinin bir böyük problemi də şəhərdə son illərə qədər sistemsiz şəkildə bir-birinin içərisində tikilən çox hündür binaların yaratdığı çətinliklərdir: “Bəzi binaların həyətində nəinki böyüklər üçün hər hansı bir istirahət yerləri və ya uşaqlar üçün əyləncə yerləri yoxdur, belə binaların həyətində heç sakinlər avtomobillərini saxlamağa belə yer tapa bilmirlər. Bütün bu halların aradan qaldırılması bir o qədər asan məsələ deyil. Lakin baş planla bu sahədəki problemlər də mümkün qədər nizamlana bilər. Hesab edirəm ki, baş planın reallaşdırıldığı dövrdə şəhərdə bəzi ərazilərdə kritik sıxlığı aradan qaldırmaq üçün bir sıra yersiz binaların sökülməsi kimi addımların da atılması qaçılmaz olacaq.
Bir başqa məsələ də bu planın reallaşdırılmasının gedişində şəhərdə nəqliyyatın hərəkətinin yenidən planlaşdırılması olmalıdır. Bu təcrübə dünyada var və biz də ondan yararlanmalıyıq. Mütəxəssislərin fikrincə, bu sahədəki yenidən planlaşdırma ilə nəqliyyatın sıxlığı çox olan iri şəhərlərdə problemin 25-30% çözülməsini təmin etmək mümkündür".
O ki qaldı şəhərin Bayraq meydanı ətrafından Zığ yolunu birləşdirən asma körpünün tikintisi barədə səslənən fikirlərə, Fikrət Yusifov bildirib ki, belə layihələr olduqca böyük vəsait tələb edir: “Əlbəttə, belə bir layihənin reallaşdırılması şəhərin iki bölgəsi arasında çox qısa bir yolun yaranması demək olardı. Ancaq hökumət bunu məqsədəuyğun hesab etməyib.
Bütövlükdə paytaxtımızın sonrakı taleyi ilə bağlı öncə mətbuat səhifələrində səsləndirdiyim fikirləri təkrar etmək istəyirəm. Bu mənim paytaxtla bağlı formalaşmış baxışlarımdır. Hesab edirəm ki, Bakının Baş planı reallaşdırıldığı dövrdə paytaxtın indi ən münasib sayılan məkana - yeni şəhərsalma qaydaları ilə tikilən Ağdama köçürülməsi üzərində düşünmək heç də pis olmazdı. Unutmayaq ki, biz bu şəhəri nə qədər abadlaşdırsaq da, nə qədər yenidən qursaq da, onu söküb təzədən tikən deyilik. Bu isə o deməkdir ki, baş plan mövcud problemləri nə qədər həll etsə də, zamanla onlar yenə yaranacaq".
Ərşad Hüseynov
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə deyib ki, Bakının Baş planında əsas hissələrdən biri nəqliyyatla bağlıdır: “Belə də olmalıdır. Yol-nəqliyyat infrastrukturu normal olmayan şəhərdə sağlam mühitdən, səmərəli və dayanıqlı sosial-iqtisadi inkişafdan və s. vacib məsələlərdən danışmaq yersizdir. Kifayət qədər ciddi hədəflər qoyulub. Onlara nail olunması paytaxtın və Abşeron aqlomersiyasının mobillik mühitini əsaslı şəkildə dəyişə bilər. Əsas məqamlardan biri odur ki, Bakının perspektiv inkişafına ictimai nəqliyyatyönümlü şəhərsalma (İNYŞ) baxışı bu planda yer alır. Mikromobilliyin (velosipeddən istifadə və s.) inkişafı, piyada mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması və başqa maraqlı elementlər də var. Hamısı barədə məlumatlar geniş yayıldı deyə, təkrar toxunmaq istəmirəm. Lakin ən mühümü bu planın real icrasıdır. Baş plandakı bəzi tədbirlərin icrası özəl biznesin sərmayələrini də nəzərdə tutur. Amma nəqliyyatla bağlı bütün tədbirlərin yeganə maliyyələşmə mənbəyi dövlət vəsaitləridir. Belə də olmalıdır. Çünki nəqliyyata xərclənən pul birbaşa gəlir gətirmir (nəqliyyata qoyulan sərmayədən cəmiyyətin və dövlətin dolayı qazancı isə ölçüyəgəlməz dərəcədə böyükdür). Bu səbəbdən özəl biznes ona pul xərcləməyəcək”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ