İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakılı Zorgenin həyat yoldaşının müəmmalı ölümü - onun məzarı hələ də tapılmayıb

Sovet ordusunun Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, II dünya müharibəsindən əvvəl və müharibə zamanı Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş kəşfiyyatçı Rixard Zorgenin ölümü onun həyat yoldaşı Yekaterina Maksimovanın həyatına ciddi təsir edib.

Öncə o, Moskvada həbsxanada olub, daha sonra Krasnoyarsk vilayətinə sürgün edilib. Orada bir müddət sonra qəribə şəraitdə dünyasını dəyişib. Hazırda onun harada dəfn edildiyi və hansı səbəbdən öldüyü də məlum deyil.

Kəşfiyyatçının həyat yoldaşı

scale_2400 (4).jpg (797 KB)

Bakı şəhərinin Sabunçu qəsəbəsində alman Vilhelm Zorgenin ailəsində anadan olan Rixard Yekaterina ilə 1927-ci ildə Moskvada rus dilini öyrənən zaman tanış olub. Tanışlıq isə evliliklə bitib.

Düzdür, on bir illik ailə həyatında Yekaterina əri ilə bir ildən az müddətdə birlikdə olub, çünki təzə bəy toydan dərhal sonra Yaponiyaya gedib. Rixard yalnız 1935-ci ildə SSRİ-yə qısa müddətə gələndə həyat yoldaşını yenidən görüb. Lakin bu sonuncu görüş olub.

scale_2400 (3).jpg (195 KB)

Zorge Yaponiyada sovet kəşfiyyatına dəyərli məlumatlar verib. Məhz o, nasist Almaniyası ilə müharibə haqqında və 1941-ci ildə nasistlər hücuma keçən zaman yaponların qırmızı orduya qarşı hərbi əməliyyatlar keçirməyəcəyini əvvəlcədən bilib. Onun məlumatları sayəsində Moskvanı müdafiə etmək üçün Uzaq Şərqdəki qoşunların yeri dəyişdirilib. O, sonuncu dəfə 1941-ci ilin sentyabrın ortalarında Moskva ilə əlaqə saxlayıb, oktyabrda həbs edilib və noyabrda edam olunub.

Zorgenin qalıqlarını yapon məşuqəsi tapıb, onları yandırıb “Tama” adlı sadə qəbiristanlıqda basdırıb. İndi məzarının üstündə adı və ölüm tarixi yazılmış abidə var.

Sovet İttifaqında onu haqsız yerə “satqın” hesab ediblər. Yalnız 1964-cü ildə hakimiyyət onun 3-cü Reyx üzərində qələbəyə mühüm töhfə verdiyini anlayıb və onu Sovet İttifaqı Qəhrəmanı adına layiq görüb. Zorgenin haqqında qəzet və jurnallar yazmağa başlayıb, filmlər çəkilib. O, sovet vətəndaşları arasında əfsanəvi şəxsiyyətə çevrilib.

Yekaterina Maksimovanın taleyi

scale_2400.jpg (362 KB)

Sovet hakimiyyəti Zorgeni şərlədikdən sonra SSRİ Xalq Daxili İşlər Komissarlığının nümayəndələri Yekaterinanın yanına gələrək onu həbs ediblər. O, təxminən doqquz ayını Lubyanka həbsxanasında keçirib və beş illik Krasnoyarsk diyarına sürgün edilib.

Sürgün edildiyi Bolşemurtinski rayonunda bir neçə il sonra qəribə şəraitdə ölüb. Onun sənədlərində beş gün fərqlə iki ölüm tarixi göstərilib. Rəsmi versiyaya görə, Yekaterina 1947-ci il iyulun 3-də vəfat edib, lakin qeydiyyat kartının arxasında 29 iyun yazılıb.

Tarix-diyarşünaslıq muzeyinin əməkdaşları və keçmiş deputat Anatoli Romaşkovun təmsil olunduğu yerli hakimiyyət orqanları onun dəfn olunduğu yeri və ölüm səbəbini müəyyən etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Rusiya Federal Təhlükəsizlik Xidməti onların sorğularına cavab olaraq bildirib ki, bu məlumat hələ də məxfidir və onlar bunu yalnız mərhumun yaxınlarına verə bilərlər.

Bu gün Zorgenin həyat yoldaşının ölümü ilə bağlı bir neçə versiya var. Yekaterinanın yerli xəstəxanada işləyərkən kimyəvi yanıqdan zəhərləndiyi ehtimalı ilə yanaşı, pnevmoniyadan və ya beyin qanamasından öldüyü güman olunur. Onların hamısı müəyyən şübhələr yaradır.

Onun dəfni barədə də heç bir yerdə məlumat yoxdur. 2010-cu ildə Maksimovanın məzarının yerinin müəyyən edilməsi ilə bağlı axtarışlar aparılıb, lakin axtarışlar nəticəsiz olub. Maraqlı olan isə onun işinin hələ də “gizli” kimi təsnif edilməsidir.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR