Onlayn ictimai-siyasi qəzet
Fransanın Afrikadakı neokolonial siyasətinə qarşı fəal mübarizə aparan Kemi Sebanın və digərlərinin saxlanılması bu ölkənin əsl mahiyyətini ortaya qoyur
Fransa xüsusi xidmət orqanları məşhur afrikalı fəal Kemi Sebanı həbs edib. Sonuncu bu yaxınlarda Bakıda “Afrikada fransız neokolonializmi”nə həsr olunmuş beynəlxalq konfransda iştirak və çıxış edib.
Fransa mediası Sebanın (əsl adı Stellio Gilles Robert Kapo Çiçidir) oktyabrın 14-də Daxili Təhlükəsizlik Baş Müdirliyinin (DGSI) əməkdaşları tərəfindən saxlanıldığını yazıb. Sebanın rəhbərlik etdiyi “Urgences panafricanistes” təşkilatının press-relizinə görə, onunla birlikdə bu təşkilatın koordinatoru Heri Djekuti də saxlanılıb.
Kemi Sebanın Şengen zonasında sərbəst hərəkət hüququ verən və üç aydan çox Fransada qalmasına imkan verən D kateqoriyalı vizası olduğu bildirilir. Qeyd olunur ki, fəal Parisə Beninli həmkarları ilə görüşmək və xəstə valideynlərinə baş çəkmək üçün gedib. O, “Fransanın Afrikadakı neokolonial siyasətinə” qarşı fəal mübarizə aparır. 2011-ci ildə Fransanı tərk edərək Seneqala köçüb və burada siyasi fəaliyyətini davam etdirib və Afrika universitetlərində mühazirələr oxuyub. 2017-ci ildə Seneqal hakimiyyəti Sebanı ictimai təhlükəsizliyə təhdid adlandıraraq ölkədən qovmuşdu. Fəal daha sonra Beninə köçüb və işini orada, sonra isə Kot-d’İvuarda davam etdirib.
2024-cü ilin fevralında Fransa hakimiyyəti Sebanın Fransa vətəndaşlığından məhrum edilməsi proseduruna başlayıb. Fəal bütün Qərbi Afrikada fransız əleyhinə əhval-ruhiyyə yaymaqda ittiham olunur. 2024-cü ilin iyulunda Fransa prezidenti Emmanuel Makron onun vətəndaşlığını ləğv edib. Fransa xüsusi xidmət orqanları hələ ki fəalın konkret nədə ittiham olunduğunu açıqlamayıb.
Bakı Təşəbbüs Qrupu bəyanatında onun Fransa hüquq-mühafizə orqanları tərəfindən “qanunsuz saxlanmasını” qəti şəkildə pisləyib. Bəyanatda qeyd edilir ki, “bu qanunsuz addım təkcə şəxsi azadlıq və insan hüquqlarının kobud şəkildə pozulması deyil, həm də "Afrika xalqlarının neokolonializmə qarşı mübarizəsinə və onların suverenlik hüququna təzyiqdir".
“Kemi Seba uzun illər neokolonial siyasətlərə qarşı çıxıb və Afrikanın müstəqillik mübarizəsində mühüm fiqurdur. Onun həbsi ifadə və siyasi fəaliyyət azadlığını pozmaqla yanaşı, bir daha sübut edir ki, Fransa qeyri-qanuni üsullarla Afrikada öz təsirini saxlamaq istəyir. Bu cür hərəkətlər Fransa dövlətinin müstəmləkəçilik təfəkkürünə qalib gələ bilmədiyini və hegemonluq axtarışlarını davam etdirdiyini göstərir. Kemi Seba siyasi məhbusdur və həbs onun siyasi fəaliyyəti ilə birbaşa bağlıdır”, - Bakı Təşəbbüs Qrupunun bəyanatında deyilir.
Ayxan Hacızadə
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Seba barəsində həbs-qətimkan tədbirinin seçilməsini Fransada fundamental insan haqlarının pozuntusu kimi qiymətləndirib: “Fransa tərəfi aidiyyəti istintaqı tam şəffaf və ədalətli şəkildə aparmalı və beynəlxalq ictimaiyyət müvafiq olaraq məlumatlandırılmalıdır. Hesab edirik ki, Fransada siyasi motivli bu kimi həbslər Avropa İttifaqı, Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının aidiyyəti qurumları tərəfindən araşdırılmalı, müvafiq qiymət verilməlidir”.
Günay Ağamalı
Ana Vətən Partiyasının sədr müavini, deputat Günay Ağamalı “Yeni Müsavat”a söylədi ki, XXI əsr olmasına baxmayaraq bir çox ölkələr və xalqlar hələ də Fransanın müstəmləkə siyasətindən əziyyət çəkir: “Fransız rəsmilər adətən qarşılarına çıxan hər fürsətdə demokratik ənənələrdən, insan hüquq və azadlıqlarından, beynəlxalq hüququn aliliyindən danışaraq bütün dünyaya dərs vermək iddiaları sərgiləyirlər. Lakin özləri fundamental dəyərləri dövlət səviyyəsində heçə sayır, imperiya maraqları əsasında digər xalqları kölə etməyə çalışırlar. Bunlar birmənalı olaraq Fransanın qanlı və qaranlıq keçmişindən qaynaqlanan xüsusiyyətlərdir.
Azərbaycan imperiya siyasəti və işğaldan əziyyət çəkən ölkə kimi, dünya miqyasında neokolinalist yanaşmalara qarşı fəal mübarizə aparır. Ölkəmiz iştirakı sayına görə BMT-dən sonra ən böyük beynəlxalq təsisat hesab olunan Qoşulmama Hərəkatında ədalət prinsiplərinə söykənən yanaşmalarla Fransanın neokolinalizim siyasətini dəfələrlə ifşa edib, böyük güclərin müstəmləkə siyasətinə qarşı müqavimət oxu yaradıb. Artıq cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan diplomatiyasının uğurlu addımları öz müsbət təsirini göstərməkdədir. Afrikada baş verən hərbi-siyasi proseslər, Makron Fransasının qitə ərazisindən qovulması bunun bariz nümunəsidir. Lakin bütün bunlara baxmayaraq rəsmi Paris özünün süründürməçi, kolonializm siyasətindən əl çəkmək istəmir, bu siyasətə qarşı gələnlərə qarşı çirkin yanaşmaların tətbiqi ilə mübarizə aparır. Bu yaxınlarda Bakıda “Afrikada fransız neokolinaliziminə”nə həsr olunmuş beynəlxalq konfransda iştirak edən afrikalı siyasi fəal Kemi Sebanın Fransa xüsusi xidmət orqanları tərəfindən həbs edilməsi narahatlıq doğurmaya bilməz. Bu cür hadisənin yaşanması Fransada insan hüquqları, ifadə azadlığı və siyasi mənsubiyyətlə bağlı ciddi problemlərin olduğunu sübut edir".
Vüqar İsgəndərov
Milli Məclisin üzvü Vüqar İsgəndərov deyib ki, uzun illər insan haqlarını kobudcasına pozan, Afrikada müstəmləkə siyasəti yürüdən Fransa bu gün də “ənənəsinə” sadiqdir: “Makronun rəhbərliyindəki hazırkı Fransada cərəyan edən proseslər də bunu təsdiqləyir. Fransa xüsusi xidmət orqanları tərəfindən məşhur afrikalı fəal Kemi Sebanın həbs edilməsi bu ölkədə fundamental insan haqlarının pozulduğunun növbəti sübutudur”.
Deputat deyib ki, Fransada siyasi motivli bu kimi həbslər Avropa İttifaqı, Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının aidiyyəti qurumları tərəfindən araşdırılmalı, müvafiq qiymət verilməlidir: “Kemi Seban bu yaxınlarda Bakıda "Afrikada fransız neokolonializmi"nə həsr olunmuş beynəlxalq konfransda iştirak və çıxış edib. Fransa hüquq-mühafizə orqanları tərəfindən atılan bu qanunsuz addım təkcə şəxsi azadlıq və insan hüquqlarının kobud şəkildə pozulması deyil, həm də Afrika xalqlarının neokolonializmə qarşı mübarizəsinə və onların suverenlik hüququna təzyiqdir. Kemi Seba uzun illər neokolonial siyasətlərə qarşı çıxıb və Afrikanın müstəqillik mübarizəsində mühüm fiqurdur. Onun həbsi ifadə və siyasi fəaliyyət azadlığını pozmaqla yanaşı, bir daha sübut edir ki, Fransa qeyri-qanuni üsullarla Afrikada öz təsirini saxlamaq istəyir. Hesab edirəm ki, bu addımlar Fransanın bir dövlət olaraq müstəmləkəçilik təfəkkürünə qalib gələ bilmədiyini və hegemonluq axtarışlarını davam etdirdiyini göstərir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ