Onlayn ictimai-siyasi qəzet
Bu gün dünya pravoslavları Pasxa bayramını qeyd edir. Bu gün İsa Məsihin dirilməsi möcüzəsi xatırlanır.
Qeyd edək ki, katoliklər bu bayramı martın 31-də qeyd ediblər. Məlum olduğu kimi Pasxa əsas xristian bayramıdır və tarixi hər il dəyişir. Belə ki, Məsihin Müqəddəs Dirilmə tarixinin hesablanması qaydaları 325-ci ildə Nikeadakı Birinci Ekumenik Şurada müəyyən edilib. Gün birbaşa günəş və ay təqvimlərindən asılıdır. Nicea Şurası bayramın tam aydan sonra ilk bazar günü qeyd edilməsinə qərar verdi. Yaz gecə-gündüz bərabərliyindən (21 mart) sonra düşür. Buna görə də Pasxa yeni üsluba görə aprelin 4-dən mayın 8-dək düşür. Qalan "sürüşmə" tarixləri Məsihin Müqəddəs Dirilməsindən asılıdır. Məsələn, Lent yeddi həftə əvvəl başlayır. 2024-cü ildə pravoslavlar üçün 18 martdan 4 may tarixinə qədər davam edib.
Pasxa bayramını qeyd etmək tarixləri fərqli təqvimlərə görə katoliklər və pravoslav xristianlar arasında fərqlidir. Şərq xristianları Juliandan istifadə edirlər (bayramlar köhnə üsluba görə hesablanır). Katoliklər Qriqorian təqvimi ilə yaşayırlar.
Çox vaxt Katolik Pasxa daha əvvəl gəlir, lakin bəzən bayram xristianlığın müxtəlif qolları arasında eyni günə düşür. Sonuncu dəfə bu, 2017-ci ildə, aprelin 16-da Məsihin Müqəddəs Dirilməsinin qeyd edildiyi vaxt baş verib.
Azərbaycandakı pravoslavlar da Pasxa bayramını mayın 5-də, yəni bu gün qeyd edir. Artıq axşamdan etibarən provaslavlar kilsələrə toplaşaraq dualar edib, ayinlər icra ediblər.
Məlum olduğu kimi Bakıda yaşayan pravoslavlar Pasxa bayramını qeyd etmək üçün adətən metronun “28 may” stansiyasının yaxınlığında yerləşən “Müqəddəs Məryəm - mövlud” rus-pravoslav kilsəsinə üz tutur. Onların bu bayramını yaxından izləmək üçün adı çəkilən kilsədə olduq.
Ötən illərdə olduğu kimi bu il də insanların kilsəyə axın etdiyini müşahidə etdik.
İnsanlar hələ kilsəyə daxil olmazdan əvvəl kilsənin həyətində satılan bədmüşk budaqları, sünbül, yasəmən, müxtəlif rənglərdə lalələr və digər güllərdən alırlar.
Güllərin qiymətləri isə çox münasibdir - sünbülün qiyməti 2 manat, bədmüşk budaqları 3 manat, qargülü 1 manat, lalələr 2 manat, yasəmən toplumu 5 manat.
İnanca görə bədmüşk budağı adətən evdəki neqativ ab-havanı, xəstəlikləri, pislikləri özünə çəkir. Buna görə də Pasxa günü bu budaqlardan alıb kilsəyə gətirir, üzərinə keşiş su çilədikdən sonra onu evə gətirib, bir küncdə saxlayırlar. Adətlərinə görə növbəti Pasxa bayramına yaxın budaqları yandırır və bayramda yeni budaqlar alırlar.
Kilsənin zəngləri çalındıqca insanlar növbə ilə əllərində bədmüşk budaqları, şirniyyat səbətləri ilə birlikdə kilsəyə daxil olur, dualar edən keşişə yaxınlaşırlar. Keşiş isə dua oxuya-oxuya yaxınlaşan insanlara və onların əllərindəki şirniyyatlara, bədmüşk ağacının budaqlarına su çiləyir, “İsa Məsih dirildi” deyib, bayramlarını təbrik edir.
Kilsədə kimisi dini ayinləri yerinə yetirir, kimisi şam yandırır, dualar edir. Kilsənin yuxarı köşəsində xor akapella şəklində “Aleluya” oxuyur. Ayinləri icra edən keşiş qarşıya çıxaraq əvvəlcə rus, sonra isə Azərbaycan dilində dualar edib, dünyaya sülh və əmin-amanlıq diləyir.
Bəs Pasxa bayramı necə yaranıb?
Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Dini qaydaya görə, pravoslavlar 40 gün xüsusi pəhrizlə oruc tutur. Daha sonra Böyük cümə axşamı - mənəvi təmizlənmə günü keçirilir. Həmin gün inanclara görə İsa peyğəmbərin dəfni günüdür. Ardınca gələn Böyük şənbə günü kədər, İsa peyğəmbərin dirilməsini gözləmək günüdür. Axşamdan pravoslavlar kilsəyə toplaşır və İsanın dirilməsini, Pasxanı qeyd edirlər. Gecədən başlayan dini ayinlər səhər saatlarında da davam edir.
Məlumata görə, ilk Pasxanı qədim yəhudilər İsa peyğəmbərin mövludundan 1500 il əvvəl, israillilərin Musa peyğəmbərin başçılığı ilə Misiri tərk etməsi münasibətilə bayram ediblər. Əhdi-Ətiqdə Pasxa yəhudi xalqının Misir köləliyindən qurtulduğunu göstərir. Elə “Pasxa” sözü də qədim yəhudi dilində “xilas olma”, “qurtulma” deməkdir.
Pasxa ölüm üzərində qələbə bayramı hesab edilir. Mart ayında, gecə və gündüz bərabərləşəndən 30 gün sonra ay bədirlənirsə, ilk bazar günündə bayram edilir.
Boyanmış yumurta və kuliçin anlamı...
Hər il olduğu kimi bu dəfə də dua və ayinləri yerinə yetirənlər kilsənin həyətində qurulan masanın ətrafına toplaşır, əllərindəki bayram səbətlərini süfrəyə düzmüşdülər. Adəti üzrə provaslavlar şirniyyatların bir qismini aparıb bayram süfrəsinə düzür, digər qismini yaxınlarına, qohumlarına verir, kim istəsə bir qismini masada, kimsəsizlər üçün sədəqə kimi qoyub, gedir.
Boyanmış yumurta və kuliç Pasxanın əsas rəmzlərindən hesab olunur. İnanca görə, kuliç yeyən şəxslər şər qüvvələrdən, pis ruhlardan uzaq olur. Kuliçi bişirdikdən sonra onu kilsəyə gətirir, keşiş tərəfindən üzərinə dualı su səpildikdən sonra yenidən evə aparıb, bayram süfrəsinə qoyurlar.
Boyanmış yumurtaya gəldikdə isə, yumurta boyamaq adətini Mariya Maqdalena ilə əlaqələndirirlər. Deyilənə görə, İsa peyğəmbərin dirildiyini öyrənən Mariya Maqdalena imperator Tiberinin yanına gəlib və “İsa dirildi!” sözləri ilə ona yumurta verib. İmperator buna şübhə içində deyib: “Ağ yumurtanın dönüb qırmızı olacağına inanmaq nə qədər çətindirsə, buna da inanmaq bir o qədər çətindir”. Həmin anda ağ yumurta dönüb qırmızı olub. O zamandan qırımızı yumurta dirilmə, Pasxa rəmzidir. İnanca görə, yumurtadan yeni həyat yarandığı kimi, dünya da İsa məsihin dirilməsi vasitəsilə sanki yenidən doğulub. Qırmızı rəng dirilmənin sevinc rəngidir, bəşəriyyətin dirçəlməsinin, insanların “ilk günahdan” xilas olması üçün işgəncəli ölümü qəbul etmiş İsa Məsihin çarmıxa tökülmüş qanının rəmzidir...
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ