Onlayn ictimai-siyasi qəzet
Bir vaxtlar ilk kosmonavt Yuri Qaqarinin adını daşımış, indi isə alban hökmdarı Cavanşirin adını daşıyan məşhur körpü qəzalı vəziyyətdədir. Söhbət Xətai rayonu, Afiyəddin Cəlilov – Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən körpüdən gedir.
Musavat.com xəbər verir ki, uzunluğu 202 metr, eni 17 metr, 12 aşırımdan ibarət olan körpü dəmiryolu vasitəsi ilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilib. Körpünün hər aşırımında 15 ədəd tir mövcuddur və həmin tirlər dəmir-beton rigeldə polad yastıqlar üzərində yerləşdirilib. Körpünün 13 ədəd dəmir-beton konstruksiyalı dayaqları var. Yükgötürmə qabiliyyəti XX əsrin 60-cı illərində qüvvədə olan hesabi yüklərə uyğun olaraq layihələndirilib.
Keçirilmiş müayinələr zamanı körpünün aşırım qurğularının tirlərində, rigellərdə, dayaqlarda korroziya meydana gəlməsi, qopmaların, dağılmaların olması, bəzi yerlərdə armaturların üzə çıxaraq dəmir-beton konstruksiyaların bütövlüyünün pozulması halları və polad dayaq yastıqlarında korroziya ilə yanaşı yerdəyişmələrin də olduğu müəyyən edilib.
Qaqarin körpüsü 1967-ci ildə layihələndirilib. Həmin dövrdə körpünün tikintisinə zərurət yaxınlıqda yerləşən limana və limandan yükləri daşıyan dəmir yolunun çəkilməsi ilə bağlı olub.
Körpü tikilərkən, onun konstruksiyası, oxları həmin dövrdə mövcud olan nəqliyyat axınına hesablanıb. Zaman keçdikcə nəqliyyatın intensivliyinin dəfələrlə artması nəticəsində körpünün konstruksiyasında müəyyən problemlər yaranıb. Problemlərin aradan qaldırılması ilə bağlı 2 dəfə xaricdən dəvət olunmuş ekspertlərin iştirakı ilə baxış keçirilib və yekun qənaət ondan ibarət olub ki, körpü ümumilikdə nəqliyyatın hazırkı intensivliyinə uyğun gəlmir və risklidir.
Həmçinin, vaxtilə həmin ərazidə mövcud olmuş liman, dəmir yolu artıq yoxdur. Xatırladaq ki, vaxtilə Böyük Britaniya mediası da həmin dəmir yolunun nə dərəcədə təhlükəli olması ilə bağlı material vermişdi və sonra həmin dəmir yolu söküldü. Həmin videonu vermək olar.
Başqa bir problem körpünün buraxılış qabiliyyətinin məhdudluğudur. Yəqin ki hamı Heydər Əliyev prospekti və yan küçələrdən intensiv nəqliyyat hərəkatının körpü üzərində tıxac yaratdığının şahidi olub. Körpü təkcə tıxaca səbəb olmur, həm də üzərindəki avtomobillər üçün böyük təhlükədir.
Başqa bir məsələ həmin ərazinin ən yüksək standartlara uyğun yenidən qurulması və bu körpünün həmin ərazinin müasir ahənginə xələl gətirməsidir.
Hazırkı vəziyyət onu göstərir ki, körpü müasir standarlara, intensivliyə cavab vermir, təhlükə yaradır. Artıq onun götürülməsinə böyük ehtiyac yaranıb. Vaxtilə Bakının vizit kartına çevrilmiş körpü faktiki olaraq əhəmiyyətini itirib. Bu baxımdan sökülməsi məqsədəuyğun hesab olunur.
E.Məmmədəliyev,
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ