Onlayn ictimai-siyasi qəzet
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi ötən gün bitdi. Nəticələr yaxın 3 gün ərzində açıqlanacaq.
Bununla bağlı Musavat.com-a danışan təhsil eksperti Nadir İsrafilov bildirib ki, abituriyentlər həyatlarında ən ciddi seçimlərdən biri olan düzgün ixtisas və ali təhsil müəssisəsini seçməlidirlər.
“Çünki bu seçim onların müstəqil həyata qədəm qoyarkən gələcək karyeralarını qurmalarına demək olar ki, birbaşa təsir edir. Topladığı balın hara uyğun olmasına deyil, bilik və bacarıqlarına uyğun ixtisas seçməyə üstünlük verməlidirlər. İmtahan verənlərin böyük bir qismi ixtisas seçimini bu barədə daha məlumatlı hesab etdikləri şəxslərə həvalə edirlər. Dövlət İmtahan Mərkəzinin dəfələrlə xəbərdarlıqlarına baxmayaraq, yenə də bu kimi hallar geniş vüsət almaqdadır. Halbuki DİM-in müraciətinə əsasən, “Abituriyentlər ixtisas seçimi zamanı diqqətli olmalı, bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası, ixtisas seçimini özləri həyata keçirməlidirlər”.
Bəzən abituriyentlər bu işi başqalarına həvalə edirlər. Lakin həmin şəxslər bir çox hallarda yanlış seçim edir və ya ixtisas seçimi ərizəsini ümumiyyətlə, təsdiq etmirlər. Bu isə arzuolunmaz hallara gətirib çıxarır. Bu mənada bu sahədə olan müəyyən boşluqlara və çatışmazlıqlara baxmayaraq, abituriyentlərin ixtisas seçimində valideynlərlə yanaşı, ekspertlər də az günahkar deyil”, - N. İsrafilov qeyd edib.
Ekspertin sözlərinə görə, nəticədə onsuz da mürəkkəb və qəliz olan qəbul qaydalarını ixtisas seçimi bir az da mürəkkəbləşdirir:
“Belə demək mümkündürsə, hələ ki, ixtisas seçimini valideyn və ekspert ümidinə buraxmışıq, abituriyentin topladığı “balın kəramətinə” tabe etdirmişik. Hətta iş o yerə çatıb ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də bir müddət əvvəl keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq bildirmişdi ki, abituriyentlərin heç də hamısı ixtisas seçimini özü etmir. Yenə seçimi bəzi təhsil ekspertləri reallaşdırır. Onlar təki harasa qəbul olunsun deyə seçim edirlər. Abituriyentlər də var ki, rayondan çıxıb, Bakıda yaşamaq üçün qəbul olunmaq istəyirlər”.
Şahanə Rəhimli
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ