İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda tıxacları azaltmaq üçün BU ADDIM atılacaq

Bakı şəhəri tamamilə dəyişəcək. Paytaxtda sürət qatarları, tramvaylar şütüyəcək, dənizin içərisinə doğru yaşıllıq zolaqları salınacaq, əhalinin məskunlaşması artırılacaq. Bütün bunlar yeni layihədə əksini tapıb. Bəs nəzərdə tutulan tramvaylar Bakı şəhəri üzrə hansı dərdlərin çarəsi olacaq?

Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a açıqlamasında bildirib ki, tramvayların bərpa edilməsində əsas üstünlük Bakı şəhəri üzrə tıxacların azalma ehtimalıdır.

“Tramvay infrastrukturunun formalaşdırılması həm nəqliyyatın inkişafı, həm də ümumilikdə Avropa ölkələrində olduğu kimi nəqliyyat xidmətlərinin əlçatanlığının artırılması baxımından vacibdir. Nəzərə alsaq ki, əksər Avropa şəhərlərində tramvaylardan istifadə olunur və burada da məqsəd ondan ibarətdir ki, vətəndaşların getdikləri ünvana daha qısa müddətdə çatmasının təmin olunması, tramvay həm də şəhərin ekologiyası aspektindən önəmlidir. Avropa şəhərlərinin nümunəsi göstərir ki, tramvaylar həm də şəhərin dizaynına xüsusi üstünlük gətirir. Ona görə də tramvay xətlərinin çəkilməsi və tramvayların bərpa edilməsi məqsədəuyğundur. Bu, nəqliyyat sektorunda islahatların dərinləşməsinə təkan verə bilər”.

Deputat qeyd edib ki, tramvay yolunun keçəcəyi ərazilər müəyyən edilərkən şəhər infrastrukturunun buna imkan verməsi, tıxacların daha çox olduğu, həmçinin ictimai nəqliyyata tələbin yüksək olduğu ərazilər və digər bütün nüanslar nəzərə alınaraq qərar qəbul olunacaq.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bu layihənin baş planda nəzərdə tutulmasına baxmayaraq, yaxın illərdə təmamilə həyata keçirilməsinin mümkün olmadığını vurğulayıb.

“Bununla bağlı layihə çoxdan var, dəfələrlə deyilir, lakin hələ ki, konkret işlər aparılmır. Bu plan 2070-ci ilə qədər yekunlaşması nəzərdə tutulur. Yəni bu yaxın vaxtların layihəsi deyil. Faktiki olaraq, hazırda 2, 3 və 5 mərtəbəli binaların söküntüsündən söhbət gedir. Bakı şəhərində tranvay xəttinin olması çox yaxşı ideadır. Çünki bu nəqliyyat sıxlığının qarşısını xeyli ala bilər, daha çevik nəqliyyat vasitəsinə paytaxt sakinləri yiyələnə bilərlər. Layihə tam hazır olmadığına görə bu yolun hansı əraziləri əhatə edəcəyini demək mümkün deyil. Lakin köhnə yol Nəsimi, Nərimanov və Səbail rayonları ərazisindən keçirdi. Amma hazırda həmin tramvay xətlərinə çox yaxın ərazilərdə çoxmənzilli binalar, fərdi yaşayış evləri tikilmişdir və inların söküntüsü uzun müddət tələb edir. Bu ərazilərdə söküləcək evlərdə yaşayan vətəndaşlara veriləcək kompensasiyanın verilməsinə gəldikdə isə deyə bilərik ki, bu, yalnız o dövr üçün həmin evlərin bazar dəyərinə baxıldıqdan sonra hesablana bilər. Hazırda isə sökülən evlər üçün minimum 1500, bəzi ərazilərdə isə 2000-2500 manat kompensasiya nəzərdə tutulur”.

Ekspert son olaraq qeyd edib ki, yeni yaradılacaq tramvay yoluna yaxın ərazilərdə inşa olunacaq evlərin qiymətləri mənzil bazarına müsbət mənada təsir edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR