Onlayn ictimai-siyasi qəzet
İqtisadçı deyir ki, mövcud iqtisadi sistemə uyğun olaraq yenidən rayonlaşma vacibdir; “İcra başçılarının “kreslosu”, xidməti avtomobili, katibəsi var, əlbəttə, bunları itirmək istəməzlər, amma...”
Bakının inzibati rayonlarının birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Son günlər bu mövzu ictimaiyyət arasında geniş müzakirə olunur. Məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, əsas məqsəd şəhərin daha səmərəli idarə olunmasını təmin etmək və tarixi mərkəzi vahid bir struktur altında birləşdirməkdir. Bildirilir ki, təsdiqlənən yeni Baş Planda “mərkəzi planlaşdırma rayonları” adlı bir anlayış var ki, bu gerçəkləşərsə, şəhərin idarə olunmasını daha effektiv edəcək.
Elbay Qasımzadə
Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə bu ideyanı irəli sürən şəxslərdən biridir. O, ötən il bildirmişdi ki, Bakının tarixi mərkəzinin sərhədləri mütləq müəyyən edilməli və bu ərazi ayrıca inzibati vahid kimi formalaşdırılmalıdır. E.Qasımzadəyə görə, Bakının tarixi mərkəzini başqa rayonlardan ayırıb mərkəzi rayon yaratmaq lazımdır: “Və həmin rayonun xüsusi reqlamenti və xüsusi statusu olmalıdır. Yadınızdadırsa, Cənab Prezident bu ideyanı çox bəyəndi, bu mövzu ilə bağlı yekun çıxışında fikirlərini bölüşdü və tapşırıqlar verdi. Bir neçə gündən sonra mənə zəng vurdular ki, mərkəzi rayonun sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı sənəd verim, mən həmin sənədi verdim. Prezidentimiz bu məsələni iki dəfə xatırlayıb və tapşırıqlarını verib. Lakin pandemiya, müharibə ilə əlaqədar işlər dayandı. Bu gün deyirlər ki, birinci növbədə Qarabağdır, birinci növbədə oranı həll edək. Mənə elə gəlir ki, məsələ təkcə bu deyil, burada müəyyən maraqlar var. Təsəvvür edin ki, əgər yeni rayon yaradılarsa, dörd rayonun ən qiymətli, ən baha olan əraziləri onlardan alınacaq, Məncə, burada kifayət qədər güclü müqavimət var”.
Hazırda paytaxtın tarixi mərkəzi dörd inzibati rayonun - Səbayel, Yasamal, Nəsimi və Nərimanov rayonlarının arasında bölünüb. Bu isə şəhərin mərkəzi hissəsində idarəetməni çətinləşdirir və vahid şəhərsalma prinsiplərinin tətbiqini məhdudlaşdırır. Bakının yeni Baş planında əsas rayonlarının birləşdirilməsi nəzərdə tutulub və belə anlaşılır ki, icra başçılarının müqaviməti də davam edir.
Ümumiyyətlə isə Bakının inzibati rayonlarının birləşdirilməsi və xüsusilə tarixi mərkəzin ayrıca inzibati vahid kimi formalaşdırılması ideyası uzun müddətdir müzakirə olunur. Bu məsələ şəhərin idarə olunmasının səmərəliliyini artırmaq və vahid şəhərsalma prinsiplərini tətbiq etmək məqsədi daşısa da, eyni zamanda ciddi inzibati və siyasi maneələrlə qarşılaşır.
Ekspertlər deyir ki, əgər yeni mərkəzi rayon yaradılarsa, Səbayel, Yasamal, Nəsimi və Nərimanov rayonlarının ən strateji və iqtisadi cəhətdən gəlirli əraziləri bu rayonlardan ayrılacaq. Bu da həmin rayonların icra başçılarının səlahiyyətlərinin azalmasına, onların təsir dairəsinin daralmasına səbəb olacaq. Xüsusən də paytaxtın mərkəzi əraziləri ən yüksək kommersiya dəyərinə malikdir. Yeni rayonun yaradılması ilə həmin ərazilərdən gələn gəlirlərin bölgüsü dəyişəcək və indiki rayonların büdcələri azala bilər. Bu da onların yerli inkişaf layihələrinə və icra hakimiyyətlərinin fəaliyyət imkanlarına təsir edəcək. Eyni zamanda mərkəzi rayonun xüsusi statusu və reqlamenti olacaqsa, bu, fərqli idarəetmə strukturu tələb edəcək. Bəzi icra başçıları bu prosesin onların mövqelərini zəiflədəcəyindən narahatdırlar. Yeni rayon strukturunun yaradılması həm də rəhbər vəzifələrdə dəyişikliklərin olacağını deməyə əsas verir. Mövcud icra başçıları və onların komandaları üçün bu, öz mövqelərini itirmək riski yaradır.
Xalid Kərimli
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “İcra başçıları Azərbaycanda nə seçkili orqanın üzvüdürlər, nə də böyük nüfuza malik şəxslərdir ki, bunlar hökumətin həyata keçirə biləcəyi islahatlara təsir etsinlər, ya da onları dəyişdirə bilsinlər. Yəni icra hakimiyyətlərinin bu cür müqavimət göstərə bilməsi və ya müqavimət göstərməsi məsələsi bir qədər şişirdilir. Təbii ki, hər icra başçısının bir kreslosu var və bunun gətirdiyi üstünlüklər var. Şəxsi xidməti avtomobillər, katibələri, inzibati ofisləri, səlahiyyətləri, yaxşı qazanc mənbələri var, bunları itirmək istəməzlər, yəni mərkəzləşməsini istəməzlər. Onların müqavimət göstərmək arzusu və istəyi tamamilə təbiidir və basadüşüləndir. Amma onların nəyisə ciddi şəkildə dəyişə biləcəyi gücünün olduğunu düşünmürəm. Çünki bizdə icra hakimiyyətləri sərəncamla təyin edilir və icra başçılarının ümumiyyətlə nə reputasiyası, nə də şəxsi nüfuzu hər hansı bir qərara təsir edəcək səviyyədədir. Hə, onlar hansısa qrupları təmsil edir və həmin qruplar hakimiyyətdə təmsil olunur. Onlar nəyəsə mane olmaq imkanlarına mane ola bilərlər. Amma əgər hökumət inzibati idarəetmə formasında islahatlar həyata keçirirsə, düşünürəm ki, bu məsələdə hər hansı bir müqavimət həm ağılsızlıqdır, həm də mümkün deyil.
O ki qaldı inzibati rayonlar sahəsində islahatlara, ümumiyyətlə, Bakı şəhərinin dörd rayonunun niyə birləşdirilməsi məsələsinin mahiyyətini dərindən bilmirəm və bunun lazımlığı ilə bağlı ciddi arqumentlərə rast gəlməmişəm. Amma hesab edirəm ki, təkcə Bakının dörd rayonu yox, ümumiyyətlə, Azərbaycanın rayonlaşma məsələsində inzibati quruluşuna yenidən baxılmalıdır. Əlbəttə, dövlət başçısı fərman və sərəncamları ilə zaman-zaman buna işarə edib. O bildirib ki, ərazi quruluşunun islahatlarını hazırlayırıq. Xüsusilə Prezidentin bir neçə rayonu əhatə edən yerli nümayəndəlik sistemləri yaradılıb Şərqi Zəngəzur və Qarabağda və vurğulanır ki, bu məsələ test edilir. Azərbaycan çox kiçik ölkədir. Burada böyük sayda rayonların olması o qədər vacib deyil. Həm də nəzərə alsaq ki, rayonlaşma prosesi Sovet dövrünün iqtisadi əmək bölgüsü əsasında formalaşıb. O dövrdə mərkəzləşdirilmiş iqtisadiyyat mövcud idi, mərkəzləşdirilmiş iş yerləri və mərkəzləşdirilmiş qərar qəbuletmə prosesi var idi. İndi isə rayonların bir çoxunu çox rahat şəkildə birləşdirmək imkanı mövcuddur. Həm də Sovet dövrünün plan iqtisadiyyatı artıq tarixdə qalıb. Artıq yeni iqtisadi sistemdə görürsünüz ki, insanların miqrasiyası baş verir, rayonların hər birinin iş yerləri ilə təmin olunmasında çətinlik var və rayonların hər birində rifahın təmin edilməsinə də ehtiyac yoxdur. Bu baxımdan hesab edirəm ki, indiki dövrün, bazar iqtisadiyyatının və ölkəmizin mövcud iqtisadi sisteminin reallıqlarına uyğun olaraq yenidən rayonlaşma vacibdir".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ