Onlayn ictimai-siyasi qəzet
Qızmar yay günlərində havanın temperaturu 40 dərəcəyə yaxınlaşdığı vaxtlarda həkimlər əhalini daha çox su içməyə çağırır. Lakin bu çağırış paytaxt sakinləri üçün uyğun deyil.
Bakı küçələrində, parklarda, magistral yol kənarlarında içməli su mənbələrinin, bulaqların sayı demək olar ki, barmaqla sayılacaq qədər azdır. Nəticədə əhali ya ətrafda market axtarmağa, ya da “od qiymətinə” su satan köşklərdən almağa məcbur qalırlar.
Hazırda su bulaqlarına daha çox İçərişəhər və Bakı Bulvarı kimi mərkəzi və turist axınının olduğu ərazilərdə rast gəlinir. Lakin şəhərin digər rayonlarında, xüsusilə sıx hərəkətli küçələrdə və böyük parkların əksəriyyətində belə bulaqların olmadığı müşahidə olunur.
Mövzu ilə bağlı Azərbaycanın tanınmış memarı Cahid Həsənov Musavat.com-a açıqlama verib.
O bildirib ki, paytaxtın memarlıq və şəhərsalma baxımından genişlənməsi, əhalinin say artımı, beynəlxalq tədbirlərin sıx keçirilməsi və turist axınının çoxalması artıq yeni tələblər ortaya qoyur:
“İçməli su mənbələri, şəhər bulaqları memarlığın və şəhərsalmanın ənənəvi elementidir. Bu, həm insanların gündəlik bioloji ehtiyaclarını ödəməyə, həm də şəhərin estetik görünüşünü zənginləşdirməyə xidmət edir. Ona görə də hər bir rayonda, parklarda, sıx hərəkət olunan küçələrdə, prospektlərdə belə bulaqların yerləşdirilməsi çox vacibdir”.
Cahid Həsənov əlavə edib ki, belə bulaqlar kiçik memarlıq formaları kimi şəhərin vizual görünüşünə də müsbət təsir göstərir:
“Bu tip su bulaqları şəhərsalmanın ayrılmaz hissəsidir. Onlar funksional olmaqla yanaşı, estetik cəhətdən də şəhərə gözəllik qatır. Eyni zamanda bu bulaqlara məşhur ədiblərin, yazıçıların, ictimai xadimlərin, şəhidlərin adları verilməklə həm də bir mədəniyyət daşıyıcısına çevrilə bilər”.
Memar hesab edir ki, hər bir rayonda azı 20–25 belə içməli su məntəqəsinin qurulması şəhər üçün həm fuksional, həm də estetik baxımdan müsbət yenilik olar.
Mənzər Novruzlu,
Fotolar müəllifindir
Musavat.com
22 Iyul 2025
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ