Onlayn ictimai-siyasi qəzet
Bakıda məktəbli qıza qarşı xırda xuliqanlıqda ittiham edilən 46 yaşlı kişi həbs edilib.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən baş verib. 1977-ci il təvəllüdlü S.Nəbiyev (soyadlar şərtidir) səhər saat 06:50 radələrində Nizami rayonu Heydər Əliyev prospekti ilə avtomobillə gedərkən yolun kənarı ilə məktəbli qızın piyada getdiyini görüb. O, 14 yaşlı N.Rüstəmovadan məktəblərdən birinin yerini soruşub. Bu zaman yeniyetmə qız sürücüyə həmin məktəbin Qara Qarayev istiqamətində olduğunu deyib.
İttihama görə, bundan sonra avtomobilin sürücüsü təkidlə qızı avtomobilində əyləşməyə dəvət edib. Baş verən hadisədən narahat olan məktəbli qız həmin sürücü barəsində ailəsinə məlumat verib. Qızın atası hadisə barədə polisə məlumat verib və ərazidəki kamera görüntüləri əsasında avtomobil və sürücüsü müəyyən edilib. Saxlanılan 46 yaşlı şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.
S.Nəbiyev protokolla birgə Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə saxlanılan şəxs məktəbli qıza qarşı pis niyyətinin olmadığını deyib: "İdarə etdiyim avtomobillə hərəkətdə olarkən işıqforda dayanmışdım. Yolun kənarı ilə gedən, sonradan adının N.Rüstəmova olduğunu bildiyim qızı görüb ondan məktəbin yerini soruşdum. Məktəbin Qara Qarayevdə yerləşdiyini dedi. Öz qızım yadıma düşdüyünə görə tələsirsə, onu da getdiyi yerə avtomobillə apara biləcəyimi dedim. Mən namaz qılan adamam, deyilənlər cəfəngiyyatdır, qızı narahat edəcək hərəkətlər etməmişəm".
Zərərçəkmiş qızın atası isə saxlanılan şəxsin cəzalandırılmasını tələb edib: "Sürücü yol soruşmaq bəhanəsi ilə qızımı çağıraraq müxtəlif suallar verib, sonra avtomobilinə mindirməyə cəhd edib. Sürücü izahatında yalnız yolu soruşduğunu bildirib, hansı ki, həmin ərazidə səhər vaxtı işə gedən, dayanacaqda dayanan çoxsaylı insanlar olur, həmin şəxs azyaşlı qızdan deyil, həmin şəxslərdən yolu soruşmalı idi. Yolu soruşarkən isə israrla qızımı avtomobilinə mindirməyə cəhd göstərib".
Nizami Rayon Məhkəməsinin qərarı ilə S.Nəbiyevə 10 sutka inzibati həbs cəzası verilib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ