İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda silahlı iğtişaşlar hazırlayanı İran niyə ödülləndirdi?

“Kərimə dövləti”nin əsas “ideoloq”larından olan Tohid İbrahimbəylinin Azərbaycanda qarışıqlıq yaratmaq cəhdində suçlanan casusların məhkəməsi başlayan ərəfədə BƏSİC komandanından mükafat alması haqlı suallar yaradıb

İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan 13 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Novruz Kərimovun icraatındadır.

Məhkəmənin hazırlıq iclası dekabrın 13-nə təyin edilib. Məhkəmə qarşısına Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə, Mir Vasid Əliyev, İlham Şıxəliyev, Faiq Zeynalov, İlkin Bağırov, Vüqar Mada Əliyev çıxacaq.

Qeyd edək ki, adıçəkilən şəxslər Azərbaycan Daxili İşlər Nazirliyi (Daxili İşlər Nazirliyi), Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Müəyyən edilib ki, İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və onun oğlu Əlmürsəl Axundzadə konstitusiya quruluşunu zorla dəyişdirərək “Kərimə dövləti”nin yaradılması məqsədilə Azərbaycan ərazisində silahlı iğtişaşlar təşkil etmək üçün tədbirlər planı hazırlayıblar. Azərbaycanın ictimai xadimlərinə və məmurlarına sui-qəsd cəhdlərinə qarşı xüsusi müqavimət bölmələri yaratmaq planı çərçivəsində Rufulla Axundzadə WhatsApp, Telegram və digər messencerlərdə xüsusi qruplar yaradıb. 

Bundan başqa, R.Axundzadə və oğlu Ə.Axundzadə həyatlarına sui-qəsdlərin təşkil edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatlarını, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim ediblər. 

Bu məqsədlə o, odlu silah əldə etmək və “Molotov kokteyli” hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verib. Axundzadə qrup üzvlərini dini təhsil almaq adı ilə İrana göndərməyi də, reallıqda isə onları hərbi təlimlərə cəlb etməyi və qanunsuz silahlı ekstremist təşkilatlara cəlb etməyi planlaşdırıb.

Azərbaycanda xarici xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş şəxslərin ifşası istiqamətində aparılan uğurlu əməliyyatlardan sonra Axundzadə yaratdığı messencer qruplarının bağlanması, qrup üzvlərinin bir müddət sosial şəbəkələrdə aktiv olmaması barədə göstəriş verib. Qrup üzvləri Azərbaycanda dini radikalizmi təbliğ etmək və digər təxribat xarakterli fəaliyyətləri maliyyələşdirmək üçün xaricdən də vəsait ayırıblar.

R.Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (terrora hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə) maddələri üzrə ittiham edilib.  Astara şəhər sakini Ruhulla Axundzadənin yaşadığı evdə axtarış aparılarkən həyətindəki saxlanc yerindən 4 ədəd AKM markalı avtomat, 1 ədəd “Naqan” tipli tapança, avtomat silahlar üçün nəzərdə tutulan və içərisində patronlar olan 3 ədəd sandıqça, 5 ədəd “F-1", 4 ədəd "RQD-5" tipli əl qumbarası, 10 ədəd UZRQM tipli alışdırıcı, 2 ədəd trotil şaşkası, 491 ədəd patron, 7 ədəd CD formatlı disk və digər predmetler aşkar edilərək götürülüb.

Rufulla Axundzadə 2021-ci ilin mart ayında əfv sərəncamı ilə azadlığa buraxılıb. O, İrandadır və yenidən fars xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan əleyhinə fəaliyyətini davam etdirir. R.Axundzadə İranda yaşayan və “Kərimə dövləti”nin əsas “ideoloq”larından olan Tohid İbrahimbəylinin qayınatasıdır. Azərbaycan onları axtarışa verib. Bir neçə ay əvvəl xainlərin guya İranda həbs edildiyi barədə xəbər yayılsa da, bu, təsdiqini tapmadı. Maraqlıdır ki, bu arada “Hüseyniyyun” terror qruplaşmasının lideri Tohid İbrahimbəyli  təltif edilib.

 “MOUZE” teleqram kanalı xəbər verir ki, BƏSİC müqavimət qüvvələrinin komandanı Pasdar Süleymani hədiyyəsini Tohid İbrahimbəyliyə şəxsən təqdim edib.

Əgər məhkəmədə bu adamların suçu bir daha təsdiqlənsə, İran onları təhvil verərmi? Bakıda məhkəmə başladığı ərəfədə onun mükafatlandırılması nə mesajdır?

Arzu Nağıyev: “Silah gəzdirmək deputatın özündən asılıdır” Pravda.az

Arzu Nağıyev

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, İran-Azərbaycan münasibətləri ölkəmiz müstəqillik qazanandan sonra kifayət qədər mürəkkəb olub: “İran İkinci Qarabağ müharibəsindən sonra mövqeyini bir qədər də sərtləşdirdi, ünvanımıza əsassız ittihamlar səsləndirməyə başladı. Azərbaycana qarşı açıq şəkildə hədələr oldu. Azərbaycan daim mehriban qonşuluq siyasətinə sadiq olsa da, İranın hədələri zaman-zaman eşidilir. Bu hədələr cavabsız qalmır,  xoş olmayan cavabları eşidirlər. Təbii ki, biz istərdik ki, İran və Azərbaycan arasında münasibətlər gərginləşməsin. Bununla belə, İran tərəfindən atılan addımlar, Azərbaycanda casus şəbəkəsi yaradılması, həmin şəbəkəyə cahil, siyasi savadı olmayan insanların cəlb edilməsi və onlardan istifadəsi göz önündədir.

Düzdür, belə şəbəkələr ifşa olunur, məhkəmələr həmin şəbəkələrə daxil olanların barəsində müvafiq hökmlər çıxarır. Bu ilin əvvəlində DTX İranda xüsusi təlim keçmiş silahlı dəstə ilə bağlı çox təqdirəlayiq bir əməliyyat gerçəkləşdirdi. Bununla da bir daha göstərdi ki, DTX, eyni zamanda xüsusi xidmət orqanları əməliyyat şəraitinə tam nəzarət edir. Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı hər hansı bir təhdid törətmək istəyənlər mütləq şəkildə qarşısında Azərbaycanın hüquq-mühafizə orqanlarını, xüsusi xidmət orqanlarını görürlər və görəcəklər".

Deputat deyib ki, İranın Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti genişlənə bilməz: “Azərbaycanın xüsusi xidmət orqanları zamanında belə fəaliyyətin qarşısını almağa qadirdir. Onların əsas məramları, məqsədi Azərbaycanda qarışıqlıq salmaq, silahlı qruplaşmalar yaratmaq, terror həyata keçirməkdir. Bu dəstələrin qarşısının alınması çox mühüm əhəmiyyət kəsb edir. Özü də indiki  zamanda, hansı ki, regionda sülhün bərqərar olunması istiqamətində Azərbaycan ciddi addımlar atır. Eyni zamanda təbliğat xarakterli materialların Azərbaycana gətirilərək yayılması, bunun qarşısının alınması çox mühüm əhəmiyyət kəsb edən məsələdir. Yəni bu gün haradasa gedib xarici xüsusi xidmət orqanlarının təlimatçıları vasitəsilə müxtəlif təlimlər keçən və sonradan Azərbaycana göndərilərək Azərbaycana qarşı təhdidlə məşğul ola biləcək o şəxslərin həbsi bir daha göstərir ki, bu şəxslər var. Qaçıb gizlənənlər, eyni zamanda bu məsələlərdən yayınanlar, hələ ki sakit durub kənardan idarə edənlər də gec-tez ələ keçəcəklər. Onlar da bilsinlər ki, kifayət qədər materiallar var və əməliyyat şəraitinə nəzarət olunur. DTX-nın İran casus şəbəkəsinə qarşı yönəlmiş fəaliyyəti bölgə üçün təhlükəsizlik məsələsində önəmlidir”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR