Onlayn ictimai-siyasi qəzet
İyunun 13-də Milli Xalça Muzeyində Monteneqro xalqının milli-mədəni özünəməxsusluğunu, dünyagörüşünü, həyat tərzini, etnik, dini xüsusiyyətlərini təcəssüm etdirən sərgi açılıb.
Musavat.com bildirir ki, sərgi Azərbaycanın Mədəniyyət Nazirliyi, Monteneqro Mədəniyyət və Media Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Monteneqro Milli Muzeyinin təşkilatçılığı ilə təqdim olunub.
Tədbirdə çMilli Xalça Muzeyinin direktoru Əminə Məlikova çıxış edərək bildirib ki, sərgidə Monteneqronun XIX–XX əsr milli geyimləri nümayiş olunur. Monteneqro Milli Muzeyi, Monteneqro Etnoqrafiya Muzeyi, Kral Nikola Muzeyi, Monteneqro Tarix Muzeyinin kolleksiyalarından seçilmiş 170-dən çox eksponat Monteneqronun zəngin milli-mədəni irsini nümayiş etdirir.
"Təqdim edilən geyim nümunələri Monteneqronun mədəni özəlliklərinin zənginliyini tam ifadə etməklə yanaşı, eyni zamanda, tolerantlıq ənənələrini nümayiş etdirir. Əminəm ki, azərbaycanlı ziyarətçilər sərgidə olarkən təəccüb və doğmalıqla Monteneqronun geyimləri sırasında “dolama”, “ləbbadə” və sairə geyimlərin adları ilə rastlaşacaq", deyə Əminə Məlikova qeyd edib.
Milli Məclisin deputatı, akademik Rafael Hüseynov isə bildirib ki, hazırda Azərbaycan vətəndaşları Monteneqroya, Monteneqro vətəndaşları isə Azərbaycana azad gəlib-gedə bilir:
"Əlbəttə, bunun arxasında diplomatik əlaqələr, siyasi münasibətlərlə yanaşı, həm də xalqlarımızın mənəvi cəhətdən bir-birinə yaxınlığı durur.
Üç ay davam edəcək sərgi müddətində Xalça Muzeyini ziyarət edənlər Monteneqro xalqını, onun mədəniyyətini, tarixi ənənəsini daha da yaxından tanıyacaq və sevəcək".
Monteneqro Milli Muzeyinin direktoru, rəssam Yakşa Çalasan çıxışında bildirib ki, Monteneqro xalqına məxsus zəngin mədəni irsin bir hissəsini dost Azərbaycanda təqdim etmək məqsədilə açılan bu sərgi müxtəlif mədəniyyətlərin bir-birinə qarışmasının zənginliyi kimi şərh oluna bilər.
Monteneqro Tarix Muzeyinin direktoru Filip Kuzman çıxışı zamanı qeyd edib ki, Monteneqro ərazisində çoxlu sayda müxtəlif geyimlərə rast gəlmək təəccüblü deyil. Onların özünəməxsus estetik ifadəsi, xüsusi formalar, rənglər, ornamentlər, bəzəklər və detallar vasitəsilə ifadə olunur. Bu geyimlərdə ərazidə yaşayan xalq və etnik icmaların mədəni, milli və dini xüsusiyyətləri təqdim olunur.
Daha sonra sərgi açıq elan olunub.
Qeyd edək ki, sərgi avqustun 31-dək nümayiş olunacaq.
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ