Onlayn ictimai-siyasi qəzet
Bakıda külli miqdarda narkotik vasitə əldə etmə və satmaqda ittiham olunan şəxs hakim qarşısına çıxarılıb. O, narkotiki həbsxananın yanından götürəndə saxlanılıb.
Musavat.com xəbər verir ki, 34 yaşlı Əli 4 kiloqrama yaxın narkotik vasitəni 16 Saylı Cəzaçəkmə Müəssisəsinin yanından götürən zaman saxlanılıb.
Əli həmin narkotik vasitəni instaqramdan tanış olduğu İran vətəndaşından 200 manat qarşılığında alıbmış. Həmin İran vətəndaşı narkotik vasitəni həbsxananın yanında gizlətməsi barədə Əliyə məlumat verib.
İfadə verən Əli necə saxlanılmasından danışıb:
“Mənə göndərilən ünvan cəzaçəkmə müəssisəsinin yaxınlığı idi. Ora gedəndə narkotiki axtarmağa başladım. Cəzaçəkmə müəssisəsində olan əsgərlər məni gördülər və nə axtardığımı soruşdular. Bundan sonra polis əməkdaşları mənə yaxınlaşdı. Əsgərlər həmin narkotik vasitəni polis əməkdaşlarına təhvil verdilər”.
Əli narkotik vasitə istifadəçisi olduğunu da etiraf edib.
Məhkəmə istintaqı zamanı Əlinin narkotik satdığı şəxslərlə yazışmalarındakı aşağıdakı mesajlar da sübut kimi tədqiq edilib:
- Əli, bir cavab ver də. Hardasan? Gəlirsən, ya yox? Gözləyim? Ağrıyıram axı.
- Nə zəng vuranam, nə də yazanam. Mən yer taparam. Amma məni blok etməzdin gərək.
- Sən Allah, 1 səfərlik götürüm də. Xahiş edirəm. Sonra narahat etmərəm. Kömək et, pul var.
Məhkəmə Əlini törətdiyi əməldə təqsirli bilərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
İ.Muradov
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ