Onlayn ictimai-siyasi qəzet
Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunmuş şəxslərdən birinin şəxsiyyəti məlum olub. Onun adı Martin Ryandır. “Trend” bildirir ki, bu barədə erməni əsilli fransız jurnalist Leo Nicolian “X” (keçmiş Twitter) sosial platformasındakı rəsmi səhifəsində məlumat verib.
“Martin Ryan dekabrın 4-də Bakıda həbs edilib. "Merkorama" MMC-nin baş direktoru Martin Ryan casusluqda ittiham olunur. O, onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş İdarəsi) agenti tərəfindən istifadə (manipulyasiya) edilib", - o qeyd edib.
Fransa vətəndaşı Martin Ryanın 4 dekabrda Fransa kəşfiyyatının xeyrinə casusluğa görə həbs olunmaqla, hazırda Bakıda həbsdə olduğu məlum olur. Qeyd edək ki, daha əvvəl Qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət edib, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Azərbaycan tərəfi qeyd olunan həbslərlə bağlı hələlik rəsmi açıqlama verməyib. Məlum olduğu kimi, 2023-cü il dekabr ayının 20-də Fransa prezidenti Emmanuel Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.
Martin Raynla bağlı “Turan” agentliyi yazır ki, Fransanın Bakıdakı səfirliyi də öz vətəndaşlarının ünvanına casusluq ittihamından sonra hər hansı bəyanat verməyib. Saytın yazdığına görə, Martin Raynın rəhbərlik etdiyi “Merkorama” şirkəti 2020-ci ilin oktyabrından Bakıda yerləşir, qida məhsulları və xammal idxalı üzrə ixtisaslaşıb. Sosial şəbəkələrdəki məlumatlara görə, bu şirkətdə 10 nəfərdən çox adam olmayıb, əsasən Azərbaycan vətəndaşlarıdır. Şirkət həmçinin xarici şirkətlərin ixrac və Azərbaycanda müəssisələrin yaradılması məsələləri üzrə konsaltinqi, eləcə də İT, mühasibatlıq, hüquqi məsələlər və tərcümə sahəsində xidmətlərin göstərilməsi ilə məşğul olub.
Fransa casusunun Bakıda ifşa edilməsinə ölkə xaricindən də olduqca maraqlı reaksiyalar var.
“Azərbaycan Fransa kəşfiyyatının son dərəcə əhəmiyyətli bir strukturunu ifşa etdi və onların qarşısını aldı”. Bu sözləri Türkiyənin terrorla mübarizə və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar demişdi. Fransa kəşfiyyatına Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən vurulan zərbəni şərh edən Ağar Azərbaycanın xarici təhdidlərdən qorunmaq işinin öhdəsindən layiqincə gəldiyini qeyd etmişdi: “Azərbaycanın təhlükəsizliyinin qorunması ilə bağlı bir sıra mühüm məqamlar var. Ən birincisi Azərbaycanın dünyanın kilit nöqtəsində yer almasıdır. Hazırda qlobal miqyasda enerji, ticarət dəhlizləri ilə bağlı ciddi mübarizə gedir. Şimal-Cənub dəhlizi, Şərq-Qərb dəhlizi Azərbaycan torpaqlarından, Zəngəzurdan keçir.
Cənubi Qafqaz Asiyaya açılan qapıdır. Ümumilikdə sözügedən coğrafiya olduqca önəmlidir. Qlobal və regional güclər Cənubi Qafqaza fokuslanıb. Həm də Azərbaycan önəmli enerji qaynaqlarına sahiblik edir. Azərbaycan önümüzdəki 100 il üçün Türk dünyasına xüsusi damğa vurub. Bütün sadaladığımız nüanslar Azərbaycanı təkcə diqqətin deyil, həm də təsirlərin mərkəzinə çevirir. Bu məqam xüsusən xarici kəşfiyyat qruplarının və kəşfiyyatçıların koordinasiyalı fəaliyyət göstərməsinə səbəb olur. Həm siyasi, həm coğrafi, həm xarici kəşfiyyat qrupları Azərbaycan üzərində təsirli olmağa çalışırlar. Görünür ki, Fransa agentləri həm Azərbaycanı hədəfə alıblar, həm də Azərbaycanda mərkəz yaratmağa çalışıblar. Onlar Şərqi Avropanın bəzi ölkələrini, Gürcüstan və Moldova kimi ölkələri, eləcə də Asiya ölkələrini hədəf alan işlərə də imza atıblar. İfşa olunan şəbəkə Fransa üçün önəmli və gizli struktur idi. Belə bir şəbəkənin dağılması Azərbaycanın təhlükəsizlik qurumlarının effektiv fəaliyyətinin göstəricisidir".
Ağarın sözlərinə görə, fransız casuslarının ifşa olunması ilə Azərbaycan son dərəcə mühüm nüfuz və dəyər qazanıb: “Azərbaycan Fransa kəşfiyyatının son dərəcə əhəmiyyətli bir strukturunu ifşa etdi və onların qarşısını aldı. Bu, çox böyük uğurdur. Lakin eyni zamanda bizim nəticə çıxarmalı olduğumuz vacib olan bir dərsdir. Çünki Azərbaycan beynəlxalq güclər üçün böyük önəmə sahibdir. Buna görə də xüsusi xidmət orqanları öz fəaliyyətlərini yüksək səviyyədə aparmağa davam etməlidirlər. Bu istiqamətdə qardaş Türkiyə ilə əməkdaşlıq mühüm əhəmiyyətə malikdir”.
Arzu Nağıyev
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, xüsusi xidmət orqanlarının işi aşkarlama, ləğvetmə və ya qarşısını almaqdan ibarətdir: “Bu gün Azərbaycan xüsusi xidmət orqanları öz fəaliyyətlərini yüksək səviyyədə qurub. Hər bir ölkədə leqal və qeyri-leqal fəaliyyət göstərən agentura şəbəkəsi var. Səfirliklər siyasi, iqtisadi və digər məsələləri açıq mənbələrdən götürürlər. Eyni zamanda qeyri-leqal olaraq müxtəlif şirkətlərdə, dini qurumlarda və digər təsisatlarda təmsil oluna bilərlər. Əməliyyat şəraitinə nəzarət daxilində bu məsələlər də diqqətdə saxlanılır. Son vaxtlar biz Azərbaycan xüsusi xidmət orqanlarının gerçəkləşdirdiyi unikal əməliyyatların şahidi oluruq. İran, Qərb xüsusi xidmət orqanlarına qarşı belə əməliyyatlar baş tutur. Diplomatik toxunulmazlığa malik olan bəzi leqal kəşfiyyatçıların ölkədən çıxarılması da səbəbsiz deyil. Qeyri-leqal kəşfiyyatçılar isə uzun müddət nəzarətdə saxlanılır, qırmızı xətləri keçdikdən sonra isə cinayət məsuliyyətinə cəlb olunurlar”.
Deputat deyib ki, bu gün Azərbaycanın xüsusi xidmət orqanları siyasi, iqtisadi, mədəni, dini sahələrdə pozuculuq fəaliyyətlərinin qarşısını uğurla ala bilirlər: “Siyasi müstəvidə dövlət və dövlətçiliyə qarşı addımlar atıldıqda da bu fəaliyyətlərin qarşısı ustalıqla alınır. Azərbaycanın özünün xarici və daxili siyasəti var və bu məsələlərdə problem yaradan hər bir xarici xüsusi xidmət orqanlarının qarşısı peşəkarlıqla alınır”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ