İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda FİLM KİMİ OLAY: Azyaşlını oğurlayıb atasından 200 min tələb etdilər

Bakıda kafe sahibinin azyaşlı övladını oğurlayıb, atasından 200 min manat tələb ediblər. Polisin keçirdiyi əməliyyat zamanı cinayəti törədən Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev tutulublar. Bu günlərdə hər iki şəxsin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Musavat.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Səbinə Məmmədzadənin icraatındadır. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.

Qeyd edək ki, bu il martın 25-də saat 22:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində oranın sahibinin başına dəmir parçası ilə xəsarət yetirildiyi, azyaşlı oğlunun zirzəmiyə gətirilib stula bağlanılaraq bıçaqla hədələnib 200 min manat verilməsinin tələb olunduğu və sonradan 20 min manat müqabilində razılaşmaları barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sakit Əlişov və Şahin Quliyev müəyyən olunaraq saxlanıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR