Onlayn ictimai-siyasi qəzet
Bu, tibb tarixində nadir rast gəlinən hadisələrdəndir. Gənc bir ana, ölüm-qalım mübarizəsi, hamiləliyin ən həssas dövründə yaşanan infarkt və bir professorun risk, lakin insanlıq dolu qərarı...
Musavat.com xəbər verir ki, Bakıda yaşayan 22 yaşlı Nilufər Hacıyeva hamiləliyinin ikinci ayında idi. Ailəsi ilə birgə sakit bir axşam keçirərkən qəfil sinəsində yanğı hiss edir.
Nilufər Hacıyeva: “Evdə ailəmlə birgə oturmuşduq. Birdən sinəmdə göynəmə hiss etdim. Əvvəlcə düşündüm ki, mədəmdir. Daha sonra ağrılar kürək nahiyəmə və qoluma vurdu. Oksigen çatışmazlığı yarandı”.
Təcili yardım gəlir, ilkin müayinə infarktı təsdiqləyir. Nilufər əvvəlcə Elmi-Tədqiqat Kardiologiya İnstitutuna, daha sonra isə Mərkəzi Klinikaya yönləndirilir.
Nilufər Hacıyeva: “Məni təcili yardımla Elmi-Tədqiqat Kardiologiya institutuna apardılar və infarkt keçirdiyim bir daha təsdiqləndi. Dərhal Mərkəzi Klinikaya aparılmağım üçün göstəriş verildi”.
Amma qarşıda daha böyük çətinlik var idi – hamiləlik davam edirdi və bu, bütün müdaxilələri ikiqat riskli edirdi. Bir çox həkim bu riski götürmək istəmirdi.
Ancaq bir həkim cəsarət göstərir – tanınmış ürək-damar cərrahı, professor Firdovsi İbrahimov. O, nəinki əməliyyat qərarı verir, həm də hamiləliyin davam etməsinə şərait yaradır. Ginekoloqların uşaqların aldırılması məsləhətlərinə rəğmən o, ana və körpələrin həyatını eyni anda qorumağa çalışır.
Nilufər Hacıyeva: “Ginekoloqlar məsləhət görürdülər ki, uşaqları aldıraq. Mən isə bunu etdirmək istəmirdim. Firdovsi həkimin komandası da əkizlərimin abort etdirilməsinə icazə vermədi”.
Əməliyyat müvəffəqiyyətlə icra olunur, infarktın fəsadları azaldılır. Amma bu yalnız başlanğıc idi.
Nilufər Hacıyeva: “Bəzən uşaqlarla danışıram. Deyirəm, mən infarkt keçirmişdim, sizi xilas edib mənə bağışladılar. Həm infarktın, həm də uşaqların itirilmə riski mənə iki qat ağrı verirdi”.
Maddi durumları da ağır idi. Amma professor Firdovsi İbrahimov sosial məsuliyyət göstərərək maddi məsələləri arxa plana keçirir.
Nilufər Hacıyeva: “Mən Firdovsi həkimə minnət duyğusu yaşayıram. Mən bir daha ana olmaya bilərdim.”
Hamiləlik sona qədər davam etdirilir. Və nəhayət – 8-ci ayda qeysəriyyə əməliyyatı ilə iki sağlam oğlan uşağı dünyaya gəlir. Ailə minnətdarlıq əlaməti olaraq uşaqlara Firdovsi və İbrahim adlarını verir.
Nilufər Hacıyeva: “Firdovsi həkim uşaqlarımın mənəvi babasıdır. O bizimlə hamiləlikdən sonrakı prosesdə də maraqlandı.”
Həkimlikdən daha çox insanlıq göstərən Firdovsi İbrahimov bu ailəyə təkcə sağlamlıq yox, bir gələcək də bağışlayır.
Nilufərin anası Gülayə xanım: “Çox əziyyət çəkdik. Çox şükür ki, həm qızım, həm də uşaqlar sağlamdılar və həyatdadırlar. Hələ də şokdayam, sevinci yaşaya bilmirəm ki, nənə olmuşam”.
Bu gün Nilufər Hacıyeva iki oğlunu – Firdovsi və İbrahimi – həyatda ikinci dəfə qazandığı şansın simvolu olaraq böyüdür.
Şahanə Rəhimli
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ