İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Belarus malları boykot edilir: “İşğalçını dəstəkləyənlər bizə lazım deyil” - Reportaj qeydləri

İqtisadçı ekspertdən situasiyaya şərh: “Belarus mallarından tam imtina etsək...”

İnsanlar Bakıda fəaliyyət göstərən Belarus mağazalarını boykot ediblər. Paytaxt sakinləri bunu Ukraynaya dəstək məqsədilə etdiklərini bildiriblər. “Lukaşenkonun Belarus Moskvaya istənilən dəstəyi verəcək deməsindən sonra o mağazaların birinə də ayaq basmıram. Ukrayna hər zaman bizim yanımızda olub, bu müharibədə onların yanındayıq. Biz də bu cür dəstək veririk”, - deyə Fərhad Məmmədov adlı sakin bizimlə söhbətdə deyib.

Digər paytaxt sakini Firuzə Əliyeva da Ukraynaya dəstək üçün Belarus mağazalarından imtina etdiyini deyib: “44 günlük müharibədə Ukrayna bizə dəstək oldu. Ona hər zaman dəstək olacağıq. Özü də bu savaşda Rusiya işğalçı mövqedədir, haqsızdır. Belarus mağazaları Bakıda fəaliyyət göstərməməlidir. Biz yalnız oradan mal almamaqla etirazımızı bildirə bilərik”.

Bəs görəsən, vəziyyət deyildiyi kimidirmi? Belarusa məxsus mağazalar həqiqətən də boykot edilirmi? Heçmi alıcısı yoxdur?

“Yeni Müsavat”ın əməkdaşı olaraq vəziyyəti öz gözlərimizlə görmək üçün paytaxtda fəaliyyət göstərən bu mağazalara üz tutduq.

bela 4.jpg (109 KB)

Nizami rayonundakı “Belaruski” mağazasına yollandıq. İçəri daxil olduqda qəribə bir sakitliklə üzləşdik. Bəlkə də milçək vızıldasaydı, səsi eşidilərdi. Yalnız bir-iki alıcı ilə rastlaşdıq ki, bunlar da rus əsilli idilər. Yaxınlaşıb onlarla söhbət edirik. Oksana adlı paytaxt sakini bizimlə söhbətdə bildirdi ki, uzun illərdi ki, bu mağazanın alıcısıdır: “Son vaxtlar gəlirəm, burada alıcıların sayı azalıb. Mənim atam rusdur, anam isə ukraynalıdır. İndi siz təsəvvür edirsiniz mən nələr çəkirəm. O gün ukraynalı qohumuma zəng vurub hal-əhval tuturam, məni az qala öldürəcəkdi. Deyirlər, sizin Putin evimizi yıxdı. Mənimlə çox pis danışdılar. O qədər ağladım, axı mənim nə günahım var. Neçə illərdi ki, Bakıda yaşayıram. Müharibəni mənmi başladım?! Mən də Putini qınayıram. Müharibə olmasın, qardaşları bir-birinə vurdular. Lənət olsun!”

Oksanadan ayrılıb bir-bir piştaxtalara da nəzər yetiririk. Bəzi məhsulları çıxmaq şərtilə digər piştaxtaların boş olduğunu gördük. Satıcıya yaxınlaşıb səbəbini soruşduq. O isə cavabında belə dedi: “Bunun müharibə ilə əlaqəsi yoxdur. Sadəcə mağazanı genişləndiririk, ona görə boşdur”.

bela 3.jpg (68 KB)

Satıcıdan alıcıların az olma səbəbini də öyrənirik: “Düzdür, bu gün az alıcı olub. Amma tamamilə alıcımız yoxdur deyə bilmərik. Biz də qorxurduq ki, boykot edəcəklər bizi. Amma şükür belə olmadı. Gələnlər az da olsa var”.

Mağazadan çıxar-çıxmaz bir qadın bizə yaxınlaşıb bunları dedi: “Qızım, biz artıq bu mağazadan mal almırıq. Baxın, bu sırada o qədər dükan var ki, gedin oradan alın. Bunlar işğalçını dəstəkləyirlər, getməyin ora”.

Yeri gəlmişkən, Böyük Britaniya da daxil olmaqla, digər Avropa ölkələri Belarusa qarşı iqtisadi sanksiyalar tətbiq ediblər. Bu bir sıra vəzifəli şəxslərə, iş adamlarına şamil edilib. Bəs görəsən, Belarus mağazalarına qarşı belə etirazlar edərək nəyəsə nail olmaq olarmı? Bunun bizə faydası, yoxsa zərəri var?

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

 Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərlidən suallarımıza cavab aldıq: “Piştaxtaların boş olması logistika ilə bağlıdır. Müharibə dövründə Rusiyanın Ukraynaya müdaxiləsi zamanı yolların bir çoxu Ukrayna ərazisindən keçirdi. Belarus mallarının Azərbaycana gətirilməsi də bu yolla baş verirdi. İndi müharibə şəraitidir, logistika tamamilə axsayıb. Rusiya üzərindən yeni kanallarla Belarus məhsullarının Azərbaycana gətirilməsi mümkündür. Yəqin ki, bununla bağlı müəyyən işlər görülüb. Mən insanların emosional olaraq Belarus mallarının boykot etmələrini anlayıram. Amma bunun effektiv olacağını düşünmürəm. Çünki Azərbaycan Belarus mal ixracatında kiçik bir paya malik ölkədir. Biz almasaq belə, Belarusa ciddi şəkildə təsir etməyəcək. Amma Azərbaycanın daxilindəki qiymət artımına səbəb ola bilər. Yəni biz Belarus mallarından tam imtina etsək, bəzi sahələrdə ərzaq məhsullarının qiymətində artım görə bilərik. Zatən artım var, böyük inflyasiya sürətlə gedir. Bu məhsullardan imtina etmək, almamaq yeni inflyasiya dalğası gətirə, növbəti qiymət artımlarına təkan verə bilər. Təkrar edirəm, Belarusun Rusiyanı dəstəkləməsini anlayıram, Ukraynanın haqlı olduğunu, Ukraynanın ərazi bütövlüyünü, mücadiləsini Azərbaycan xalqı dəstəkləyir. Mən bunun doğru olduğunu düşünürəm. Amma bəzi addımlar ölkənin özünə ziyan vurmamalıdır. Bu mənada mən Belarus mallarının boykot olunmasının ciddi effekt verəcəyini düşünmürəm. Sadəcə emosional olaraq dəstək aksiyası kimi görünə bilər. Amma bunun praktik effekti olmayacaq”.

4d3eb949-ad15-4cad-bb49-2900deab.png (554 KB)

5bb36a73-d59e-49af-b93e-3ab3810a.png (832 KB)

Afaq MİRAYİQ,
Şəkillər müəllifindir,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR