İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda anti-Azərbaycan toplantısı - SƏRT TƏPKİ

XİN ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və İsveçrə diplomatlarının bəyanatını pislədi; tədbirdə olmuş hüquq müdafiəçisi danışdı

Dekabrın 4-də Avropa İttifaqının Bakıdakı nümayəndəliyi Böyük Britaniya və İsveçrə səfirlikləri ilə birlikdə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş qəbul təşkil edib. Tədbirdə yerli hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti, mətbuat nümayəndələri, vəkillər və fəallar iştirak ediblər. Xəbəri “Turan” yayıb. Bildirilir ki, diplomatik missiyaların rəhbərləri, eləcə də ABŞ səfiri öz çıxışlarında insan hüquqlarının təminatında vətəndaş cəmiyyətinin rolunun vacibliyini qeyd ediblər. “Onlar həmçinin deyiblər ki, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət noyabrda Bakıda keçirilən COP29 iqlim konfransı ilə bağlı gözləntilərin əksinə olaraq daha da pisləşib. Onlar siyasi məhbusları azad etməyə çağırıblar”, - deyə xəbərdə bildirilir.

“Jurnalistləri və ictimai fəalları azad etmək üçün bütün səylərə və beynəlxalq kampaniyaya baxmayaraq, onlar hələ də həbsdədir. Biz bir daha hakimiyyəti öz fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilənlərin hamısını azad etməyə çağırırıq”, - Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko çıxışında deyib. İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştelin də çıxışında “Azərbaycanda insan haqlarının çətin vəziyyətinə” toxunub. Böyük Britaniya səfiri Ferqus Old fundamental insan hüquqları və fərdi məsələlərlə bağlı Azərbaycan hakimiyyəti ilə daimi təmaslardan danışıb. ABŞ səfiri Mark Libbi çıxışında təəssüflə qeyd edib ki, “insan hüquqları və söz azadlığı uğrunda mübarizə aparanların bir çoxu bugünkü tədbirdə iştirak edə bilmir”.

Azərbaycan Xarici İşlər Nazirliyi Qərb diplomatlarının bu bəyanatlarına reaksiya verib. Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki hesabında Qərb diplomatlarının məhkəmə sisteminin işinə “müdaxilənin yolverilməzliyi” barədə yazı dərc edilib. “Dekabrın 4-də Bakıda keçirilən tədbir zamanı ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və İsveçrə səfirlərinin Azərbaycanda "jurnalistlərin" və “siyasi fəalların” saxlanılması barədə bəyanatlarını qətiyyətlə rədd edirik. Bu bəyanatlar Azərbaycanın məhkəmə sisteminin müstəqilliyini pozmağa açıq cəhddir", - yazıda deyilir. “Məhkəmə prosesinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyi prinsipinə ziddir ki, bu da qanunun aliliyinin əsas prinsipidir” - Xarici İşlər Nazirliyi qeyd edib. 

ELMAN YENİ .png (494 KB)

Deputat Elman Nəsirov “Yeni Müsavat”a qeyd etdi ki, səfirlər bir araya gələrək Azərbaycanla bağlı iftira dolu bəyanatlar səsləndiriblər. “Bu çıxışlarda jurnalistlərə təzyiqlər, insan hüquqlarının pozulması ilə bağlı yalan məlumatlar bölüşüblər. Bu açıqlamalar Avropa İttifaqından gələn təlimat əsasında verilib. Biz Avropa İttifaqı və Avropa Paramentindən dəfələrlə belə bəyanatlar görmüşük. Bu dezinformasiyaları alman deputat Frank Şvabe də paylaşıb. Yəni eyni mətndir və bir mərkəzdən olan sifarişdir”. Deputat bildirdi ki, Azərbaycanı ittiham edənlər ilk növbədə güzgüyə baxsınlar: “Onların bu bəyanatları səsləndirməyə nə dərəcədə mənəvi haqqı çatır? Əgər Avropa Parlamentinin prezidentini 600 min avroya ələ almaq mümkündürsə, hansı şəffaflıqdan danışırlar? Marşal Fondunun əməkdaşı bir hesablama apararaq bütün Avropa Parlamentini ələ almağın mümkün olduğu haqda ritorik suallar qoymuşdu. Eyni zamanda bu gün Amerika prezidenti öz narkoman oğlunu əfv edir. Deməli, Bayden ölkəsində siyasi sifarişlə həbslər olduğunu özü etiraf edir. Həmçinin Tramp ABŞ-da siyasi məhbus olmasından danışır. O zaman bu səfirlər hansı haqla Azərbaycanı ittiham edə bilərlər? Ona görə də aynaya baxsınlar, sonra söz desinlər”. 

E.Nəsirov əlavə etdi ki, Azərbaycana kimsə təzyiq yolu ilə nəyisə diktə edə bilməyəcək: “Prezident İlham Əliyev Azərbaycan xalqının maraqlarını ifadə edir və xalq öz liderinin ətrafında sıx birləşib. Bu qarayaxma kampaniyasının, təzyiqlərin səbəbi isə torpaqlarımızı işğaldan azad etməyimizdir. Bu ölkələr və təsisatlar Azərbaycanın haqlı qələbəsindən sonra saxta ittihamlar, böhtan xarakterli çağırışlar səsləndirərək ölkəmiz haqqında mənfi rəy yaratmağa çalışırlar”. Deputat hesab edir ki, səslənən ittihamların əsası yoxdur və diplomatlar tərəfindən adları qeyd olunan şəxslərin istintaqı getməkdədir. E.Nəsirovun fikrincə, bu bəyanatlar istintaqın və məhkəmənin işinə qarışmaqdır. 

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu açıqladı ki, diplomatların olduğu həmin tədbirdə iştirak edib: “Biz orada idik və onların bu çıxışları heç də xoşagələn deyildi. Onlar insan hüquqlarının pozulması haqqında danışa bilərlər, amma davamlı olaraq işimizə müdaxilə edirlər. Bir var Avropadan bu bəyanatlar səslənsin, bir də var Bakıda oturub danışırlar. Kimsə onların ağzını yummayıb, danışırlar, amma bəyanatı verdilər, adları çəkdilər, xoşuma gəlməyən bir məqam oldu: yalnız Qərb dövlətləri ilə əməkdaşlıq edənlərin adlarını açıqladılar, yəni ayrı-seçkilik etdilər. Biz hüquq müdafiəçisi kimi istəyirik ki, jurnalistlər, siyasi motivlə tutulanlar varsa, hamısı azadlığa buraxılsın”. 

N.Cəfəroğlu hökumətin bu məsələlərə diqqət yetirməli olduğunu söylədi: “Bizim İşçi Qrupumuz varıydı, orada Fuad Ələsgərov, Səməd Seyidov, 11 nəfər hüquq müdafiəçisi var idi. Yəni normal fəaliyyət göstərirdik, əməkdaşlıq edirdik, tutulanların azadlığa çıxması üçün çalışırdıq. Ona görə də indi belə bir işçi qrupunun yaradılmasına ehtiyac var. Bu gün nazirliklərin yanında ictimai şuralar yaradılıb, hansı biri bu işlərlə məşğuldur? Biz gecə-gündüz məhkumların yaxınlarının məktublarını çatdırırıq, əlimizdən gələni edirik. Biz o zaman səfirlərlə görüşlərdə həqiqətləri deyirdik. İndi bu kommunikasiya kəsilib. Bu təmasların olması vacibdir. Biz o diplomatlarla görüşə bilsək, dövlətin sözünü də onlara çatdıra bilərik. Halbuki o vaxt belə bir dialoq yarada bilirdik. Ona görə də Prezident Administrasiyası yanında nüfuzlu adamlardan ibarət İşçi Qrupu yaradılmalıdır”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR