İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və İrəvan üçün kritik üç ay

Yayda sülh sənədi hazır olacaqmı; nazir Bayramov ABŞ rəsmisi ilə görüşdə nikbin danışdı; “Konstuktiv ruhda baş tutan danışıqlar prosesin effektivliyinə dəlalət edir”

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında növbəti pauza yaranıb. Keçən ay Almatıda iki Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında reallaşan və tərəflərin konstruktiv adlandırdığı müzakirələrin davamının harada baş tutacağı ilə bağlı hələlik heç bir ilkin anlaşma yoxdur.    

Ötən həftəsonu Ermənistan XİN başçısı Ararat Mirzoyan hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları ilə görüşüb. “Hraparak” erməni nəşrinin yazdığına görə, iclasda Ermənistan-Azərbaycan sülh prosesi müzakirə olunub: “Mirzoyan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iki həftə əvvəl Almatıda keçirdiyi görüş və danışıqlar barədə danışıb və bildirib ki, Bakı sülh müqaviləsində Almatı bəyannaməsinə istinaddan imtina edir”.

Mənbə bildirilir ki, iclasda Azərbaycanın hansı sərhədlərlə müqavilə imzalamaq istədiyi sualı qaldırılıb. Mirzoyan cavab verib ki, bu məsələyə aydınlıq gətirilməyib. Xarici işlər naziri sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı da danışıb. Onun sözlərinə görə, bundan sonra hansı ərazidən başlayacaqlarını bilmirlər.

Tərəflər arasında fikir ayrılıqlarının qalması doğrudur. Azərbaycanın delimitasiya məsələsində mövqeyi ədalətlidir: Bakı yalnız bir xəritədən istifadənin əleyhinədir. Almatı bəyannaməsi bu səbəbə dolğun sənəd sayıla bilməz. 

Həmçinin Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın qeyri-konstruktiv mövqeyi prosesi ləngidir. İrəvan Azərbaycandan-Azərbaycana maneəsiz keçid məntiqini qəbul etmək istəmir. Halbuki bu bizim haqqımızdır və beynəlxalq hüquq da bunu mümkün sayır. Ən azından Kalininqrad təcrübəsi var. 

Bütün hallarda bu yay, yaxud payız üçün - COP29-dək, nəhayət, tərəflər əngəlləri aşıb sülh sənədi və ya çərçivə sazişi imzalayacaqmı? 

“Azərbaycan və Ermənistan sülh anlaşması ərəfəsindədir”. Bunu isə ABŞ-ın ölkəmizdəki keçmiş səfiri, Minsk Qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.

Bu arada xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşdə onu postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi istiqamətində aparılan danışıqlar, habelə sülh gündəliyi üzrə əldə olunan son inkişaflar barədə ətraflı məlumatlandırıb.

XİN-in yaydığı açıqlamada bildirilir ki, nazir xüsusilə delimitasiya komissiyaları arasında əldə olunan, ölkəmizin Ermənistan tərəfindən işğal altında olan 4 kəndin geri qaytarılmasını ehtiva edən son razılığın ikitərəfli danışıqlar prosesinin regional sülh və etimad quruculuğuna real töhfə vermək baxımından faydalılığını bir daha təsdiq etdiyini vurğulayıb.

10-11 may 2024-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində konstuktiv ruhda baş tutan danışıqların da ikitərəfli sülh prosesinin effektivliyinə dəlalət etdiyi vurğulanıb.

Ümidlər doğrulacaqmı? 

Siyasi şərhçi: Fransa Azərbaycan ərazilərində hər hansı bir addım ata  bilməyəcək - AZƏRTAC

 Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Metyu Brayzının qeyd etdiyindən də daha ciddi məlumatı var: “Bu ilin sonuna qədər, xüsusi olaraq COP29 tədbirinə qədər, yaxud elə həmin tədbirin getdiyi dövrdə Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı çərçivə sənədinin imzalanması şansının yüksək olması ilə bağlı Azərbaycan Prezidenti bu yaxınlarda ADA Universitetində çıxışında işarə etmişdi. Eyni zamanda Ermənistanın baş naziri son vaxtlar çıxışlarında qeyd edir ki, sülh sazişi ilə bağlı çərçivə sənədinin imzalanması imkanları yüksəkdir. Bilirsiniz ki, uzun müddətdir Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması və razılaşdırılması ilə bağlı danışıqlar gedir. Azərbaycan tərəfinin irəli sürdüyü təşəbbüsə əsaslanaraq ortalıqda olan bir çox məsələlərin müəyyən hissəsi razılaşdırılıb. Amma bir neçə məsələdə hələ ki Azərbaycan və Ermənistan rəhbərləri arasında fikir ayrılığı mövcuddur. Belə bir fikir var ki, razılaşdırılmış şərtlər çərçivəsində geniş sülh müqaviləsi yox, amma hansısa formada çərçivə sazişi imzalana bilər. Hesab edirəm nəzərə alsaq ki, dövlət rəhbərləri də buna işarə eləyir, ümumiyyətlə, COP29 tədbirinin keçirilməsi Azərbaycana beynəlxalq diqqəti həddən artıq yüksəldəcək, belə bir sənədin imzalanması üçün böyük şanslar var. Ancaq eyni anda bu sənədin imzalanmasının qarşısını almaq üçün də müəyyən qüvvələr təsir imkanlarını Ermənistanın üzərinə tuşlayıblar. Ermənistanda keşiş Baqratın liderlik etdiyi xüsusi təşkil olunan etirazlar məhz sülh sazişi ilə bağlı razılaşmaların qarşısını almaq üçündür. Bu hərəkatın arxasında Robert Köçəryan, Serj Sərkisyan kimi canilər, erməni  kilsəsi, separatçı Qarabağ erməniləri, bir çox xarici qüvvələr dayanır. Ermənistandakı həmin hərəkat sülh sazişi prosesinə maneçilik törədir. Çərçivə sazişinin qısa müddətdə imzalanması Ermənistan rəhbərliyinin prinsipiallığından asılı olacaq. Azərbaycan tərəfi sülh sazişinə onsuz da hazırdır. Proqnozum ondan ibarətdir ki, çərçivə sazişini COP29-a qədər imzalamaq, çox güman, mümkün olacaq”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR