İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Vaşinqton əlaqələrinə “keçmiş olsun” deyəkmi...

Siyasi şərhçi: “Trampın Azərbaycanın strateji mövqeyini mərkəzə alacağı ehtimalı yüksəkdir”

ABŞ-Azərbaycan münasibətləri son illərdə müxtəlif mərhələlərdən keçib. Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi ilə iki ölkə arasındakı əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyacağı gözlənilir. Cozef Bayden administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətlərində müəyyən gərginliklər yaşanıb.

Azərbaycan Prezidenti İlham Əliyev bu dövrü “itirilmiş illər” kimi qiymətləndirərək, Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşdığını vurğulayıb. Ekspertlərə görə, Tramp administrasiyasının praqmatik yanaşması və Azərbaycanın enerji təhlükəsizliyindəki rolu nəzərə alınaraq, iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsi gözlənilir.

Azər Hüseynov

Siyasi şərhçi Azər Hüseynov mövzunu “Yeni Müsavat”a şərh edərkən deyib ki, Azərbaycan dövlətinin ali strateji məqsədi müstəqilliyini qorumaq və beynəlxalq müstəvidə güclənməkdən ibarətdir: “Bu hədəfə çatmaq üçün tarixi təcrübələrin davamlı şəkildə dəyərləndirilməsi, keçmişdə siyasi əlaqədə olunan liderlərin fəaliyyətinin dərindən təhlil edilməsi zəruridir. Bu kontekstdə, ABŞ-ın keçmiş prezidenti Donald Trampla münasibətlər də xüsusi əhəmiyyət kəsb edir. Trampın birinci prezidentlik dövrü əsasən ABŞ-ın iqtisadi qüdrətinin bərpasına yönəlmişdi. Onun siyasi portreti, bir milyarder və iş adamı kimi fəaliyyətinin əsas prinsiplərinin maddi və iqtisadi gücün artırılması, eləcə də geosiyasi layihələrin iqtisadi aspektlərinin gücləndirilməsi üzərində qurulduğunu göstərir. Bu səbəbdən, Tramp administrasiyası dövründə Azərbaycanla münasibətlər konkret və praqmatik xarakter daşıyırdı.

Azərbaycan dövlət başçısının da vurğuladığı kimi, Trampla müəyyən bir siyasi ünsiyyət təcrübəsi mövcuddur ki, bu da onun gələcəkdə Azərbaycanla bağlı atacağı addımların proqnozlaşdırılmasına imkan yaradır. Burada əsas məqam, Azərbaycanın xarici siyasət strategiyasının effektiv şəkildə həyata keçirilməsi imkanlarının genişləndirilməsidir. Bayden administrasiyası ilə münasibətlər isə fərqli bir çərçivədə inkişaf edib. Demokratların xarici siyasət doktrinasının mühüm xüsusiyyətlərindən biri, ABŞ-ın maraqlarını qeyri-dövlət aktorları vasitəsilə reallaşdırmağa meylli olmalarıdır. Bu yanaşma, iqtisadi imperativlərdən daha çox siyasi xarakter daşıyır. Beləliklə, Cənubi Qafqazın ən güclü iqtisadiyyatına malik olan Azərbaycanla strateji ünsiyyətdən daha çox Ermənistanla yaxınlaşmağa üstünlük verilib və zaman-zaman Azərbaycanın maraqlarına uyğun olmayan bəyanatlar səsləndirilib".

Ekspertə görə, Trampın növbəti dövrdə Cənubi Qafqaz siyasətində Azərbaycanın strateji mövqeyini mərkəzə alacağı ehtimalı yüksəkdir: “Bunun əsas səbəbi onun xarici siyasətində iqtisadi prioritetlərə üstünlük verməsidir. Azərbaycan Şərq-Qərb tranzit xəttinin əsas iştirakçılarından biri kimi fəaliyyətini daha da genişləndirmək niyyətindədir və bu istiqamətdə mühüm nailiyyətlər əldə edib. Lakin bu potensialın tam reallaşması üçün aparıcı siyasi, iqtisadi və hərbi aktorların ortaq maraqlar əsasında konsensus əldə etməsi vacibdir. Əks halda, iqtisadi cəhətdən əhəmiyyətli mal və xidmət axınında ciddi problemlər meydana çıxa bilər.

Azərbaycan dövləti üçün böyük güclərin iqtisadi maraqları ön planda saxlaması əhəmiyyətlidir. Çünki regionun ən iri iqtisadiyyatına malik olan Azərbaycan beynəlxalq iqtisadi proseslərdə iştirakını gücləndirmək və strateji tranzit imkanlarını maksimum dərəcədə dəyərləndirmək niyyətindədir. Bütün bu faktorlar nəzərə alındıqda, gələcəkdə Azərbaycan-ABŞ münasibətlərinin mahiyyət etibarilə dəyişməsi ehtimalı yüksəkdir. Xüsusilə iqtisadi əməkdaşlıq perspektivlərinin genişlənəcəyi proqnozlaşdırıla bilər".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR