İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı təhlükəsiz şəhər reytinqində niyə 67-cı oldu?

Ekspertlər hesab edir ki, bu reytinq siyasi məqsəd daşıyır, əksinə, İrəvan daha təhlükəli şəhərdir...

Beynəlxalq miqyasda tanınan “Numbeo” analitik informasiya portalının cinayət və təhlükəsizlik indeksinin icmal məlumatlarına əsasən, Ermənistan dünyanın 146 ən təhlükəsiz ölkəsi arasında 7-ci yeri tutaraq öz ötənilki mövqeyini qoruyub. Həmin portalın məlumatına görə, İrəvan da mövqeyini yaxşılaşdırıb. Paytaxt İrəvan 329 ən təhlükəsiz şəhər arasında 15-ci, ötən il isə 20-ci olub. 

Dünyanın təhlükəsiz ölkələri siyahısında Azərbaycan  2023-cü ildəki 33-cü yerdən 32-yə yüksəlib. Bakı isə təhlükəsizliyinə görə 67-ci yeri tutub. Qeyd olunur ki, cinayət indeksi konkret şəhərdə ümumi cinayət səviyyəsinin qiymətləndirilməsidir. Bu, netizenlərin məlumatlarına və rəylərinə əsaslanır. Onlar şəhərlərdə təhlükəsizlik hissini, eləcə də soyğunçuluq, avtomobil oğurluğu, fiziki hücumlar, ictimai yerlərdə təcavüz və ayrı-seçkiliklə bağlı öz narahatlıq səviyyələrini qiymətləndirirlər. 

Avropa şəhərlərində cinayət indeksində ilk beşlikdə Marsel (Fransa), Koventri və Birmingem (Böyük Britaniya), Neapol (İtaliya) və Montpelyedir (Fransa). Bu siyahıda Dnepr 16-cı, Odessa 18-ci, Xarkov 34-cü, Kiyev isə 45-ci yerdə qərar tutub. 

“Numbeo” bildirir ki, ən aşağı cinayət indeksində Hollandiya, Bern, Münhen, Trondheim və Lyublyana şəhərləridir.  

“Ən təhlükəsiz ölkələr” reytinqində Ermənistan 7-də, Azərbaycan 33-də, “ən təhlükəsiz şəhərlər” reytinqində İrəvan 13-də, Bakı 70-dədir.

Azərbaycanın siyasi təzyiq vasitəsilə geri çəkilmədiyini görüb, iqtisadi zərərvurma kampaniyası aparırlar: hətta bir turisti belə ölkəmizə gəlməkdən yayındırıb, Ermənistana göndərmək uğrunda yarışırlar. 

Qeyd etmək yerinə düşər ki, “Numbeo”nun 2017-ci ildə dərc etdiyi reytinqdə Azərbaycan cinayət səviyyəsinə görən dünyanın ən təhlükəsiz ölkələri sırasında ilk iyirmiliyə daxil olmuşdu. 125 ölkə arasında aparılan statistik araşdırmalar nəticəsində Azərbaycan 18-ci yerdə qərarlaşıb. İlk onluqda isə Avstriya, Danimarka, Yaponiya, Belarus, Gürcüstan yer almışdı.

MKS

Sahib Məmmədov 

Hüquq müdafiəçisi Sahib Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, “Numbeo” tərəfindən ölkələrdə və şəhərlərdə kriminal vəziyyətlə bağlı qiymətləndirmə mürəkkəb sxemə əsaslanır: “Ən azı 12 aspektdən araşdırılır. Bunlar, cinayət qavrama səviyyəsi, cinayət səviyyəsində dəyişiklik, gündüzlər mövcud olan təhlükəsizlik, gecələr mövcud olan  təhlükəsizlik, oğurluq və ya oğurluqla bağlı narahatlıqlar, avtomobil oğurluğu ilə bağlı narahatlıqlar, əcnəbilərə qarşı fiziki hücumlarla bağlı, ictimai yerlərdə təhqir və təqiblərə dair, eləcə də  məqsədli hücumlarla bağlı narahatlıqlar, mülkiyyət cinayətlərinin ağırlığı, zorakı cinayətlərin ağırlığı kimi aspektlərdən qiymətləndirilir. Ümumi baxanda, Azərbaycanın vəziyyəti pis deyil. Cinayət səviyyəsi üzrə indeks 26.56 qiymətləndirilir, bu aşağı sayılır. Son iki ildə cinayətlərin artması 47.9 orta sayılır. Ev, əşya oğurluqları 27.70, bu da aşağı sayılır. Soyğunçuluq və qarətlə bağlı narahatlıq indeksi 28.53-dür, bu da aşağı göstəricidir. Oğurlanmış avtomobillərlə bağlı indeks 20.21 aşağı səviyyə sayılır. Yaxud avtomobillərin içindən əşyaların oğurlanması 32.09 da aşağıdır. Hücuma məruzqalma qorxusu 29.9, təhqir olunmaqdan narahatlıq 33.50-dir ki, bunlar da aşağı sayılır. Eyni zamanda dərinin rəngi, etnik mənsubiyyətə, dini baxışlara görə fiziki hücumlara məruz qalmaqla bağlı göstərici də çox aşağıdır. Narkotik istifadə və satmaqla bağlı 35.24 göstəricisi də aşağıdır. Vandalizm və oğurluq kimi mülkiyyət cinayətləri 30.3, silahlı quldurluq və basqın və zorakılıqlar indeksi 21.90-dır ki,  bu da aşağıdır. Ən yüksək korrupsiya və rüşvətxorluq problemidir ki, bu da 80.85-dir ki, bu da çox yüksək sayılır. O ki qaldı şəhərlər üzrə, burada İrəvan, Tbilisi və Bakı indekslərində də bir-birindən çox az fərqlənir. Üçü də xəritədə yaşıl rəngdə göstərilir. Eyni statusdadır. Amma nədənsə İrəvanı qabağa çəkiblər”. 

Ekspert bunu yanlış hesab edir: “Mənim subyektiv mülahizələrimə görə, İrəvan daha təhlükəli şəhərdir, nəinki Bakı. Çünki İrəvanda davamlı aksiyalar keçirilir. Bu aksiyalarla bağlı müəyyən təhdidlər yaranır, şəxslərin mülklərinə təhdidlər yaranır. İctimai nəqliyyatda təhlükə yaranır. Bəzən hücumlar olur. Dövlət xadimlərini küçədə zorakılığa məruz qoyurlar, əks qüvvələrin bir-biri ilə toqquşması baş verir. Spontan aksiyalarda qarşıdurmalar baş verir. Bu aspektlərdən yanaşanda İrəvanla Bakını heç müqayisə etmək olmaz. Amma nədənsə eyni statusdadır, hətta bir az İrəvan qabaqdadır. Hesab edirəm ki, burada ikili yanaşma özünü göstərir. Ümumiyyətlə isə Azərbaycanın kriminal baxımdan reytinq göstəricisi yaxşıdır”. 

Fazil Mustafa Milli Məclis komitəsinin sədri seçilib

 Fazil Mustafa

Milli Məclisin deputatı Fazil Mustafa da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, burada əsasən siyasi məsələlər daha çox qabarır: “Sanki cinayət, kriminogen vəziyyəti əsas götürürlər. Mahiyyətcə daha çox ölkələrə turizmi cəlb etmək üçün belə bir sorğuları yayınlayırlar. Ermənistan necə təhlükəsiz yer ola bilər ki, orada hər gün mitinqlər, çaxnaşmalar olur. Bu ciddi təsir edən amillərdən biridir. Ordudan qaçışlar, fərarilər, jurnalistlərin qaçırılması və sairə neqativ hallar baş verir. O baxımdan, bunlar siyasi məqsəd daşıyan addımlardır, reytinqlər də ciddi qəbul olunmur.

İnandırıcı deyil, çünki Ermənistanın 7-ci yerdə olması, İrəvanın ən sabit şəhər olması, yəni müharibə riski altında olan ölkənin guya bu göstəricilərə nail olması mütləq siyasi xarakter daşıyan yanaşmadır və ciddi qəbul oluna bilməz". 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR