Onlayn ictimai-siyasi qəzet
Bakı-Şamaxı avtomagistralının yaxınlığında dronla çəkilmiş görüntülər qeydə alınıb.
Musavat.com xəbər verir ki, həmin yerdən çoxlarımız dəfələrlə keçmişik, amma indi təqdim olunan rakursdan (quşbaxışı) baxmaq imkanımız olmayıb. Etiraf edək ki, olduqca maraqlı, sirli görüntü meydana çıxıb.
“Gizli Azərbaycan” verilişi ilə daha çox yaddaşlarda qalan yazıçı-publisist Həmid Herisçi bu görüntülərlə bağlı öz fikirlərini Musavat.com-la bölüşüb:
“Dünyaya quş gözüylə baxmaq vaxtıdır. Elə Azərbaycana da. Azərbaycana fərqli bucaqdan baxsaq, çox möcüzələr əldə edə bilərik. Görmədiklərimiz var. Belələrindən biri də Şamaxı yolundakı pentaqrammadır. Yəni beşbucaqdır. Şamaxıda həm də beş dərə var. İldırım həmişə beş dərəyə sancılır burada. Yəni beş yolu var burada ildırımın. İldırım da bu səmalarda beş istiqamətdən yerə sancılır. Düşdükləri beş nöqtədə beş pir var. Bəzilərini ziyarət etmişəm.
“Gizli Azərbaycan” verilişində bu ocaqlardan birini lentə almışdıq. O ki qaldı sizin göstərdiyiniz həndəsi fiqura, hə... ona “Davudun ulduzu” da deyirlər. İki piramida birləşəndə bu fiqur yaranır. Oxşar naxışlar Perunun Naska səhrasında da mövcuddur. Ancaq göydən görünür bu naxışlar. Rəssamlıqda qayda var - əlini kənan üzərindən ayırmadan, bircə hərəkətlə çox mürəkkəb, yaxud çox sadə bir fiqur yaratdınsa, demək dahisən. Bu təsvirlər də sanki bircə həmləylə, birgə hərəkətlə təbiətə həkk edilib. Alimlər bunu öyrəniblər. İkinci hərəkət olmayıb bu təsvirlər yarananda. Bircə hərəkətlə təbiətə həkk olublar.
Ancaq “Davudun ulduzu” altıbucaqdır. Bu müqəddəs yəhudi simvolunun çox ciddi, daim qorunan, adi insanlara açılmayan sirri yatır.
Ensiklopediyalar Davud peyğəmbər barədə bizə bəzi məlumatları ötürür.
“Davud (David) İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu - e.ə. təqribən 950) padşahı. Padşah Şaulun əvvəlcə silahdarı, sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçıb sığınmışdı. Bir müddət fələstinlilərə xidmət etməyi də söylənilir. Saul (Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilən yəhudilərin bu ikinci hökmdarı özünün haqq-ədaləti, xüsusi istedadı ilə həm əvvəlki, həm sonrakı ölkə rəhbərlərindən seçilirmiş. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini alaraq paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuş bu ədalətli hökmdar Quranda Allah lütfünü qazanmış bəndə kimi tanınır. Quranın 57-ci “Əl-Hədid” surəsində deyilir ki, Allah-Təala zirehli köynək hazırlama sirlərini də məhz Davuda ötürübmüş. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə. təqribən 973 il). Yəhudi folklorunda Davud nəhəng pəhləvan Qaluta qalib gələn cəsur gənc kimi təsvir olunur. Tövratda Davuda aid Zəbur kitabı var. İslamda Davud Məhəmməddən əvvəlki peyğəmbərlər sırasındadır””.
Həmid Herisçi qeyd edib ki, Tövrata görə, Davud 40 il hakimiyyətdə olub:
“7 il 6 ay İudeyanın hakimi olub, 33 il vahid İsrail-İudeya dövlətinə başçılıq etmiş bu hökmdar barədə danışmaqla qurtarmaz. Məhz bu hökmdar İudeya ilə İsrail, sağəllilərlə solaxaylar arasındakı əbədi qarşıdurmanı bitirib, Qüdsü qurduğu vahid dövlətin paytaxtına çevirməyə nail olur. Altıguşəli ulduzu ( yəhudicə - “Maqen David”i) yəhudi vəhdətinin simvolu seçir. Qərara gəlir ki, Qüds nə İsrailə, nə də İudeyaya tabe olmalıdır. Azad şəhər olub, İudeya ilə İsraili sadəcə bir nöqtədə birləşdirməyi bacarmalıdır. Buna görə o, iki fərqli üçbucaq piramidanı götürüb bir rəmzdə - altıguşəli ulduzda birləşdirir. Piramidaların biri İudeyanı, digəri İsraili simvolizə edən bu rəmz indi bütün dünyada “Davud ulduzu” kimi tanınır”.
Afaq Mirayiq,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ