İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakı bu addımı özü atmalıdır...” - Minsk Qrupu ilə bağlı ilginc təklif

“Ermənistan Qarabağ münaqişəsinin həllini ATƏT-in Minsk Qrupunun həmsədrlik formatında görür”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan srağagün parlamentin iclasında deyib. Onun sözlərinə görə, bu formatın yaradıldığı ATƏT konfransının qərarını hələ heç kim ləğv etməyib, ona görə də Minsk Qrupu mövcuddur.

Mirzoyan hələ də ümid edir ki, bu formatla Ermənistan hansısa nəticə əldə edə bilər. Əslində, Ermənistanın gorbagor olmuş bu formatdan bərk yapışmasının səbəbləri bəllidir. Ancaq bu da faktdır ki, Minsk Qrupu de-fakto mövcud olmasa da, de-yure, yəni formal olaraq mövcudluğunu saxlayır. Ona görə sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov təklif edir ki, Azərbaycan ATƏT üzvlərinə MQ ilə bağlı nota verməlidir.

“Əgər ATƏT-in Minsk Qrupu ilə bağlı prosessual məsələlərdən ciddi danışırıqsa, o zaman rusiyalı həmsədrin bəyanatına əsaslanıb reaksiya verməyə borcluyuq. ATƏT-ə üzv dövlətlərə aşağıdakı məzmunda sirkulyar notanın göndərilməsini təklif edirəm - bildiririk ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyə dair müraciəti qüvvədən düşüb. Daimi Şuradan xahiş edirik ki, bu qərardan irəli gələn texniki və maliyyə məsələlərini həll etsin”, - deyə o qeyd edib.

T.Zülfüqarov hesab edir ki, bununla da MQ rəsmən buraxılmış olacaq. Elə isə Bakı İrəvanın sonuncu bəhanəsini də əlindən almaq üçün bu addımı gecikmədən ata bilərmi? Çünki Rusiyanın baş diplomatı Sergey Lavrov da replika şəklində bildirmişdi ki, Minsk Qrupu ləğv olunub.

Bəs Minsk Qrupunun ləğvinin rəsmi elan olunması gözlənilirmi? Ermənistan bu formatdan öz xeyrinə nə qopara bilər?

Sabiq nazirin sözlərinə görə, Azərbaycanın 2020-ci ilin 44 günlük müzəffər savaşı və ondan sonrakı dövrdə də, bildiyiniz kimi, həmin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin özləri arasında ziddiyyətlər yarandı: “Yəni Fransa da, faktiki ABŞ da Rusiyanın Azərbaycanın öz torpaqlarını azad etməsinə münasibətinə qarşı çıxdı. İndi isə Rusiyanın Ukraynaya təcavüzündən sonra bəlli oldu ki, 30 il ərzində bizi Ermənistanla barışdırmaq istəyən həmsədrlər artıq özləri öz aralarında gerçək dava-dalaşa başlayıblar. Və bir tərəfdən gülməli də olsa, məntiqi baxımdan ən ziddiyyətli bir durum yaranıb. Bizə necə barışmaq haqda məsləhət verməli olanlar hazırda faktiki müharibə vəziyyətindədirlər. Amma onu da deyim ki, onların, yəni Qərblə Rusiyanın bir-biri ilə savaş vəziyyətində olması bizə sərfəlidir. Odur ki, Azərbaycan dövləti öz maraqlarına uyğun siyasətini davam etdirməlidir”

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu: “Minsk Qrupu gorbagor olduqdan sonra Kreml yeni hiyləyə əl atıb”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu başqa bir problemə diqqət çəkərək qeyd edir ki, Minsk Qrupu gorbagor olduqdan sonra Kreml yeni hiyləyə əl atıb: “Azərbaycan-Ermənistan danışıqları üzrə ”xüsusi nümayəndə" postu icad ediblər. Azərbaycanla Ermənistan xarici işlər nazirləri danışa bilirlər, xüsusi nümayəndəyə nə ehtiyac var? Yenə danışıqlara mane olmağa çalışırlar".

Moskva artıq “təhlükə zəngini” çalır - Asif Nərimanlı

Asif Nərimanlı: “Bu format de-fakto mövcud deyil, Rusiya xüsusi nümayəndə təyin etməklə qrupdan ilk özü çıxıb”

Siyasi şərhçi Asif Nərimanlı isə deyir ki, Rusiyanı Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin etməsi yeni mərhələdir: “Minsk Qrupunda Rusiyadan olan sonuncu həmsədr İqor Xovayev bundan sonra xüsusi nümayəndə kimi sülh müqaviləsinin hazırlanmasına və münasibətlərin normallaşmasına dəstək verəcək. Moskvanın bu addımından iki nəticə çıxır: Minsk Qrupu de-fakto mövcud deyil. Rusiya digər həmsədr ölkələrin - ABŞ və Fransanın əməkdaşlığı dayandırdığını bildirsə də, xüsusi nümayəndə təyin etməklə qrupdan ilk özü çıxıb. Rusiya Bakı və İrəvan arasında yaradılan ikitərəfli formatı da qəbul edir, xüsusi nümayəndə ilə Əliyevin dediyi kimi ”prosesə köməklik göstərəcəklər". Bakı addım-addım hədəflərinə nail olur".

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

Fuad Əliyev: “Bundan sonra Minsk Qrupunu Avropa İttifaqı əvəzləyəcək”

ALDP sədri Fuad Əliyev Minsk Qrupunun özünü buraxdığını düşünür. Partiya sədrinin sözlərinə görə, ATƏT-ə nota göndərməyə ehtiyac yoxdur, onsuz da bu format işləmir və toplaşmırlar: “Ukrayna müharibəsi həmsədr ölkələri bir-birinə düşmən edib və onların Qarabağa görə bir araya gəlməsi gözlənilmir. Rusiyanın mövqeyi də aydındır, Moskva Minsk Qrupunun perspektivini görmür, Azərbaycan öz münasibətini çoxdan bildirib və o baxımdan perspektivi olmayan bir format olaraq qalmaqdadır. Ümumiyyətlə, bundan sonra Minsk Qrupunu Avropa İttifaqı əvəzləyəcək. Rusiya isə xüsusi nümayəndə təyin etməklə ayrılıqda proseslərdə iştirak edir. Yəni faktiki olaraq Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına vasitəçilik uğrunda bir yarış getdiyini görə bilərik. Bu rəqabət Avropa İttifaqı platforması ilə Rusiya arasında getməkdədir. Bizə isə heç bir fərqi yoxdur, təki sülh sazişi imzalansın. Ancaq yaxşı olardı ki, Qərb və Rusiya bu məsələlərdə müsbət töhfə verməklə yanaşı, mane olmasınlar, acı bağırsaq kimi uzatmasınlar, ikitərəfli təmaslara imkan yaratsınlar. Çünki həm Brüsseldəki ilk görüşdə Azərbaycan və Ermənistan liderləri 4 saat təkbətək söhbət apardılar, həm xarici işlər nazirləri telefonla danışdılar. Bu presedentlər imkan verir ki, nə Rusiyanın, nə Avropanın iştirakı olmadan ikitərəfli müzakirələr getsin”.

ALDP sədrinin fikrincə, Minsk Qrupu yararsız olduğunu çoxdan təsdiqləyib: “Paşinyanın son etirafları göstərir ki, ATƏT-in bu formatına heç bir ümid bəsləmir. Nəzəri olaraq rəsmi Bakı formal bir nota göndərə bilər, amma hazırda beynəlxalq münasibətlərin gərgin və mürəkkəb dövrüdür, Ukrayna müharibəsi geosiyasi vəziyyəti kökündən dəyişib. Düşünmürəm ki, nota əsasında hansısa qərar qəbul olunsun”.

Qeyd edək ki, qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk Konfransının çağırılması haqda qərar qəbul edilib.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR