Onlayn ictimai-siyasi qəzet
Ötən yazılarımızda da yazmışdıq, fikrimizdə qalırıq: Zəngəzur dəhlizi açılmadan Azərbaycanla Ermənistan arasında davamlı sülhün, bölgədə sabitliyin, qarşılıqlı iqtisadi əlaqələrin təminatı mümkün deyil! Odur ki, Azərbaycan və Ermənistan arasında sayca onuncu variantı müzakirə olunan sülh müqaviləsi layihəsindən Zəngəzur dəhlizinin açılması ilə bağlı şərtin çıxarılması barədə məlumatın müvəqqəti xarakterli, həm də rəsmi Bakının ortamı yumşaltmaq, danışıqların dalandan çıxarılması üçün nümayiş etdirilən humanist mövqe kimi dəyərləndirilməsinin tərəfdarıyam.
Xatırladaq ki, bir müddət öncə Azərbaycan Prezidentinin xüsusi məsələlər üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakı və İrəvanın Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirməyi nəzərdə tutan nəqliyyat xəttini nəzərdə tutan maddənin sülh sazişi layihəsindən çıxarıldığını açıqlayıb. Cənab Əmirbəyov bildirmişdi ki, tərəflər qarşılıqlı razılaşma əsasında bu maddəni sülh danışıqlarından çıxararaq, sonrakı mərhələyə saxlayıblar. Sitat: “Mən sülh razılaşmasının yekunlaşdırılması işini daha da çətinləşdirmək istəmirəm. Ona görə də biz qərara gəldik ki, bunu mətndən çıxaraq”.
Daha sonra Ermənistan da bu açıqlamanı təsdiqlədi. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirdi ki, nəqliyyat yollarının açılması sülh və regional inkişaf baxımından Ermənistan üçün vacib məqamdır və bu, Ermənistanın Sülh Qovşağı proqramında öz əksini tapıb.
O da dəfələrlə vurğulanıb ki, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan bölgəsini birləşdirəcək nəqliyyat xətlərinin açılması rəsmi Bakı və İrəvan arasında hələ də öz həllini tapmayan məsələdir. Əsas maneə kimi isə bildirilir ki, Bakı və Moskva bu yola Rusiyanın nəzarət etməsini tələb etsə də, Ermənistan bunun əleyhinədir və nəqliyyat xətlərinin təhlükəsizliyini özü təmin etmək istəyir. Amma əslində burada Ermənistan kimi çəlimsiz ölkənin hansısa siyasi iradə nümayiş etdirməsindən söhbət gedə bilməz, bu, Türkiyə lideri demişkən, “Ermənistanın boyunu aşan məsələdir”. ABŞ-nin Zəngəzurda hərbi baza yaratmağa başlaması, Fransanın Ermənistanı silahlandırmağa davam etməsi, həmçinin Amerika səfiri təkzib etsə də, İrəvanın “Zvarnots”una enən təyyarələrdə silah-sursatın daşınması faktı var ortada. ABŞ kəşfiyyatı Azərbaycanın Zəngəzur dəhlizini açmaq üçün guya hərbi əməliyyatlara başlayacağı barədə saxta məlumatları müxtəlif kanallarla dövriyyəyə buraxmaqla Ermənistanı daha səxavətlə onun hərbi qüvvələrinə qucaq açmağa vadar edir. Əks təqdirdə, hərbi təlim adı ilə İrəvana gətirilmiş amerikan hərbçilər geri qaytarılardı, Ermənistan Müdafiə Nazirliyinə ABŞ generalının təyinatına ehtiyac qalmazdı.
Zəngəzur ABŞ-nin də hədəfləri sırasındadır. Məhz buna görə də 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasında nəzərdə tutulduğu kimi, Rusiyanın sərhəd xidmətinin bu dəhlizə nəzarət etməsinə imkan verməmək üçün çeşidli planlar işə salınıb. Əks təqdirdə, Ermənistanın özünü xilas edəcək layihənin reallaşmaması üçün Paşinyan hökumətinə olmazın təzyiqlər göstərməzdilər.
Son aylarda Rusiya dəfələrlə bəyan edib ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanat indiki şəraitdə öz aktuallığını saxlayır, onun alternativi yoxdur. Elə bu günlərdə də rəsmi Moskva Ermənistanın üçtərəfli bəyanatdan çıxmadığını əminliklə bəyanladı. Yəni faktiki olaraq KTMT-də olmayan Ermənistan 10 noyabr bəyannaməsində qalır. KTMT ilə bağlı mübahisələrə girişən rəsmi İrəvanın Rusiyadan verilən bu bəyanatı təkzib etməyə cəsarəti çatmadı. Həm də ona görə ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın özünə də lazımdır, dalandan çıxmayacaq əks halda.
Bir neçə gün əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov demişdi ki, “Ermənistanın Sünik bölgəsindən keçən kommunikasiyaların açılmasına gəldikdə, üzərində baş nazir Nikol Paşinyanın imzası olan razılaşmanı məhz Ermənistan rəhbərliyi sabotaj edir”.
İrəvandakılar qandaşlarının dediklərindən “təəssüfləndilər”, amma bu, heç nəyi dəyişmir, Ermənistan üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Zəngəzur dəhlizi Rusiya üçün də mühüm layihədir, ondan vaz keçmək mümkün deyil. Üstəlik, Zəngəzur dəhlizi Orta Dəhlizin daşıma qabiliyyətini ildə 8-10 milyon tona qədər artıracaqsa, onu necə kənara qoymaq olar? Avropa və Asiya arasındakı rabitədən söhbət gedir, hansısa bir cırtdan ölkəcik onun qarşısını kəsə bilməz. Sadəcə baş ağrıdırlar, zaman alırlar...
Budur, Rusiyadan növbəti açıqlamalar gəlib. Ermənistan mediası bu mövqeyi manşetlərə daşıyıb, özü də Zəngəzur dəhlizi ifadəsini işlətməyə xəsislik etməyib. Getdikcə anlayırlar ki, bura hansısa süni “Sünik” deyil, məhz Zəngəzurdur! Demək belə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova avqustun 28-də keçirdiyi brifinqdə Zəngəzur dəhlizinin tikintisi ideyasını və bu məsələdə İranın mövqeyini şərh edərkən deyib ki, Moskvanın Bakı ilə İrəvan arasında əlaqələrin açılması ilə bağlı mövqeyi açıqdır, çünki hamıya məlumdur.
Sitat: “Biz ondan çıxış edirik ki, müvafiq razılaşmalar həm Azərbaycanın, həm Ermənistanın, həm də regiondakı qonşu dövlətlərin, Rusiya, İran və Türkiyənin maraqlarına cavab verən şəkildə tərəflərin qarşılıqlı razılığı əsasında və qarşılıqlı məqbul şərtlərlə əldə olunacaq və həyata keçiriləcək”. Ardınca: “Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan marşrut bir sıra digər marşrutlarla yanaşı, Azərbaycanda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bağlanması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə edilir. Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqaz. Bu üçtərəfli işçi qrupunda iş 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixləri də daxil olmaqla ən yüksək səviyyədə əldə edilmiş üçtərəfli razılaşmalara uyğun olaraq həyata keçirilir”.
Kifayət qədər aydın mövqedir. Yəni üçtərəfli bəyanatın 9-cu bəndinin icrası məsələsi üçtərəfli işçi qrupunun masasındadır, Ermənistan hər hansı bəhanə gətirə bilməz!
Rusiya rəsmisi Tehranın bu məsələ ilə bağlı mövqeyinə bir az ehtiyatlı yanaşıb: “İran rəsmilərinin qondarma “Zəngəzur dəhlizi”nin salınması ideyasından narahatlığını ifadə edən və buna uyğun olaraq bu yanaşmanın, bu münasibətin səbəblərini izah edən bəyanatların şahidi olduq. Mənə elə gəlir ki, siz birbaşa Tehranla əlaqə saxlamalısınız”.
Bəlli olduğu kimi, cənub qonşumuz Azərbaycanın irəli sürdüyü “Zəngəzur dəhlizi” ideyasından dəfələrlə narahatlığını bildirib. Sonuncu dəfə İranın ali dini lideri Ayətullah Seyid Xamenei Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bu məsələyə münasibət bildirmişdi. İranın ali rəhbərinin sözlərinə görə, Tehran hələ də Zəngəzur dəhlizi ideyasının Ermənistanın maraqlarına cavab vermədiyi qənaətindədir. Xamenei Ermənistanın ərazi bütövlüyünün vacibliyini vurğulayıb və qeyd edib ki, Ermənistan-İran münasibətləri digər ölkələrin siyasətindən asılı olmayaraq, qarşılıqlı maraqlar əsasında inkişaf edəcək.
O, həmçinin əlavə edib ki, xarici dövlətlər qonşu dövlətlər arasında münasibətlərə qarışmamalıdır. Erməni mediası da bu fikirləri tirajlayıb. Amma bir məsələnin üstündən keçiblər ki, İranın dini lideri “xarici dövlətlər qonşu dövlətlər arasında münasibətlərə qarışmamalıdır” deməklə həm də Zəngəzura “başını soxmaq istəyən” Qərb ölkələrinə mesaj verib. Bu xəbərdarlıq həm də Ermənistana aiddir ki, ərazisində ABŞ, Fransa, Kanadanın hərbçilərini, casuslarını yerləşdirməkdən əl çəksin!
İranın ali dini lideri Zəngəzur marşrutunu həm də bu dəhlizə nəzarət etmək istəyən amerikanların, fransızların bölgədə mövcudluğu ilə bağlı planlara etirazını bildirir.
Çünki onların Zəngəzur dəhlizində yerləşməsi ilk növbədə İranın təhlükəsizliyini təhdid edən addım olacaq. Bu plan reallaşsa, Ermənistan üçün sözsüz ki, pis nəticələnəcək, İran Paşinyan hökumətinin Qərbə açıq satılmasının qarşılığında Mehri boğazını, Ermənistanın nəfəsliyini bağlayacaq, haylar boğulacaq, söhbət bundan gedir. Sadəcə, İran və Ermənistan arasındakı gərginliklər hələ ki, gün işığına çıxmayıb, kabinet müzakirələri səviyyəsindədir. İran prezidentinin andiçmə mərasiminə gedən Nikol Paşinyanın dini lider səviyyəsində qəbulu həm də bu xəbərdarlığın edilməsi məqsədi daşıyırdı.
Bu günlərdə Türkiyə və Azərbaycan dövlət başçıları, XİN rəhbərləri bütün taleyüklü məsələləri özündə ehtiva edən müzakirələr apardı. Həmçinin Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfərindən sonra Prezident İlham Əliyevə telefon zəngində ölkəsinin Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazır olduğunu deyib.
Və ən mühümü. Rəsmi: “Telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb”.
Zəngəzur dəhlizinə aparan yol xeyli qısalıb. Bakı, Ankara, Moskva “Zəngəzur dəhlizi” deyir. Az qaldı...
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ