İnsanlara hürriyət, millətlərə istiqlal!

Bahalı ətin şorbası - qiymətə dövlət müdaxiləsi OLACAQMI?

Ərzaq təhlükəsizliyi və qiymət artımı: qlobal təcrübələr və yerli bazar

Qırğızıstanda ətin qiymətinin dövlət tərəfindən tənzimlənməsi barədə qərar qəbul edilib. Bildirilir ki, hakimiyyət bu qərarı ətin bahalaşmasının qarşısını almaq, mal-qaranın sərhəddən keçirilməsinə nəzarəti gücləndirmək və onun ixracına kəmiyyət məhdudiyyətləri qoymaq məqsədilə atıb. Bu qərarı zəruri edən səbəblərdən biri heyvandarlıqla əsaslı şəkildə məşğul olan qırğızların qonşu ölkələri öz mal-qaralarını ət qıtlığı yaşayan qonşu ölkələrə satmaqda maraqlı olması, nəticədə Qırğızıstanda ətin bahalaşmasıdır.

Bəs eyni qərarın Azərbaycanda da verilməsi mümkündürmü? Məlumdur ki, ərzaq məhsullarına tələbat hər zaman böyükdür və onların qiymətində baş verən artım əhalinin rifahını pisləşdirir, digər məhsulların da qiymətinə təsir edərək inflyasiyanı gücləndirir. Nəticədə aztəminatlı insanlar uzun müddət ət və ət məhsulları ilə qidalana bilmirlər.

İqtisadçı Fuad İbrahimov “Yeni Müsavat”a şərhində bildirdi ki, ət bazarında dinamik bahalaşma davam edir. Ekspert diqqətə çatdırdı ki, son 20 ildə tədrici bahalaşma müşahidə olunub: “Hazırda bahalaşma pik həddədir və bahalaşmanın davam edəcəyi istisna olunmur. Qiymətin tənzimlənməsi siyasətinə gəlincə, dövlətin strateji məhsullarla bağlı xüsusi yanaşması var. Məsələn, buğda idxal vergisindən azaddır. Eyni zamanda hər tona görə sahibkarlara müəyyən subsidiyalar verilir. Çörəyin qiyməti də mütəmadi tənzimlənir. Əhali tərəfindən istehlak olunan birinci dərəcəli mallar qrupuna elektrik enerjisi, su təchizatı, qaz təchizatı daxildir, eyni zamanda çörək, yağ, şəkər tozu, ət məhsulları birinci dərəcəli ərzaq məhsullarıdır. Bu baxımdan bəzi həssas məqamlarda dövlətin müdaxiləsi prosesin xeyrinə olur. Qırğızıstanda ətin qiymətinin dövlət tərəfindən tənzimlənməsi barədə qərar qiymətin daha da bahalaşmaması üçün ölkədən ət ixracının qarşısını almaq məqsədi daşıyır. Bu, iqtisadiyyatda normal qəbul edilən haldır. Daxili bazarı qorumaq üçün ixracı dayandırmaq olar. Bizdə isə vəziyyət fərqlidir. Azərbaycan idxaldan asılıdır. Ölkəmizə Ukraynadan mal əti, Monqolustandan qoyun əti gətirilir. Qoyun ətinin kilosu topdansatış qiymətinə 11 manatdan satışa çıxarılır. Pərakəndə satışda isə qiymətlər 12-13-14 AZN arasında dəyişir. Hazırda qoyun ətinin kilosu 20 manatdır. Kənd təsərrüfatı sahəsi digər sahələrə şaxələndiyi üçün heyvandarlığı tam güclə inkişaf etdirmək asan deyil. Lakin müşahidələrə görə, kənd təsərrüfatının digər sahələrində də istənilən dinamik artım yoxdur. Daxili bazarda inhisarçılıq formalaşıb. İdxal olunan ət növləri baha satılırsa, bu barədə ciddi fikirləşməliyik”.

Fuad İbrahimov: “Ailələrə uşaqpulu verilməlidir” - MÜSAHİBƏ

Fuad İbrahimov

İqtisadçının fikrincə, məhdudiyyətlərin tətbiq olunması effektiv çıxış yolu deyil, sadəcə, müəyyən məqamlarda müdaxilə qaçılmaz olur: “Dövlət gömrük rüsumlarını ləğv etməklə, daha ucuz ətin idxalına nail ola bilər. Nəzərə almaq lazımdır  ki, ət və ət məhsulları əsas etibarilə şadlıq evlərində, kütləvi tədbirlər keçirilərkən istifadə olunur. Bunun hesabına bir növ rəqabət yarandığı üçün bu gün qiymətlər artmır. Hər bir halda hesab edirəm ki, əhali tərəfindən istehlak olunan birinci dərəcəli məhsullara hökumət tərəfindən müdaxilələr məqsədəuyğundur. Bazar iqtisadiyyatı siyasətinə cavab verməsə də, bu, xüsusi hallarda mütləqdir”.

Qeyd edək ki, bu cür tənzimləmə tədbirləri təkcə Qırğızıstanda tətbiq olunmur. Məsələn, Hindistanda müxtəlif dövrlərdə soğan, şəkər və buğda kimi əsas ərzaq məhsullarının qiymət artımının qarşısını almaq məqsədilə hökumət ixraca müvəqqəti qadağa qoyur, bu da daxili bazarda ərzaq təminatını gücləndirməyə kömək edir.

Argentina da oxşar siyasət yürüdür. 2021-ci ildə, xüsusilə mal əti məhsullarının qiymətində artım müşahidə olunmağa başladıqdan sonra hökumət daxili bazarı qorumaq məqsədilə mal ətinin ixracına məhdudiyyətlər tətbiq edib.

Qazaxıstan da bu tip müdaxilələrə əhəmiyyət verən ölkələrdən biridir. 2017-ci ildən başlayaraq, Qazaxıstan hökuməti ətin və digər ərzaq məhsullarının ixracına kvotalar tətbiq etməyə başlayıb.

Braziliya və Kolumbiyada da ərzaq bazarını tənzimləmək üçün müxtəlif müdaxilələrə rast gəlmək olur. Həmçinin bəzi Avropa ölkələrində də ərzaq qiymətləri, xüsusilə çörək və süd məhsulları kimi gündəlik istifadə olunan məhsullarının qiymətini sabit saxlamaq üçün dövlət müəyyən müdaxilələr edir.

Bu cür tənzimləmələr, xüsusilə iqtisadiyyatın kənd təsərrüfatı sahəsindən asılı olduğu ölkələrdə daha çox baş verir. Belə tədbirlər, qlobal tədarük zəncirlərinin pozulması və ya daxili istehsalın çatışmazlığı vəziyyətlərində yerli bazarın qorunmasına xidmət edir.

Hökumətlərin bazara müdaxilə etməsi, iqtisadi stabilliyi qorumaqla yanaşı, əhalinin gündəlik ərzaq ehtiyaclarını qarşılamağa hesablanır.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR