İnsanlara hürriyət, millətlərə istiqlal!

Bacısının ölümünə səbəb olan 6 uşaq atası barədə QƏRAR VERİLDİ

Ailə üzvləri ilə birlikdə qəzaya düşən və bacısının ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılıb. 6 uşaq atası olan 25 yaşlı A.Rəsulov təqsirləndirilən şəxs kimi ifadə verən zaman peşman olduğunu deyib.

Musavat.com xəbər verir ki, A.Rəsulovun məhkəməsi Şəki Ağır Cinayətlər Məhkəməsində baş tutub.

İstintaqla müəyyən edilib ki, onun idarə etdiyi “VAZ 2101” markalı avtomobil sürətlə öndə olan “QAZEL” markalı avtomobilə çırpılıb.

Qəza zamanı avtomobildə sürücünün arvadı, qardaşı, bacısı və üç az yaşlı övladı olub. Sərnişinlərdən biri olan bacısı Bahar Sanayadova aldığı xəsarətlərdən dünyasını dəyişib. Digər sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Sürücü deyib ki, ailə üzvləri ilə birlikdə digər bacısıgilə qonaq getdikdən sonra evə qayıdırmışlar. Hadisə ötmə əməliyyatı edən zaman baş verib.

“Qarşımdakı maşın sola dönəcəkdi. Mən də sağa çıxıb yoluma davam etdim. Qarşıdan gələn maşınların işığı gözümü qamaşdırdı. Yolun kənarında işıqları sönülü dayanan yük maşınını gec gördüm. Sola çəkib qəzadan yayına bilmədim. Maşın “QAZEL”in sol arxa tərəfinə çıxrpıldı”- deyə təqsirləndirilən şəxs bildirib.

O, əməlindən peşman olduğunu, məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib.

Mərhumun bacısı hüquqi varis kimi tanınıb. Hüquqi varis bildirib ki, sürücü onun qardaşıdır. O, qardaşını bağışladığını, şikayətçi olmadığını deyib.

A.Rəsulov Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib. Ona 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə cəzası şərti hesаb edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR