İnsanlara hürriyət, millətlərə istiqlal!

Babəkin heykəli niyə gecikir - 12 il öncə imzalanan sərəncamın izi ilə

İcra hakimiyyəti “Məsələ bizim öhdəliyimizdə deyil” dedi, Mədəniyyət Nazirliyi isə...

Bakının ən böyük prospekti olan Babək prospektinin başlanğıcında Babəkə heykəl qoyuluşu gecikir. Heykəlin postamenti çoxdan hazırdır. Həmçinin ətraf illər öncə abadlaşdırılaraq lazımi vəziyyətə gətirilib. Çatışmayan tək şey tarixi qəhrəmanımızın nəzərdə tutulan heykəlidir.

Xatırladaq ki, heykəllə bağlı sərəncam Prezident İlham Əliyev tərəfindən 2011-ci ildə verilib.

Heykəltəraş, mərhum xalq rəssamı Arif Qazıyev 2020-ci ilin fevralında müsahibəsində demişdi ki, uzağı həmin ilin may-sentyabr aylarında heykəl hazır olacaq. Xalq rəssamının sözlərinə görə, heykəlin hündürlüyü on metr yarım, postamentin hündürlüyü isə ön tərəfdən təxminən doqquz metr, ümumilikdə 20 metr hündürlükdə olmalıdır.

Digər müsahibədə “Bəzi iddialara görə, heykəl hazır olsa da, sifarişçi onu təhvil almaq istəmir” sualına Ariq Qazıyev bu cür cavab vermişdi:

“Sifarişçi ilə hər hansı problem yoxdur, iş davam edir. Heykəl gil üzərində işlənilir, sonra qəlibi çıxarılacaq. Daha sonra bürüncdən töküləcək”. Heykəltəraş heykəlin maliyyə tutumu ilə bağlı məlumatsız olduğunu vurğulamışdı:

“Proseslərin hamısının özünün maliyyə xərcləri var. Bu barədə bilgiyə sahib deyiləm”.

Arif Qazıyev vəfat etdi

 Arif Qazıyev

Beləliklə, Arif Qazıyevin məsələ ilə bağlı son müsahibəsinin üstündən 3 ilə yaxın zaman ötsə də, heykəldən xəbər yoxdur. Görəsən, səbəb nədir? Burada siyasi motiv, məsələn, İran amili ola bilərmi?

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Sabir Rüstəmxanlı mövzu ilə bağlı rəy bildirib. Deputat “Yeni Müsavat”a açıqlamasında bu məsələdə siyasi motiv görmədiyini bildirdi:

“Hesab etmirəm ki, burada hansısa siyasi motiv var. Ola bilsin ki, Baki şəhərinin şəhərsalma planı ilə bağlı müəyyən dəyişikliklər, problemlər ortaya çıxsın. Yaxud daxildə  kimlərinsə Babəkə münasibəti rol oynaya bilər. Amma hər halda, dövlətin bu  barədə sərəncamı varsa, deməli, yerinə yetiriləcək, heykəl qoyulacaq”.

Xalq rəssamı, heykəltəraş Xanlar Əhmədov isə heykəllə bağlı bəzi faktları açıqladı: “Qeyd edim ki, heykəl tam hazır deyildi. Doğrudur, onun bəzi hissələri heykəltəraş tərəfindən hazırlanıb, yəni model hazırdır. Lakin  heykəlin tunca köçürülməsində bəzi əngəllər, maddi vəsait çatışmazlığı, problemlər oldu. Yəni bir daha qeyd edirəm ki, heykəl hələ hazır deyil. Bunun üçün xeyli vəsait və vaxt lazımdır, bütün bunlar da sifarişçinin tabeliyindədir.

Düşünürəm ki, əgər maliyyə yaxşı olsaydı, heykəlin hazırlanması bu qədər illər çəkməzdi. Həm də heykəlin hazırlanması ərəfələrində pandemiya, müharibənin baş verməsi bu məsələni bir qədər ləngitdi, işi soyutdu".

Bəs aidiyyəti qurumlar Babəkin heykəlinin gecikməsini necə izah edir?

Məsələ ilə bağlı “Yeni Müsavat” olaraq Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq. Qurumdan bildirildi ki, heykəllə bağlı məsələnin gecikməsi sırf Mədəniyyət Nazirliyinin öhdəliyindədir. “Mədəniyyət Nazirliyi nə zaman heykəli hazır edəcək, o zaman da təqdim olunacaq. Heykəlin gecikdirilməsnin icra hakimiyyətinə heç bir aidiyyəti yoxdur”, - deyə qurumdan vurğulanıb.

Mədəniyyət Nazirliyindən isə sorğumuza tezliklə cavab veriləcəyi bildirildi.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR