İnsanlara hürriyət, millətlərə istiqlal!

Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən “GSMA M360 2024” konfransı davam edir.

Musavat.com xəbər verir ki, COP29 ərəfəsinə təsadüf edən bu konfransın ikinci günü ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinə həsr olunmuş sessiya ilə başlayıb.

Bu sessiyada çıxış edən Azercell-in Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyeva şirkətin ESG strategiyasını açıqlayaraq onun adıçəkilən sahələrdə fəaliyyəti haqqında danışıb.

“Bu gün ESG hesabatımızı beynəlxalq ictimaiyyətə təqdim etmək mənim üçün xüsusilə qürurverici oldu.  Çünki bununla biz şirkətimizin timsalında ölkəmizdə daha dayanıqlı, sağlam və yaşıl gələcək naminə həyata keçirilən bir sıra tədbirləri gündəmə gətirə bildik. Hesabatımız Azercell-in sosial məsuliyyətli korporativ vətəndaş kimi ekologiya və ətraf mühitin mühafizəsi, rəqəmsal inklüzivliyin təşviqi və ümumilikdə cəmiyyətin rifahının artırılması istiqamətində gördüyü işləri özündə əks etdirir”,- deyə Şirin Əliyevə bildirib.  

Azercell-in ESG hesabatı 2023-cü ili əhatə edir. Hesabat şirkətin ətraf mühitə təsirinin azaldılması səylərini, dövlət və cəmiyyət qarşısında öz üzərinə götürdüyü sosial məsuliyyəti nümayiş etdirir. Konfransda çıxış edən Şirin Əlyeva Azercell-in enerji, su və yanacaq tədarükündə səmərəliliyin təmin edilməsi məqsədilə gördüyü tədbirlər haqqında danışıb.

Hesabatda günəş enerjisi ilə çalışan baza stansiyaların yalnız Qobustan, Tovuz, Qubadlı və Cəbrayılda quraşdırıldığı qeyd edilsə də, Ş. Əliyevə cari il ərzində onların sayının artıq 17-yə çatdırıldığını bildirib. Belə ki, Azercell-in yeni yaşıl baza stansiyaları artıq Zəngilan, Füzuli, Ağdam və Laçında  da fəaliyyətə başlayıb. Qeyd edək ki, lider mobil operator ilin sonuna kimi ölkə üzrə bu baza stansiyaların sayını 37-yə çatdırmağı planlaşdırır. 

Hesabatda həmçinin Azercell-in təhsil, idman, səhiyyə, qadın və uşaq hüquqlarının qorunması, rəqəmsal inklüzivliyin artırılması və digər istiqamətlərdə reallaşdırdığı sosial yönümlu təşəbbüsləri haqqında da məlumat verilib. Eyni zamanda, hesabat Azercell-in əməkdaşlarının inkişafı üçün həyata keçirdiyi layihələri də əhatə edir və bununla şirkət insan kapitalına verdiyi dəyəri bir daha vurğulayır.

Şirin Əliyeva bildirdi: “Azercell-in fəaliyyəti hər il müxtəlif beynəlxalq sertifikat və mükafatlarla təltif edilir. Bu da öz növbəsində görülən işlərin effektivliyinin bariz nümunəsidir”.

Qeyd edək ki, şirkət dünya müstəvisində qəbul edilmiş bir çox sertifikatlara yanaşı, ISO 14001:2015 Ətraf Mühit İdarəetmə Sistemləri standartına uyğunluq sertifikatına da malikdir.

Hesabatla tanış olmaq üçün Azercell-in səhifəsinə keçid edə bilərsiniz. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR