İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlıların soyqırımından 105 il ötür - dünyanın diqqətini necə cəlb edək...

Səbuhi Hüseynov: “Qərbi azərbaycanlılar ABŞ-a məktub göndərmişdilər”

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart-aprel ayları ərzində Bakıda və ölkəmizin digər bölgələrində rus-erməni daşnakları tərəfindən 10 minlərlə Azərbaycan türkünün kütləvi qətliamından 105 il ötür.

Çar Rusiyası zamanı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq ermənilər sayca azlıq təşkil etsələr də, himayə edilərək inzibatı bölgü yaradılmasına nail olub və ölkəmizə qarşı ərazi iddiaları irəli sürməyə başlayıblar. Bundan sonra hadisələrin ardı-arası kəsilmir - azərbaycanlılar doğma torpaqlarından qovulur, onlar soyqırıma məruz qalırlar. Saysız-hesabsız yaşayış məntəqəsi dağıdıldı, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.

İlk kütləvi qırğın 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. Bununla kifayətlənməyən ermənilər Azərbaycan toponimlərini də dəyişməyə başladılar.

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. 1948-1953-cü illərdə indiki Ermənistanda yaşayan 150 min azərbaycanlı doğma dədə-baba torpaqlarından zorla qovuldu. 1988-ci ildə bu proses davam etdi-250 min azərbaycanlı didərgin salındı. Bir neçə il sonra isə havadarlar vasitəsilə işğal faktı gerçəkləşdirildi. Azərbaycanlıların kütləvi soyqırımları dünyanın gözü qarşısında baş vermişdi. Bu günə qədər beynəlxalq ictimaiyyət bu faktları görməzdən gəlir. Bəs prosesi sürətləndirmək üçün hansı tədbirləri görmək olar?

AMEA-da yoxlama zamanı 2 milyonluq yeyinti aşkarlandı - Tarixçi alim və  həyat yoldaşının məhkəməsi

Səbuhi Hüseynov

Tarixçi Səbuhi Hüseynov “Yeni Müsavat”a bildirdi ki, tarixi sənədlər də sübut edir ki, Ermənistan ordusuna müsəlman tatarları qırmaq barədə əmr verilib. Tarixçi qeyd etdi ki, bu, artıq soyqırım faktı deməkdir: “Bu sənədlərlə beynəlxalq məhkəməyə müraciət etmək lazımdır. Soyqırım iki etnik qrupun bir-birini qırması deyil. Bunun üçün əmr verilir. O əmrləri əldə etmək lazımdır. Sənədlər arxivlərdə qalır. 1918-1920-ci illərdə Ararat Respublikası olub. Həmin dövrdə nazir, ordu komandanı kim olub, neçə saylı əmrlə soyqırım qərarı verilib kimi sualların cavabı bəlli olduqdan sonra müqəssirlər tapıla bilər. Beynəlxalq məhkəmə yalnız bu halda işə baxa bilər. Onu da qeyd edim ki, soyqırımın məhkəməyə çıxarılmasının tarixi yoxdur”.

S.Hüseynov qeyd etdi ki,  təbliğat nə qədər güclü olsa da, sübut olmadığı təqdirdə təsiri azalır. Tarixçi arxiv sənədlərinin çap edilməsini zəruri sayır: “Dünyanın bir çox ölkələrində-ABŞ, Rusiya, Türkiyə arxivlərində olan materiallar Azərbaycan və ingilis dillərinə tərcümə olunmalıdır. Təbliğatı bu sənədlərə istinadən başlaya bilərik. Hadisələri şifahi danışmaqla sübut etmək qeyri-mümkündür. Avropa bunu əfsanə kimi qəbul edir. Bu baxımdan, danışılanlar mütləq elmi cəhətdən əsaslandırılmalıdır. Təəssüf ki, 31 Mart soyqırımı haqqında, sadəcə, bir neçə kitab nəşr edilib. Ermənilər saxta olsa belə, hələ 100 il öncə bütün sənədləri çap ediblər. Xatırladım ki, təxminən 10 il öncə ermənilər türklərin uydurma soyqırım üçün üzr istəməli olduqlarını tələb edirdilər. Onlar prosesi məhz arxiv sənədlərindən başlamışdılar, dünyaya səs salmışdılar, sonra müxtəlif ölkələrin parlamentləri Türkiyə əleyhinə qanunlar verməyə başladı. Bu baxımdan, elmi əsaslarımızı arxiv sənədləri ilə formalaşdırmalıyıq. Azərbaycanlılara qarşı soyqırım faktlarını təsdiqləyən kifayət qədər sənəd var. Son dövrlər tarixçilərimiz bu məsələyə diqqəti artırıblar. Məsələn, Vasif Qafarovun bir neçə kitabı var”.

S.Hüseynov xatırlatdı ki, 1918-1920-ci illərdə qərbi azərbaycanlıların əksəriyyəti Qars, İğdır tərəfə qaçmağa məcbur olmuşdu.  Tarixçi bildirdi ki, azərbaycanlılar 1918-ci ilin dekabr ayında fransızlara məktub yazmışdılar: “Məktub vasitəsilə Qarsın idarəetməsinin ermənilərə verilməməsi üçün müraciət edilib. İrəvandan çox sayda qaçqının gəldiyi, qış fəsli olduğu üçün gələnlərin hava şəraitinə dözməyəcəyi qeyd olunub. Söhbət milyondan çox qaçqından gedir. Məktub ABŞ, İngiltərə və Fransaya göndərilib. Mən ABŞ-da arxivdən tapmışam. Məlum olub ki, məktub prezidentə qədər çatmışdı. Məktub yalvarışlarla doludur. Yazıblar ki, çox sayda azərbaycanlı Arazı keçəndə donub. İğdırda yaşayanlar isə azuqələrini İrəvandan qaçıb gələnlərlə bölüşürdülər deyə aclıq olacağından ehtiyat edirdilər. İdarəçilik ermənilərə verilsə idi, İğdırda, Qarsda yaşayanlar da qətliama məruz qala bilərdilər. Bütün bunları nəzərə alaraq, bir daha qeyd edirəm ki, arxiv sənədlərini sübut kimi təqdim etməklə nəticə əldə edə bilərik”.    

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən “Yeni Müsavat”a bildirildi ki, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı geniş tədbirlər nəzərdə tutulmayıb.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR