Onlayn ictimai-siyasi qəzet
1988-ci ildə Qarabağ hadisələri başlananda ermənilərin Xankəndi şəhərində seçdiyi əsas hədəflərdən biri Xankəndi Pedaqoji İnstitutu olub. Əslində ermənilər bu təhsil ocağını hələ 1969-cu ildə, fəaliyyətə başladığı vaxtdan hədəf seçiblər. Belə ki, 1969-cu ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filialının Xankəndi şəhərində açılması müzakirə olunanda, o vaxtkı Dağlıq Qarabağ Muxtar vilayətinin rəhbərliyi filialın açılmasını rahatlıqla qəbul etməyiblər.
Daha doğrusu onlar Xankəndidə Yerevan Politexnik İnstitutunun filialının açılmasını istəyiblər. Hətta bununla bağlı Dağlıq Qarabağ Muxtar vilayəti Partiya Komitəsinin birinci katibi Qurgen Melkumyan birbaşa SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıginə də müraciət edib. O, öz müraciətini belə əsaslandırıb ki, vilayətdə pedaqoji kadrlara böyük ehtiyac yoxdur və hiyləgərcəsinə onu da vurğulayıb ki, Azərbaycanda yetərincə pedaqoji təhsil verən ali məktəblər var. Daha sonra qeyd edib ki, Dağlıq Qarabağ daha çox texniki təhsili olan mütəxəssislərə ehtiyac duyur. Amma nədənsə, Melkumyan Azərbaycanda ittifaq miqyasında tanınmış bir neçə texniki təhsil verən ali məktəblərin olduğunu unudub.
Sözsüz ki, Melkumyanın heç bir əsası olmayan müraciəti nəticəsiz qalıb. Beləliklə, 1969-cu ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filialı Xankəndi şəhərində fəaliyyətə başlayıb. 1973-cü ildə isə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsünə əsasən filial Azərbaycan Nazirlər Sovetinin 28 noyabr 1973-cü il qərarı ilə müstəqil ali məktəb kimi fəaliyyətini davam etdirib.
Xankəndi Pedaqoji İnstitutu Qarabağda fəaliyyət göstərən yeganə ali təhsil ocağı olub ki, Yuxarı Qarabağın və ərazi cəhətdən ona bitişik olan digər rayonların gənclərinin ali təhsilə yiyələnməyində xüsusi rol oynayıb. İnstitutda Azərbaycan və erməni bölmələri fəaliyyət göstərib. İnstitut kənardan çox sakit bir təhsil ocağı təəssüratını bağışlasa da fəaliyyətə başladığı gündən burada çalışan erməni müəllimlər və təhsil alan erməni tələbələr bu təhsil ocağını daşnak yuvasına çevirmək arzusunda olublar. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, institutun azərbaycanlı müəllimləri və tələbələri uzun illər ermənilərin çirkin niyyətlərini ifşa etməyi bacarıblar. Milliyətcə erməni olan rektorların bütün məsələlərdə hesablaşdığı prorektor Nəcəf Quliyev, institutda azərbaycanlıları tora salmaq istəyən ermənilərin iyrənc planlarını alt-üst edən Süleyman Zeynalov, sanballı arqument və gerçək tarixi faktlarla erməni həmkarlarını susduran Zabil Bayramlı, auditoriyalarda mühazirələrin mövzusundan kənara çıxıb, söhbətləri ilə tələbələrdə milli ruh yaradan Ənvər Əhməd, erməni daşnaklarına nifrətini gizlədə bilməyən Kamil Quliyev, vətənpərvər ziyalı İnqilab Quliyev, erməni müəllimləri üçün millətçi sayılan Nəsib Şəfiyev və bu ali təhsil ocağında çalışan digər alimlərimiz, əsl vətənpərvər ziyalılar olan Nazim Axundov, Bəşir Fərəcov, Rəhilə Quliyeva, Zəfər Hüseynov, Raqub Kərimov, Rəftar İmanov, Məhəmməd Hüseynov, Xasay Cabbarov, Rəhilə Quliyeva, Mirələm Vəliyev, Yusif Fərzəliyev, Yusif Ağayev, Rəfail Məmmədov, İslam Həşimov, Abbas Abbasov, Cəfər Zeynalov, Şahlar Quliyev, Fazil Baxşəliyev, Mayıl Alıcanov, Balaxan Quliyev, Eldar Məmmədov, Təyyar Əkbərov yaddaşımda və Xankəndi Pedaqoji İnstitutunun tarixində silinməz izlər buraxıblar. Amma təəssüflər olsun ki, 1988-ci ildə millətçi ermənilər açıq müstəvidə torpaq iddiasına başlayanda sözü gedən institutun ziyalılarına, müəllim və tələbələrinə, onların apardıqları milli mübarizəyə həmin dövrdə Azərbaycana rəhbərlik edənlər dəstək olmayıblar. Kimsəsizlik, köməksizlik bu təhsil ocağının azərbaycanlı kollektivini cinayətkar, türk qanına susamış və amansız olan millətçi ermənilərlə üz-üzə qoyub.
Təkcə 1988-ci ilin may ayında minlərlə azğınlaşmış erməni üç dəfə institutun qarşısına toplaşaraq azərbaycanlılardan şəhəri tərk etmələrini tələb ediblər. Bu tələb təkcə sözlə ifadə olunmayıb. Bütün baş verən hadisələri fiziki təzyiqlər müşayiət edib. Mən Xankəndi Pedaqoji İnstitutunun binasını tərk edən sonuncu azərbaycanlı tələbələrdən biriyəm. Həmin günlərdə müəllimlərimin, tələbə yoldaşlarımın hansı təhlükələrlə üzləşdiyinin canlı şahidiyəm və həmin səhnələri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Həmin ilin mayın 16-da institutun Azərbaycan bölməsinin müəllim və tələbələri fiziki və mənəvi təzyiqlər altında Xankəndi şəhərini tərk etmək məcburiyyətində qalıblar. Bununla da Xankəndi Pedaqoji İnstitutunun taleyinə köçkünlük həyatı yazılıb.
Maraqlı məqamlardan biri odur ki, Xankəndi Pedaqoji İnstitutunun yaradılması haqqında qərarı Azərbaycan Nazirlər Soveti verdiyi halda, onun sonrakı fəaliyyəti haqqında SSRİ Nazirlər Soveti qərar çıxarıb. 1988-ci ilin oktyabr ayında Xankəndi Pedaqoji İnstitutunun iki il müddətinə bağlanması haqqında SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov qərar imzalayıb. Qərara əsasən institutun Azərbaycan bölməsi Kirovabada, erməni bölməsi isə Kirovakana köçürülüb.
Rıjkovun imzaladığı qərar birtərəfli icra olunub. Xankəndi Pedaqoji institutunun azərbaycanlı müəllim və tələbələri öz pedaqoji fəaliyyətlərini və təhsillərini Kirovabad Pdaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universiteti) davam etdiriblər. Ermənilər isə cəmi iki-üç həftədən sonra Xankəndiyə qayıdıblar və həftələr ərzində Xankəndi Pedaqoji İnstitutu Kirovakan Pedaqoji Institutun filialına çevrilib, sonralar isə Artsax Dövlət Universiteti adı altında fəaliyyət göstərib.
Gəncədə bir illik fəaliyyətdən sonra Xankəndi Pedaqoji İnstitutunun müəllim və tələbələri respublika rəhbərliyi və müvafiq qurumlar qarşısında institutun Qarabağ ərazisində, Şuşada fəaliyyətini davam etdirməsi ilə bağlı təşəbbüs qaldırıblar. Təklif qəbul olunub, institutun Şuşa şəhərində fəaliyyət göstərməsinə razılıq verilib, institut üçün Şuşada yer ayrılıb, maddi-texniki bazasının yaradılması üçün Nazirlər Soveti lazım olan vəsaitin ayrılması haqqında qərar verib. Amma bu məsələdə növbəti bir yanlışlığa yol verilib. İnstitut Şuşada Xankəndi Pedaqoji İnstitutu kimi deyil, Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialı kimi fəaliyyət göstərməyə başlayıb. Bununla da Xankəndi Pedaqoji İnstitutunun adının üstündən birdəfəlik xətt çəkilib, mövcud dövrdə Azərbaycanda hakimiyyətdə olanlar, səlahiyyət sahibləri rəsmi olaraq bu təhsil ocağını ləğv edib. Bu günə qədər də cavabı tapılmayan suallar çıxır ortaya. Niyə bu təhsil ocağı öz əvvəlki adını, Xankəndi Pedaqoji İnstitutu adını daşımayıb? Ən azı bu təhsil ocağı Qarabağ İnstitutu, yaxud universiteti adı altında fəaliyyət göstərə bilməzdimi? Ermənilər Xankəndi Pedaqoji İnstitutunun adını dəyişib, Artsax Dövlət Universiteti qoyduğu halda, biz niyə müstəqil institutu filiala çevirib, Xankəndi sözünü onun qarşısından götürdük? Yəqin ki, çox da uzaq olmayan gələcəkdə bu sualların cavabı da tapılacaq.
Artıq həmin dövr deyil, bu gün Azərbaycan haqq yolu ilə inamla, qələbəylə Xankəndiyə doğru irəliləyir. Həmin haqq yollarından biri də bizi, Xankəndi Pedaqoji İnstitutunun müəllimlərini, məzunlarını doğma təhsil ocaqlarına aparacaq, auditoriyaların qarıları yenidən üzümüzə açılacaq, ilk dərsimiz isə Zəfər tarixinə həsr olunacaq...
İlham Cəmiloğlu, Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ