Onlayn ictimai-siyasi qəzet
Deputat: “Bu prosesin başlaması yalnız aparılacaq danışıqlardan asılıdır”
Noyabrın 21-də Azərbaycanın mədəniyyət naziri Adil Kərimli COP29-la bağlı ölkəmizdə səfərdə olan İranın mədəni irs, turizm və sənətkarlıq naziri Səid Reza Salehi Amirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ölkəmizin ev sahibliyi etdiyi belə bir mötəbər tədbirdə iştirakına görə iranlı həmkarına təşəkkür edən nazir qeyd edib ki, Azərbaycan ilə İran arasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın geniş perspektivləri var. Xüsusilə, kitabxana, muzey işi, sərgi sahəsində birgə fəaliyyətin təşviqi, eləcə də kinematoqrafiya sahəsində əməkdaşlığın qurulması, ənənəvi musiqi festival və müsabiqələrində qarşılıqlı iştirak əlaqələrin inkişafına töhfə verə bilər. Bundan əlavə, beynəlxalq təşkilatlar səviyyəsində də əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur.
COP29-da iştirakından məmnunluğunu bildirən Səid Reza Salehi Amiri görüşə görə də təşəkkür edib. O, qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduqlarını, müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. İranlı nazir mədəni irsin qorunması sahəsində dövlət-özəl tərəfdaşlığının zəruri olduğunu deyib. Bildirib ki, bu sahədə iki ölkə arasında təcrübə mübadiləsi aparıla bilər. Eyni zamanda Araz çayı üzərindəki Xudafərin körpülərinin müştərək bərpasının həyata keçirilməsi mümkündür.
Söhbət zamanı COP29 çərçivəsində mədəni irs və ətraf mühit məsələlərinə də toxunulub, qarşılıqlı maraq doğuran digər sahələr üzrə fikir mübadiləsi aparılıb.
Xudafərin körpülərinin Azərbaycan və İran tərəfindən birgə bərpası mümkündürmü? Ümumiyyətlə, bərpa nə vaxt başlaya bilər? Körpülərin hansısa iqtisadi əhəmiyyəti qalıbmı?
Qeyd edək ki, Xudafərin körpüləri Azərbaycanın cənubunda, Araz çayı üzərində yerləşən və zəngin tarixi-mədəni irsimizi əks etdirən unikal memarlıq abidələridir. Bu körpülər həm tarixi əhəmiyyəti, həm də strateji coğrafi mövqeyi ilə diqqət çəkir.
Xudafərin körpüləri iki hissədən ibarətdir:
On bir tağlı körpü: 11-ci əsrdə tikildiyi ehtimal olunur. Orta əsrlərdə ticarət və hərbi məqsədlərlə istifadə edilib.
On beş tağlı körpü: Daha qədim dövrlərə aid olduğu düşünülür.
Bu körpü də həm ticarət, həm də insanların hərəkəti üçün mühüm rol oynayıb.
Hər iki körpü Azərbaycan memarlığının qədim nümunələri kimi qiymətləndirilir və Azərbaycanın mədəni irsi hesab olunur.
Körpülərin mövcud vəziyyətinə gəldikdə, uzun illər ərzində Xudafərin körpüləri baxımsız qalmış və həm təbii, həm də insan təsiri nəticəsində zərər görüb. Xüsusilə Ermənistanın işğalı dövründə bu abidələrə lazımi diqqət göstərilməyib. Lakin Qarabağ müharibəsində Azərbaycanın tarixi zəfərindən sonra körpülər üzərində nəzarət bərpa edilib.
Vüqar Bayramov
Mövzu ilə bağlı iqtisadçı deputat Vüqar Bayramov “Yeni Müsavat”a danışıb. Deputat xatırladıb ki, Azərbaycan və İran arasında turizm sahəsində geniş əməkdaşlıq imkanları mövcuddur: “Çünki bir tərəfdən İrandan Azərbaycana gəlmək istəyən turistlərin sayı kifayət qədər çoxdur. Əvvəlki illərdə, xüsusilə pandemiyadan əvvəl, Azərbaycana gələn turistlər arasında İranlı turistlər xüsusi paya malik idi. Digər tərəfdən, tibbi xidmətlərdən istifadə etmək, yəni tibbi turizm məqsədilə və həmçinin dini turizm üçün İrana səfər edən və ya etmək istəyən azərbaycanlıların sayı da az deyil.
Bu baxımdan, iki ölkə arasında Xudafərin körpülərinin bərpası və onlardan istifadə imkanları xüsusi əhəmiyyət kəsb edir. Uzun müddət işğal altında qalmış həmin ərazilərdən praktik olaraq istifadə etmək mümkün deyildi. Lakin artıq Xudafərin körpüsü də daxil olmaqla, Azərbaycan bütün sərhəd ərazilərində ərazi bütövlüyünü bərpa edib. Bu da turizm, mədəniyyət və iqtisadi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar yaradır.
Bu əməkdaşlıq, ilk növbədə, turizmin inkişafına, qarşılıqlı səfərlərin sayının artmasına və iki ölkə arasındakı ticari dövriyyənin yüksəlməsinə birbaşa təsir göstərə bilər. Mövcud imkanlar və potensiallar realdır, lakin körpülərin bərpasının nə zaman həyata keçiriləcəyi və bu prosesin başlaması yalnız aparılacaq danışıqlardan asılıdır. Bu danışıqların nəticələri layihələrin həyata keçirilməsi üçün əsas olacaqdır.
Ümumilikdə, mədəniyyət və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə danışıqların aparılması və qarşılıqlı fayda gətirəcək layihələrin reallaşdırılması bu istiqamətdə mövcud olan imkanlardan daha geniş şəkildə istifadə etməyə şərait yaradır".
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə qeyd edib:
“Xudafərin körpüləri o taylı-bu taylı millətin nümayəndələrinin əli ilə tikilib. Yəni bu körpülər tikiləndə Azərbaycan Şimala, Cənuba ayrılmamışdı, bütöv idi və Azərbaycan dövlətinin gücü ilə həmin körpülər tikilmişdi. Sonradan tarix elə gətirib ki, Azərbaycan parçalanıb, bir hissəsi İranda qalıb və o ərazidə əhalinin böyük hissəsi türkdür. Hazırda İranla münasibətlərimiz normaldır və güman edirəm ki, ildən-ilə də yaxşılaşmalıdır. Yəni, düşmənçilik nə İrana, nə də Azərbaycana sərf etmir. Biz də maraqlıyıq ki, o tərəflə münasibətlərimiz həmişə yaxşı olsun, insanlar qohum-əqrəbası ilə görüşə, gedib-gələ bilsinlər. Bu proses və bir sıra layihələr belə bir ümid doğurur ki, bu körpülər yenidən bərpa oluna bilər”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ