İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla Ermənistan sülh sazişinin bir addımlığında - İrəvan reallıqları qəbul edib

Əliyevlə Paşinyanın son açıqlamaları yol xəritəsi sayıla bilər

Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə  keçirilib. Prezident çıxışında son dərəcə ciddi məsələlər barədə açıqlamalar verib. O deyib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul edir və ərazi iddiasından əl çəkir. Ölkə rəhbəri fikrini belə əsaslandırıb: “Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir. Görüşlər haqqında məlumat verilmişdir, bu məsələ ilə əlaqədar çox da danışmaq istəmirəm.

Ancaq əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommunikedə ”Dağlıq Qarabağ" adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və “münaqişə” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. Bildiyiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir.

Yəni əgər bu 5 prinsipi qəbul edirsə, - bu, aprel görüşündə təsdiqləndi, - bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir. Razılaşdırıldı ki, həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupları yaradılsın. Bildiyiniz kimi, bugünlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna köməklik göstərmək istəyənlər kömək göstərməlidirlər. Mən bunu belə görürəm, bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki, sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Bu prosesə biz çox böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz bunun tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə başlayaq".

Murad Sadəddinov: “Türkiyə artıq istənilən vaxt Azərbaycanın hərbi  müdafiəsinə qoşulmaq səlahiyyəti əldə edib”

Murad Sadəddinov 

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, bu açıqlama çox ciddi və müsbət prosesin getdiyindən xəbər verir. Bunun ardınca aprelin 13-də Ermənistan baş naziri Nikol Paşinyan da açıqlama verib. Azərbaycan tərəfindən 5 prinsip beynəlxalq qanunvericiliyə əsaslanır. Həmçinin bu beş bənddəki məsələlər 10 noyabr üçtərəfli bəyanatındakı şərtlərə də əsaslanır: “Müharibədən il yarıma yaxın vaxt keçir. Ermənistan tərəfi müxtəlif manevrlərlə bu şərtlərin yerinə yetirilməsindən yayınıb. Amma artıq Brüssel platformasında Ermənistan tərəfi bu şərtləri-təklifləri qəbul elədi. Bununla Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü beş bəndi qəbul etmiş oldu. Azərbaycan müharibə bitəndən sonra sülh sazişinin imzalanması mövqeyində indiyə qədər dəyişiklik etməyib. Bu mövqe beynəlxalq qanunvericiliyə əsaslandığı üçün beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı tərəfindən qəbul edilir. Ermənistan tərəfi əslində çoxdan başa düşürdü ki, bu şərtləri gec-tez qəbul edəcək. Amma nəzərə almaq lazımdır ki, Ermənistan rəhbərliyinə də müəyyən təzyiqlər olurdu. O cümlədən daxildən və xaricdən də, çox zaman ehtimal edirəm ki, danışıqlarda da bunu bildirirdi. Rəsmi İrəvanın, sadəcə, reallığı etiraf etməyə gücü çatmırdı. İndi məsələ o mərhələyə çatıb ki, Ermənistan tərəfi bunu etiraf etməyə başlayıb və artıq sülh sazişini imzalamaq istədiklərini bəyan edirlər. Sülh sazişinin imzalanması isə o deməkdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Azərbaycan Prezidentinin 12 aprel çıxışından sonra aprelin 13-də Ermənistan baş naziri tərəfindən açıqlama verilib ki, beynəlxalq təşkilatlar da Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünün tanınmasını Ermənistan qarşısında qoyublar. Ona görə də Ermənistan buna getməlidir.

Paşinyan qeyd edib ki, Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamaq Ermənistan rəhbərliyinin planlarının bir hissəsidir: “Bütün riskləri müzakirə etdikdən sonra belə qənaətə gəldik ki, yerində dayanmaq, irəliləmək cəhdlərinin olmaması riskləri azaltmır, əksinə artırır, delimitasiya məsələsində Brüsseldə də razılığa gəlməyimizin səbəbi budur. Bu gün beynəlxalq ictimaiyyət bizə açıq şəkildə bildirir ki, dünyada Türkiyənin müttəfiqi Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmaq təkcə ”artsax" üçün deyil, həm də Ermənistan üçün böyük təhlükədir. Bu gün beynəlxalq ictimaiyyət bizə bir daha deyir: Dağlıq Qarabağ məsələsində iddianızı bir az aşağı salın və siz Ermənistan və “artsax” ətrafında daha böyük beynəlxalq konsolidasiyaya malik olacaqsınız, əks halda, biz sizdən xahiş edirik ki, ümidlərinizi bizə bağlamayın".

Paşinyanın bu açıqlaması Azərbaycanın çox ciddi nəticə əldə etməsindən xəbər verir. Azərbaycanın qurduğu yeni reallıq Ermənistan və Ermənistanı dəstəkləyən qüvvələri məcburiyyət qarşısında qoyub ki, şərtləri qəbul eləsinlər. Artıq Cənubi Qafqazda real sülh yaranması istiqamətində real addımların konturlarını görürük".

Ermənistanın sona qədər bu mövqeyinin üzərində qalmasının mümkün olub-olmayacağına gəldikdə, ekspertin fikrincə, bu, daha çox Ermənistanın asılı olduğu xarici güclərin bu məsələdə istəyinin necə olmasından xeyli dərəcədə asılı məsələdir: “Prosesə mənfi təsir göstərməyə çalışacaq beynəlxalq oyunçuların addımlar atması istisna deyil. Bu da prosesin inkişafına müəyyən təsir göstərəcək. Artıq bilirsiniz ki, Ermənistandakı revanşist qüvvələr fəallaşıblar. Onların fəallaşması üçün düymə xaricdən basılıb. Baxaq görək, Nikol Paşinyan bu təzyiqlərin qarşısında duruş gətirə biləcəkmi”.

Baydenin qərarsızlığı və çəkingənliyindən istifadə edən Kreml istədiyi kimi  davranır” - Politoloq Elşən Mustafayev

 Elşən Mustafayev

Politoloq Elşən Mustafayev bildirdi ki, Azərbaycanın Ermənistanla əlaqələri normallaşdırmaq üçün irəli sürdüyü  5 prinsipdən ibarət təklif əslində 10 noyabr bəyannaməsindən irəli gələn təkliflərdir Hansı ki, indiyədək Ermənistan həmin sənəddən doğan prinsipləri ən azından qəbul etməsi görüntüsünü  yaradırdı. Amma iş konkret əmələ gələndə müxtəlif bəhanələrlə danışıqların nəticə ilə sonlanmasına mane olurdu: “Buna misal olaraq sərhədlərin demarkasiya və delimitasiyasına razılaşıb, amma bölgünü öz istədiyi kimi aparmağa cəhdlər etməsini, 10 noyabr razılaşmasına görə kommunikasiya xətlərinin, əsasən də Naxçıvana quru və dəmir yolunun açılmasına müxtəlif bəhanələrlə əngəl olmasını göstərmək olar. Brüssel görüşündə söylənən fikirlərin münasibətlərdə yeni mərhələnin başlanmasına təkan verəcəyi isə  ortada həllə doğru gedən real nəticələrin olmasından sonra bilinəcək.  Dediyim kimi, indiyədək Ermənistanın verdiyi bəyanatların əksinə olan fəaliyyətinin şahidi çox olmuşuq. Bu taktikasını davam etdirib-etdirməyəcəyi, prinsiplərlə razılaşıb, amma həyata keçməsi prosesində müxtəlif bəhanələrlə buna mane olacağı  hələ ki məlum deyil. Amma verdiyi bəyanatlarda, açıqlamalarda Ermənistan rəhbərliyi hələ də sülhə aparan yol  tutmur. Qarabağda baş verən son təxribatlar  və bu təxribatlara həmçinin İrəvandan dəstək verilməsi ikitərəfli danışıqları dalana dirəyəcək addımlardır.  Yaxud Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyirsənsə,  Qarabağın statusu ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpa olunması təklifini israrla demək nə anlama gəlir? Ona görə də Azərbaycanın  irəli sürdüyü təkliflərin işçi müzakirəsi zamanı Ermənistanın hansı mövqe tutacağı çox şeydən xəbər verəcək. Ona qədər isə Ermənistanı bu danışıqlarda adekvat olmağa məcbur edəcək bütün imkanlardan istifadə edilməlidir. Bu məsələdə Rusiya faktorunu unutmamalıyıq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR