Onlayn ictimai-siyasi qəzet
Karnegi Fondu: “Sülh müqaviləsinin imzalanması şansı praktiki olaraq sıfıra bərabərdir”
Rəsmi İrəvanın sülh cildində görünməsinə baxmayaraq, əslində Azərbaycanla dayanıqlı sülhə, normal əməkdaşlığa maraqlı olmadığını artıq okeanın o tayındakılar da anlamağa başlayıblar. Ermənistanın uzunmüddətli sülhdə maraqlı olmadığını bu ölkənin qonşulara qarşı ərazi iddialarını özündə əks etdirən konstitusiyası və gerbinin hələ də dəyişdirilmədən saxlanılması da sübut edir. Artıq bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan da təsdiq edib ki, Azərbaycan Ermənistanın Müstəqillik Bəyannaməsində problemlər görür.
Bununla belə, erməni diplomat Azərbaycanın hüquqi sənədlərinə də irad tutmağa cəhd göstərib. Nazir bundan əvvəl mətbuat konfransında iki ölkənin qanunvericiliyinin hər iki tərəfdə suallar doğurduğu fikrini səsləndirmişdi. “Ermənistan xəbərləri”nin Azərbaycanın Azərbaycan SSR-in deyil, bütün bundan irəli gələn nəticələri ilə ADR-in hüquqi varisi olması və bunun Bakının növbəti hüquqi manipulyasiyaları üçün əsas ola biləcəyi barədə sualına nazir deyib ki, bu mövzuda hər iki tərəfin bir-birindən fərqli şərhləri olsa da, bu məzmunda aktiv müzakirələr yoxdur. Bugünlərdə N.Paşinyanın ölkə konstitusiyasının yenidən qəbul olunması zərurəti ilə bağlı dedikləri də Ermənistanda ajiotaja səbəb olmuşdu. Radikallar hesab edir ki, bu addım Ermənistanın məğlubiyyətinin növbəti mərhələsi olacaq. “Ümumi sülh prosesi ilə bağlı hər iki tərəf hüquqi problemləri görüb və bu barədə məlumat verib, hər iki tərəf müvafiq olaraq açıqlama verib. Şübhəsiz ki, bu cür müzakirələr hələ də davam edəcək”, - deyə Ararat Mirzoyan qeyd edib və bir daha vurğulayıb ki, Ermənistan Respublikasının Konstitusiyasına dəyişiklik və ya yeni konstitusiyanın hazırlanması uzun illər əvvəl başlayıb.
Erməni tərəf də etiraf edir ki, Ermənistan qanunvericiliyindəki iddialar Azərbaycanın əlində ciddi arqumentə çevrilib və guya “Ermənistana qarşı ərazi iddiaları üçün geniş imkanlar verir”. Eyni zamanda Ermənistan SSR-in vaxtilə “Dağlıq Qarabağ”ı özünə “birləşdirməklə” bağlı qərar qəbul etməsi, Ermənistanın Müstəqillik Bəyannaməsində qondarma “erməni soyqırımı”nın tanınması, habelə Ermənistanın dövlət gerbində Araratın (Ağrı dağı-red.) qeyd olunması Azərbaycan və Türkiyə tərəfindən qəbulolunmazdır. Ermənistan hakimiyyəti də bu məsələlərlə bağlı çıxılmazdadır və anlayır ki, konstitusiya islahatları həyata keçirilmədən Bakı və Ankaranın “ürəyi”nə yol tapa bilməyəcək. Ancaq ölkədəki revanşistlərin səddini aşa bilməyən Paşinyan hələ ki manevrlərlə status-kvonu saxlamağa cəhd edir.
Budur, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilir ki, “Ermənistanın baş naziri Nikol Paşinyan özünü sülhpərvər kimi göstərsə də, əslində az gücə malikdir”. Hesabatda özəlliklə vurğulanır ki, Paşinyan özünü sülh naminə fədakar kimi təqdim etməyə çalışır, amma bu iqtidarda deyil.
Karnegi Fondunun eksperti Kirill Krivoşeyev isə yazır ki, Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə əldə olunmasına ümid praktiki olaraq itib. O xatırladır ki, Azərbaycan Qarabağ üzərində tam nəzarəti bərpa etdikdən sonra çoxları inanırdı ki, artıq sülhə heç bir real maneə yoxdur. Lakin sonda bu proqnozlar özünü doğrultmadı. Krivoşeyev qeyd edir ki, 2023-cü ilin dekabrında Azərbaycan və Ermənistan arasında əldə olunan birbaşa razılaşma ciddi irəliləyişlərə səbəb olmayıb. Və bununla bağlı xatırladır ki, xarici işlər nazirlərinin yanvarda planlaşdırılan görüşü də baş tutmayıb. Ekspertin sözlərinə görə, Azərbaycan münaqişənin “suverenləşdirilməsinə” nail olmaq niyyətindədir. Yəni Qərblə münasibətlərin pisləşməsi fonunda Bakı üçüncü ölkələrin vasitəçiliyindən imtina etmək istəyir. Ekspert hesab edir ki, Azərbaycan Qarabağ üzərində tam nəzarəti bərpa etdikdən sonra əsas mübahisəli məsələlər anklavlar, nəqliyyat əlaqələri və sərhədlərin delimitasiyası ilə bağlıdır. “Həm Bakı, həm də İrəvan, ilk növbədə, razılaşırlar ki, onların ümumi sərhədlərinin delimitasiyası sülh müqaviləsi bağlandıqdan sonra aparılmalıdır ki, bu, təbii ki, ratifikasiya prosesindən sonra razılaşmaya gedən yolu asanlaşdırır". O, bununla bağlı xatırladır ki, Azərbaycan və Gürcüstan arasında analoji proses hələ başa çatmayıb, baxmayaraq ki, iki ölkə arasında tam diplomatik münasibətlər mövcuddur. "Ermənilər 1970-ci illərin hərbi xəritələrini sərhəd sazişi üçün əsas kimi istifadə etmək istərdilər", - ekspert daha sonra qeyd edir. Halbuki Bakı istəyir ki, ekspertlər situasiyanın yerində xəritə çəksinlər və bundan daimi nizamlanma üçün əsas kimi istifadə etsinlər. Bakının yanaşması Azərbaycanın bir çox strateji mövqelərini qoruyub saxlaması deməkdir. Bundan əlavə, Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ordusu 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında gedən döyüşlər zamanı tutduğu mövqelərdən geri çəkilməyəcək. Buna baxmayaraq, sərhədə köhnə xəritələrə istinad etmədən baxmaq təklifi tam konstruktiv yanaşma deyil. Əgər hər iki tərəf əraziləri mübadilə etməyə və müəyyən güzəştlərə getməyə razılaşsalar, vəziyyəti yaxşılaşdırmaq olardı. Amma təcrübə göstərir ki, bu, çətin ki, reallaşsın. Əvəzində daha güclü Azərbaycan Ermənistanı küncə sıxışdırmağa çalışacaq. Müvafiq olaraq, İrəvan və Bakı sərhədin delimitasiyasını sonrakı tarixə təxirə salmağa hazır olmasalar, sülh müqaviləsinin imzalanması şansı praktiki olaraq sıfıra bərabərdir. “Ancaq beynəlxalq münasibətlərdə belə "soyuq sülh"ün başqa nümunələri də var", - Kirill Krivoşeyev yekunda yazır: “Bunlar İsrail və Misirdir. Ya da İsrail və İordaniya. Əgər Ermənistan və Azərbaycan belə bir formata gəlsələr, bu o demək olacaq ki, onlar arasında ümumi sərhəd on beş-iyirmi ildən sonra açıla bilər. Bu prosesi məcbur etməyə çalışmaq təhlükəlidir, çünki qeyri-sabitliyə səbəb ola bilər”.
Sahib Alıyev
Sözügedən iddialar və ümumən mövcud situasiya ilə bağlı rəyini soruşduğumuz deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, mövcud situasiyanın hansısa variantlarla eyniləşdirməsi ilə razı deyil: “Birincisi, mən Azərbaycanla Ermənistan arasında hazırda yaranmış durumu İsrail-Misir və ya İsrail-İordaniya arasında baş vermiş hadisələrlə tutuşdurulmasını düzgün saymıram və burada hər hansı izahata da yəqin ki, ehtiyac yoxdur. İkincisi, iki ölkə arasında sərhədlərin dəqiqləşdirilməsi məsələsində aydın olan iki reallıq var: birincisi, Azərbaycan Ordusu indiki mövqelərindən 1 addım belə geri çəkilməyəcək. İkincisi, Ermənistanın işğalı altında olan 8 kəndimiz ya geri qaytarılacaq, ya da qaytartdırılacaq!”
S.Alıyev vacib xatırlatma da etdi: “Yanvarın 10-da yerli telekanallara verdiyi müsahibədə cənab Prezidentin həmin kəndlərin işğal altında qalmasının dözülməz olması haqda açıqlaması məhz o deməkdir. Eyni zamanda şərti sərhədlərdəki mövqelərimizdə geri çəkilməyəcəyimiz haqda bəyanat da məhz həmin intervüdə səslənib. Eyni zamanda onu da demək olar ki, Paşinyan Almatı Bəyannaməsinin adını durmadan hallandırsa da, digər MDB ölkələri kimi, həmin sənədə dayanaraq biz sərhədlərimizi müəyyənləşdirə bilməyəcəyik. Çünki Ermənistan Ali Soveti həmin bəyannaməni bir neçə şərt irəli sürməklə təsdiqləyib ki, həmin şərtlərin arasında keçmiş ”Dağlıq Qarabağın müstəqilliyi" məsələsi də var. Məhz ona görə də delimitasiya sözügedən sənədə, yaxud da hansısa xəritə əsasında aparıla bilməz. Burada indiki reallığı nəzərə almadan irəliləyiş mümkün görünmür". Deputat əlavə etdi ki, Zəngəzur dəhlizi işə düşməyənədək Azərbaycanla Ermənistan arasında hər hansı işbirliyinin də baş verməsi mümkünsüzdür.
E.Paşasoy,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ