Onlayn ictimai-siyasi qəzet
İqtisadçının fikrincə, Rəqabət Məcəlləsi işləməlidir ki, mövcud vəziyyəti dəyişmək mümkün olsun
Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda inflyasiyanın 2,3% təşkil edəcəyini proqnozlaşdırır. “Yeni Müsavat” xəbər verir ki, bu barədə bankdan bildirilib. Məlumata görə, 2027-ci ildə bu göstərici 2,2%-ə, 2028-2029-cu illərdə isə 2%-ə qədər azalacaq.
Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi hədəf inflyasiya diapazonu 4±2 % təşkil edir. İqtisadiyyat Nazirliyi 2025-ci ildə ölkədə illik inflyasiyanın 4,6 %, 2026-cı ildə isə 4 % olacağını gözləyir. AMB 2025-ci ilin yanvar ayı proqnozuna əsasən inflyasiyanın 2025-ci ildə 5,5 %, 2026-cı ildə 3,8 % olacağını proqnozlaşdırır. BMT öz növbəsində Azərbaycanda inflyasiyanın bu il 3,6 %, 2026-cı ildə isə 3,1 % olacağını proqnozlaşdırır. Beynəlxalq reytinq agentlikləri “S&P Global” və “Moody’s” Azərbaycanda bu il orta illik inflyasiyanı 4 %, gələn il isə 3 % səviyyəsində proqnozlaşdırır. “Fitch Solutions”ın proqnozuna görə, 2025-ci ildə inflyasiya 4 % olacaq, 2026-cı ildə 4,4 %-ə qədər sürətlənəcək.
Niderlandın “ING Group”u Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 5,2 %, 2026-cı ildə isə 4,9 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankı da Azərbaycanda inflyasiya səviyyəsinin 2025-ci ildə artaraq 4%-ə yaxınlaşacağını bildirib. Azərbaycanda ötən il orta illik inflyasiya 2,2 %, bu ilin yanvar ayında isə 5,4 % təşkil edib.
Bəs bu proqnozlar özünü nə dərəcədə doğruldacaq? Nəzərə alaq ki, marketlərdə, bazarlarda həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının qiymətində artımlar müşahidə edilir. Qiyməti artan məhsulların sonradan enməsi isə nadir hallarda baş verir. Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiyməti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,3% artıb. Bu dövrdə ərzaq məhsullarının qiyməti 14,8%, qeyri-ərzaq məhsullarının qiyməti isə 9,7% yüksəlib. Ərzaq məhsulları arasında xüsusilə ət və ət məhsulları, süd və süd məhsulları, meyvə-tərəvəz kimi əsas qida məhsullarının qiymətində əhəmiyyətli artım qeydə alınıb. Qeyri-ərzaq məhsulları arasında isə geyim, məişət texnikası və tikinti materiallarının qiymətində yüksəlmə müşahidə edilib.
Qiymət artımının əsas səbəbləri arasında xarici valyuta məzənnələrindəki dəyişikliklər, idxal olunan məhsulların qiymətlərinin artması və logistika xərclərinin yüksəlməsi göstərilir. Bundan əlavə, qlobal bazarlarda enerjidaşıyıcılarının qiymətinin artması da istehsal və nəqliyyat xərclərinə təsir edərək, ümumi qiymət səviyyəsinin yüksəlməsinə səbəb olub.
Hökumət qiymət artımının təsirlərini azaltmaq üçün bir sıra tədbirlər görməyi planlaşdırdığını bildirib. Bunlar arasında daxili istehsalın artırılması, idxaldan asılılığın azaldılması və strateji ərzaq ehtiyatlarının yaradılması kimi addımlar yer alır.
Ekspertlər qiymət artımını bir neçə prizmadan dəyərləndirir. Belə ki, xarici valyutaların, xüsusən də dolların qiymətinin artması, idxal edilən məhsulların qiymətlərinin yüksəlməsinə səbəb olur. Çünki Azərbaycan bir çox ərzaq və qeyri-ərzaq məhsulunu xaricdən idxal edir və valyuta məzənnəsi bu məhsulların qiymətinə təsir edir. Enerji qiymətlərinin artması, xüsusən də neft və qazın qiymətləri, nəqliyyat və istehsal xərclərinə təsir edir. Bu da bazarlarda qiymət artımına səbəb olur. Mövsümi dəyişikliklər və tələbin artması da qiymətləri təsir edən amil sayılır. Məsələn, kənd təsərrüfatı məhsullarında mövsümi dəyişikliklər qiymətlərin artmasına səbəb olur. Mart ayı isə həm Novruz, Ramazan bayramı olacaq, odur ki, süni qiymət artımları da qaçılmazdır.
Son dövrdə qiyməti artan məhsullar sırasında isə ət və ət məhsulları öndə durur. Çox vaxt qırmızı ət, toyuq və balıq məhsullarının qiymətləri daha yüksək olur. Bu məhsullar həm daxili istehsalın, həm də xaricdən idxalın təsiri ilə bahalaşır. Süd, pendir, yağ və digər süd məhsullarının qiymətləri də artmaqdadır.
Mövsümi dəyişikliklərə görə, bəzi meyvə və tərəvəzlərin qiymətləri yüksəlir, xüsusən qış aylarında yerli məhsulların sayı azaldıqca idxal məhsulları daha bahalı olur. Çörək, un və digər dənli məhsullarının qiyməti də ötən illərə nisbətdə artıb.
Qeyri-ərzaq məhsullarının da qiyməti günü-gündən artmaqdadır. Xaricdən idxal edilən geyim və ayaqqabılar, xüsusən də qlobal ticarət şərtləri və xarici valyutanın məzənnəsinin dəyişməsi ilə bahalaşır. Cimento, keramik plitələr, metal və digər tikinti materiallarının qiyməti artmaqdadır. Bu, həm daxili istehsalın, həm də idxalın qiymət artımından qaynaqlanır. Məişət texnikası və elektronikanın bahalaşması isə xarici valyutanın qiymətinin artması, həmçinin qlobal tədarük zəncirlərindəki pozuntular, bu sahədə də qiymət artımına səbəb olur. Ekspertlərə görə, neft və qaz qiymətlərinin yüksəlməsi nəticəsində nəqliyyat xərcləri də artır və bu, bazarda digər məhsulların qiymətlərinə təsir edir. Bu məhsulların qiymət artımı, əsasən xarici valyutalarla olan əlaqə, qlobal bazar şərtləri, daxili istehsalın və tədarük zəncirlərinin vəziyyəti ilə sıx bağlıdır.
Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, bu gün dünyanın düzəni elə sürətlə dəyişir ki, hər hansı bir makroiqtisadi göstərici üzrə proqnozların necə dəyişəcəyinə heç kim təminat verə bilməz: “ABŞ Prezidenti Trampın dünyada başlatdığı qalmaqallı siyasi proseslər və rüsum müharibələrinin nə ilə sonuclanacağını demək çətindir. Neftin qiyməti ətrafında da vəziyyət olduqca kövrəkdir. Bu qiymətlər indi daha çox siyasi hadisələr fonunda dəyişə bilir. Ona görə də Dünya Bankının və ya hər hansı digər bir beynəlxalq maliyyə institutunun bu il və növbəti illər üçün verdiyi proqnozlara güvənmək düzgün olmazdı. Azərbaycan da bu sırada istisna deyil. Çünki biz də dünyanın iqtisadi müstəvisinin bir parçasıyıq. Lakin bizdə bəzi bizə məxsus elə hallar var ki, onlar beynəlxalq iqtisadi və maliyyə müstəvisində baş verən prosseslərlə bağlı deyil. Bu, xüsusilə daxili bazarda və idxalda olan monopoliya ilə bağlı məsələdir. Bəli, son aylar mənim də şəxsən apardığım müşahidələr onu göstərir ki, marketlərdə və bazarlarda qiymətlər az-az da olsa artır. Bəzən biz qəpiklərlə ölçülən artımlara əhəmiyyət verməsək də bir müddət sonra qəpiklə artımlar manatla artıma çevrilir. Buna aid saysız-hesabsız nümunələr gətirmək mümkündür. Manatın məzənnəsi sabitdir və dünya bazarlarında ərzaq məhsulları ucuzlaşırsa, nədən bizdə ərzaq məhsullarının qiyməti durmadan artır? Bu sualın cavabını Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi verməlidir. Rəqabət Məcəlləsi işləmədikcə mövcud vəziyyət dəyişməyəcək”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ