İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın yenilənmiş qaz strategiyası: həm pul lazımdır, həm də...

Son bir il yarım ərzində 10-dan çox ölkə Bakıya müraciət edərək qaz nəqlinin artırılmasını və ya başlanmasını xahiş edib

Azərbaycan artan tələbatı nəzərə alaraq, Avropaya qaz nəqlinin coğrafiyasını genişləndirmək niyyətindədir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü 28-ci “Xəzər neft və qazı” beynəlxalq sərgisinin və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - Caspian Power sərgisinin açılış mərasimindəki çıxışında bildirib. Onun sözlərinə görə, təchizat coğrafiyası genişlənəcək, çünki Azərbaycan qazına tələbat artır. Son bir il yarım ərzində 10-dan çox ölkə Bakıya müraciət edərək qaz nəqlinin artırılmasını və ya başlanmasını xahiş edib: “Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəmdir. Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng "Şahdəniz" yatağımızdır, digər yataq “Abşeron”dur. Ümid edirəm ki, olduqca qısa bir zamanda “Abşeron”dan çox yaxşı xəbərlər alacağıq. Oradan çox qısa bir zamanda ilk qaz alacağımıza dair xəbər gözləyirik.

Biz strateji tərəfdaşımız olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçiririk. Bütün işlər plana uyğun getsə, gələn ilin sonuna qədər biz böyük dərinlikdən ilk qaz alacağıq. Digər layihələrimiz var ki, biz bazara əlavə qaz həcmi çıxara biləcəyik. Eyni zamanda enerji səmərəliliyi və bərpaolunan enerji məsələsi, - bizim Avropa İttifaqı ilə bu barədə də dialoqumuz olub. Bunun nəticəsində biz elektrik enerjisinin istehsalı üçün qaza qənaət edəcəyik və həmin qazı artıq beynəlxalq bazarlara çıxaracağıq.

Hər şey plana uyğun getsə və bütün interkonnektorlar vaxtında inşa edilsə, - yəni bu ilin sonuna qədər, - bizim qazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcəkdir.

Əlbəttə, biz bütün dostlarımızın ehtiyaclarını ödəməyə çalışırıq. Sərmayələri də əlaqələndirməliyik ki, bazar imkanları nəzərə alınsın. Onu da vurğulayım ki, bu işdə beynəlxalq maliyyə institutlarının dəstəyinə ehtiyacımız var. Bilirik ki, bu gün “yaşıl enerjiyə” gəldikdə, bəzi beynəlxalq maliyyə institutları neft-qaz sahəsini maliyyələşdirməyi dayandırıb. Amma mən hesab edirəm ki, biz bir balaca realist olmalıyıq. Çünki qaz və neft təchizatı olmadan enerji təhlükəsizliyi tam olaraq təmin edilə bilməz".

Prezident İlham Əliyev: Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını  beynəlxalq investorlara təqdim etməyə kömək edir VİDEO - AZƏRTAC

O əlavə edib ki, Avropaya qaz nəqlini artırmaq üçün çox işlər görülməlidir. TANAP (32 milyard kubmetrə qədər) və TAP (20 milyard kubmetrə qədər) qaz kəmərlərini genişləndirmək lazımdır: “Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Çünki biz burada böyük sərmayə qoymalıyıq. Ona görə biz əmin olmalıyıq ki, hasil etdiyimiz əlavə qazın, planlaşdırmadığımız həcmlərin, - biz ancaq artan tələbatı nəzərə alaraq bunu hasil edirik, - real alıcısı olacaqdır”.

Ortamüddətli perspektivdə Azərbaycan alternativ mənbələrdən istehsal olunan “yaşıl” enerjinin təchizatçısına  çevrilməyi planlaşdırır. Həmçinin ortamüddətli perspektivdə Azərbaycan alternativ mənbələrin köməyilə istehsal olunan elektrik enerjisinin və “yaşıl” enerjinin  ixracatçısına çevrilməyi planlaşdırır.

Azərbaycan alternativ enerji mənbələrinin mühüm potensialına, əsasən də Xəzərdə öz sektorunda 157 GVT külək enerjisi üçün əhəmiyyətli potensiala malikdir. Avropaya enerji körpüsünün (Qara dənizin dibilə elektrik kabeli) çəkilməsi layihəsinə toxunan Əliyev deyib ki, elektrik enerjisi nəqlinin həcmi ən azı 4 GVT olacaq.

Prezident qeyd edib ki, Azərbaycanın imzaladığı sazişlər və memorandumlar 25 GVT “yaşıl enerji” istehsalını nəzərdə tutur. Alternativ energetikanın inkişafı Azərbaycana qazdan istifadəni azaltmağa imkan verəcək və ölkə qalan həcmləri ixrac edə biləcək.

Energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, bu il Azərbaycanın 24 milyard kubmetrdən çox qaz ixrac edəcəyi gözlənilir ki, bunun da təxminən yarısı Avropaya tədarük ediləcək. Nazir bildirib ki, hazırda Azərbaycan qazı 6 ölkəyə nəql olunur. Cənub Qaz Dəhlizinin genişləndirilməsi və “Həmrəylik halqası” layihəsinin işə düşməsi ilə Azərbaycan qazı ilə təmin olunan ölkələrin sayı 10-dan çox ola bilər: “Biz layihələri təkcə kommersiya baxımından deyil, həm də strateji baxımdan planlaşdırırıq. Xəzər dənizinin bütün növ enerji ehtiyatlarının mənimsənilməsi və dünya bazarlarına çıxarılması həmişə paralel və ardıcıl şəkildə aparılıb və aparılmalıdır”.

O əlavə edib ki, hazırda Azərbaycan əlavə qaz həcmləri üçün bir neçə mənbə üzərində işləyir: “Əsas mənbə zəngin qaz ehtiyatlarımızdır. Bizim çıxarıla bilən qaz ehtiyatlarımız 933 milyard kubmetr, sübut edilmiş ehtiyatlarımız 1,7 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatlarımız isə təxminən 4 trilyon kubmetrdir. Abşeron, Qarabağ, Ümid, Babək və Azəri-Çıraq-Günəşli Dərin Qaz layihələrində qısa və ortamüddətli perspektivdə əlavə qaz həcmlərinin hasil ediləcəyi və tərəfdaşlarımıza ixrac ediləcəyi gözlənilir”.

Nazir bildirib ki, Azərbaycanın 2026-cı ilin axırına kimi alternativ enerji sahəsində (külək və günəş enerjisi) reallaşdırılacaq layihələr çərçivəsində əlavə 1 milyard kubmetr həcmində qaza ixrac üçün qənaət edilə bilər. Onun sözlərinə görə, Azərbaycanda 2026-cı ilin axırına kimi 1,8 QVt gücündə alternativ enerji sahəsində layihələr həyata keçiriləcək.   2030-cu ildə qeyd olunan göstərici 5 QVt-ta çatacaq və bu da böyük “yaşıl enerji” potensialı deməkdir.

Pərviz Şahbazovun sözlərinə görə, Azərbaycanın bu sahədə göstərdiyi səylər Xəzər regionunun “yaşıl enerji” mərkəzinə çevrilməsi üçün zəmin yaradacaq: “İlkin mərhələdə bu gücün 4 QVt-ın Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya, 1 GVt-ın isə Naxçıvan vasitəsilə Türkiyə və Avropaya ixracı nəzərdə tutulur. Enerji Həftəsi çərçivəsində biz əlavə 3 MVt bərpa olunan enerji mənbələrinin inkişafını nəzərdə tutan memorandumlar imzalayacağıq”.


Neft və qaz layihələri » AZƏRBAYCAN » Azərbaycan Prezidentinin Rəsmi  internet səhifəsi

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun verdiyi məlumata görə, “Şahdəniz” yatağından hasilat böyük səmərəliliklə həyata keçirilir: “Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, BP-nin operatoru olduğu daha bir layihə - Şahdəniz layihəsi, möhtəşəm istismar göstəriciləri, demək olar ki, 100 faizə çatan fenomenal əməliyyat səmərəliliyi nümayiş etdirməkdədir”.

Onun sözlərinə görə, hazırda “Şahdəniz” yatağından gündəlik 73 milyon kubmetr qaz hasil edilir və hasilatın tədricən artırılması hələ davam edir.

Qəri Counz vurğulayıb ki, bu il “Şahdəniz” yatağından hasilatın ən yüksək sabit səviyyəyə çatması planlaşdırılır. Bu mərhələdə yataq ildə təxminən 26 milyard kubmetr qaz hasil edəcək və bununla regional və Avropa bazarları üçün enerji təchizatının təhlükəsizliyinə və diversifikasiyasına əlavə töhfə verəcək: “Eyni zamanda biz yeni qaz mənbələri axtarırıq. Bu ilin əvvəllərində “Şahdəniz”də istismarda olan məhsuldar layların altında daha çox qaz tapmaq üçün yeni kəşfiyyat quyusunun qazılmasına başlamışıq".

BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Azərbaycanda yeni əhəmiyyətli qaz ehtiyatlarının aşkar olunmasını gözlədiklərini açıqlayıb. Onun sözlərinə görə, hazırda Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun hasilatda olan laylarının altında yerləşən dərin qatlardakı qaz ehtiyatlarının qiymətləndirilməsi aparılır. Qordon Birrel onu da əlavə edib ki, “Şahdəniz” qaz-kondensat yatağından daha çox qaz əldə etmək imkanları da araşdırılır və hazırda burada yeni kəşfiyyat quyusu qazılır.

Qordon Birrel yuxarıda qeyd olunan işlərin nəticəsində böyük qaz ehtiyatlarının aşkar olunacağını və nəticədə Avropaya nəql edilən qaz həcmlərinin artacağının gözlənildiyini qeyd edib.

“Total Enegy Avropa”nın birinci vitse-prezidenti Jan Lyuk Qizyu isə bildirib ki, yaxın həftələrdə Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağından ilk qaz çıxarılacaq.

Xatırladaq ki, yataqdan ilkin mərhələdə illik təxminən 1,5 milyard kubmetr, gələcəkdə isə 5 milyard kubmetr qaz hasilatı nəzərdə tutulur.

Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın qaz ixracından əldə etdiyi gəlirlər sürətlə artır. Bu ilin birinci rübünün nəticələri göstərir ki, büdcənin neft gəlirlərinin tərkibində “Şahdəniz” üzrə gəlirlərin payı neft gəlirlərini üstələyib. Belə ki, rüb ərzində dövlət büdcəsinin neft sektoru üzrə ümumi daxilolmaları 3 milyard 860 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 545,5 milyon manat və ya 16,5 faiz çoxdur. Bu zaman Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft gəlirlərinin 67,7 faizi  və 1 milyard 545,7 milyon manatını “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 22,5 faizi və ya 513,1 milyon manatını Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,8 faizi və ya cəmi 225,2 milyon manatını ABƏŞ-in(“Azəri-Çıraq-Günəşli” yatağından neft hasil edən konsorsium) mənfəət vergisi təşkil edib.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR