İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Özbəkistanla qarşılıqlı investisiya proqramına start verilir - perspektivlər...

Prezident İlham Əliyevin Daşkənd səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-23-də geniş tərkibdə nümayəndə heyətilə Özbəkistanda səfərdə olub. Avqustun 23-də Daşkənddə Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.

Sənədlər arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı” (“Yol xəritəsi”) və “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ”Uzbekneftegaz" SC arasında Əsas Şərtlər Sazişi" mühüm yer tutur.

Bundan əlavə, səfər çərçivəsində Daşkənddə Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin ofisinin açılışı olub. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 2023-cü ilin dekabrında Özbəkistanda “Azerbaijan Uzbek İnvestment” MMC Birgə Müəssisəsi (AUİC) kimi qeydiyyatdan keçib. Qurumun missiyası iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkətlərin kapitalında 49 faizədək paya sahib olmaqla biznesin genişləndirilməsi və gələcək inkişafı üçün maliyyələşməni təmin etməkdir. Ofisi Daşkənd şəhərindəki “Trilliant Tower 1" Biznes Mərkəzində yerləşən investisiya şirkətinin nizamnamə kapitalı 500 milyon dollarıdır.

Birgə müəssisənin strateji məqsədi idxalı əvəz edən və yüksək texnologiyalı məhsul istehsalının təşviqi, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, emal sahələri və innovasiyaların inkişafı, xarici investisiyaların cəlb edilməsidir.

Açılışda iştirak edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bununla bağlı yaydığı açıqlamada bildirib ki, birgə sərmayəyə əsaslanan şirkətin fəaliyyəti qarşılıqlı investisiyalar sahəsində əməkdaşlığı yeni səviyyəyə yüksəldəcək. İlkin olaraq 15-dək layihənin maliyyələşdirilməsi ilə bağlı təhlil aparan şirkətin gələcəkdə ikitərəfli strateji investisiyaların genişləndirilməsi, özəl sektorun dəstəklənməsi və sahibkarlığın stimullaşdırılması istiqamətində fəaliyyəti artacaq. Uğurlu investisiyalar yeni səmərəli layihələr və iş yerləri yaradacaq, ölkələrimizin davamlı iqtisadi artımına töhfə verəcək.

Nazir bildirib ki, Özbəkistan-Azərbaycan biznes forumunda energetika, təhsil, logistika, tikinti sahələri üzrə işbirliyi, Bakı və Daşkənd arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin Quba və Cizak, Beyləqan və Şəhrisəbz şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı imzalanmış sənədlərin mübadiləsi olub. Bu sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, çoxşaxəli tərəfdaşlığın möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycanla Özbəkistan arasında münasibətlər xüsusilə 2020-ci ildə Ordumuzun Vətən Müharibəsində qələbəsindən sonra çox sürətlə dərinləşir. İki ölkənin həm iqtisadi, həm hərbi, həm də siyasi sahədə münasibətləri ən yüksək səviyyəyə qaldırılıb. Son 3 ildən yuxarı müddətdə onlarla müxtəlif səviyyəli qarşılıqlı səfərlər reallaşdırılıb.

Bu ilin mayında Daşkənddə birinci Özbəkistan-Azərbaycan regionlararası forum keçirilib. Forumun yekunlarına əsasən, tərəflər investisiya, regionlararası əməkdaşlığın inkişafı, sahibkarlıq, dağ-mədən sənayesi və şərabçılıq sahələrində 11 sənəd imzalayıblar. Onların arasında 500 milyon dollarlıq birgə investisiya fondunun yaradılması haqqında hökumətlərarası saziş də var. Sazişin imzalanmasından sonra Fondun Direktorlar Şurası formalaşdırılıb.

Son 5 ildə Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 3 dəfə artıb. Ötən il iki ölkə arasında  ticarət dövriyyəsi 178 milyon 771 min ABŞ dolları həcmində olub. O cümlədən ixracın həcmi 47 milyon 115.58  min, idxalının həcmi isə 131 milyon 656.15  min ABŞ dolları təşkil edib. Bu ilin 7 ayında qarşılıqlı ticarət 118 milyon 281,19 min dollara yüksəlib. O cümlədən ixrac 18 milyon 604.47 min dollar, idxal isə 99 milyon 676.72 min dollar təşkil edib.  Azərbaycan Özbəkistandan əsasən pambıq, kətan parçalar, paltarlar, örtüklər, paltaryuyan maşınlar, kondisionerlər, meyvə qurusu, çərəzlər idxal edir. Bu ölkəyə satışımızın mühüm hissəsi neft məhsullarıdır.

2021-ci ildə Azərbaycandan Özbəkistan iqtisadiyyatına birbaşa investisiyaların həcmi 8,6 milyon dollar, 2022-ci ildə 23,9, 2023-cü ildə 23,2 milyon dollar təşkil edib. Bu ilin birinci rübündə investisiyaların həcmi 15,4 milyon dollara çatıb.

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun fəaliyyət istiqamətlərindən biri üçüncü ölkələrə investisiyalar olacaq. Mikayıl Cabbarov forumda bildirib ki, Azərbaycan və Özbəkistanın üçüncü ölkələrdə birgə fəaliyyətini genişləndirmək imkanı var: “Azərbaycan və Özbəkistanın iqtisadiyyatı dinamik inkişaf edir. Azərbaycan sahibkarlarının Özbəkistandakı fəaliyyətə marağında dəfələrlə artım var. Bizi sevindirən eyni şeyi qarşı tərəfdə də görürük”.

Ölkələr arasında birgə investisiya alətinin artıq mövcud olduğunu qeyd edən nazir xatırladıb ki, bir həftə əvvəl Azərbaycan və Özbəkistanın müvafiq nazirlik və şirkətlərinin nümayəndələrinin Əfqanıstana birgə səfəri birgə fəaliyyət üçün potensial və perspektivli istiqamətdir. Nazir əlavə edib ki, bu, iki ölkənin uğurla işləyə biləcəyi və planları həyata keçirə biləcəyi yeganə yurisdiksiya deyil. Cabbarov onu da qeyd edib ki, hər iki istiqamətdə yükdaşımalarda davamlı artım var. Bu kontekstdə nazir keçirilən görüşlərin və tədbirlərin əhəmiyyətini vurğulayıb.

Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov deyib ki, son beş ildə Özbəkistan və Azərbaycan arasında ticarət dövriyyəsi üç dəfə artıb. Özbəkistanlı nazirin sözlərinə görə, 2024-cü ilin əvvəlindən ölkələr arasında qarşılıqlı ticarətin həcmi 20 faiz artıb. Eyni zamanda, Azərbaycan və Özbəkistan bu həcmi1 milyard dollara çatdırmağı planlaşdırır. Kudratovun sözlərinə görə, Özbəkistan və Azərbaycan Bakıda, Şuşada, Daşkənddə və Səmərqənddə ticarət evləri və sərgi salonları açmağı planlaşdırır.

O, həmçinin Azərbaycan şirkətlərini Özbəkistanda əlvan metalların, o cümlədən mis yataqlarının işlənməsi və hasilatında iştirak etməyə dəvət edib. Özbəkistan nazirinin sözlərinə görə, Daşkənd Azərbaycanda faydalı qazıntıların işlənməsinə və emalına, habelə tikinti materiallarının istehsalını təşkil etməyə və bundan sonra Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərində istifadə etməyə hazırdır.

Qeyd edək ki, hazırda Özbəkistanda Azərbaycan kapitallı 236 müəssisə fəaliyyət göstərir ki, onlardan 62-si müştərək, 174-ü isə 100 faiz xarici kapitallı müəssisədir. Açıqlanan rəsmi məlumatlara əsasən Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə 90-dan çox Özbəkistan şirkəti qeydiyyatdan keçib. Azərbaycanın Hacıqabul Sənaye Parkında birgə layihə çərçivəsində avtomobil istehsal edilir. Bu il iyulun 1-nə olan məlumata görə, əməkdaşlıq çərçivəsində 5300-dən çox “Chevrolet” avtomobili istehsal edilib. Bundan başqa, birgə pikap, yük maşını və avtobus istehsalı həyata keçirilir.

Vugar Bayramov - Wikipedia

 Vüqar Bayramov

İqtisadçı-alim Vüqar Bayramovun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verəcək: “Bütövlükdə, son illər Azərbaycan ilə Mərkəzi Asiya dövlətlərinin strateji münasibətlərinin daha da dərinləşməsi müşahidə olunur. Eyni zamanda, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında əlaqələr və eləcə də iqtisadi inteqrasiya meyilləri daha güclənməkdədir.

Pandemiyadan sonra ölkələr arasındakı ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 2023-cü ildə 178.7 milyon dollara çatıb. 2018-ci il ilə müqayisədə isə ticarət dövriyyəsi 4 dəfə artıb. Bu da tərəflər arasındakı strateji münasibətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan hesab olunur. Türk Dövlətləri Təşkilatının üzvləri olaraq tərəflər həm qeyri-enerji, həm enerji sahəsində yeni strateji əməkdaşlıq potensialına malikdirlər.

Digər tərəfdən, Azərbaycan və Özbəkistan müxtəlif sahələr üzrə təcrübə mübadiləsi də həyata keçirmək imkanlarına malikdirlər. Özbəkistan aqrar sektorda strateji məhsulların istehsalı sahəsində xüsusi üstünlüyə malik olan ölkələrdəndir. Bu baxımdan, Azərbaycan Özbəkistan ilə eyni zamanda iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq edir. Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı birgə sərmayə qoyuluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəlxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşıdırıb.

Özbəkistan Füzuli şəhərində müasir standartlara uyğun orta məktəb inşa etdi. Artıq həmin məktəbdə Füzuli şəhər şagirdləri beynəlxalq standartlara uyğun təhsil ala bilirlər. Bu isə tərəflərin həmçinin humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir.

Türk dövlətləri arasındakı strateji münasibətlər inkişaf edir və daha da dərinləşir. Bu Azərbaycan-Özbəkistan münasibətlərində özünü bir daha təsdiq etməkdədir".

Onu da qeyd edək ki, Özbəkistan son illərdə ölkəyə xarici investisiyaların cəlbi sahəsində çox böyük nailiyyətlər əldə edib. Ölkədə biznes mühiti investorlar üçün cəlbedici hala gətirilib ki, bu da Özbəkistanın investisiya cənnəti imicinin formalaşmasına gətirib çıxarıb. Daşkənd ölkəyə investisiya yatıran xarici sahibkarlar, şirkətlər üçün çox əlverişli şərtlər təklif edir. Nəticədə, xüsusilə Körfəz ölkələrindən, Avropa İttifaqından çoxsaylı investorlar Özbəkistana axmağa başlayıb. 2022-ci ildə ölkə iqtisadiyyatına yatırılan xarici birbaşa investisiyaların həcmi 2,5 milyard dollar, 2023-cü ildə isə 7,2 milyard dollar təşkil edib. Bu, çox mühüm nailiyyətdir və Azərbaycanın bu sahədə Özbəkistan təcrübəsindən yararlanması ölkəmiz üçün çox faydalı ola bilər...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR